Məhkəmə qərarları › İş №3(007)-5630/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5630/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5630/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Bakı şəhəri Nizami rayon polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı X1 Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokollardan şikayətini ona əlavə edilən sənədlərlə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami rayon polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı X4 Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokollardan məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nizami RPİ-nin TŞ-nə DİN-nin 102 xidmətindən məlumat daxil olmuşdur ki, xx.xx.2024-cü il tarixdə Q.Qarayev propektində yol nəqliyyat hadisəsi nəticəsində vət. Zərərçəkmiş şəxs xəsarət almışdır. Faktla bağlı araşdırma zamanı Zərərçəkmiş şəxs izahatı alınmış, sonuncu izahatında xx.xx.2024-cü il tarixdə saat təxminən 00:20 radələrində Nizami rayonu Q.Qarayev prospektində 113 saylı sərnişin avtobusu dayanacağına yaxınlaşdığını, artıq gec olduğuna görə avtobus olmadığına görə məcbur qalıb manatlıq taksiyə ön oturacağa əyləşdiyini, həmin an arxa oturacaqda da 3 nələr insanın olduğunu gördüyünü, beləcə hərəkətə başlamışlar ki, onun gedəcəyi ünvan Bülbülə qəsəbəsi imiş ki, o, öncədən əl çantasından 5 manat pulu çıxarıb əlində saxlamış ki, evə çatandə sürücüyə versin və qalığını əl çantasına qoymuş, beləcə avtomobili idarə edən sürücü Ruslan 93 marketinin qarşısında öz yolu ilə hərəkətdə olarkən qarşı tərəfdən körpünün üzərindən düşən naməlum markalı və dövlət qeydiyyat nişanını bilmədiyi 2 avtomobil sola dönmə qadağan olunsa da sola dönmə edərkən onun içərisində olduğu avtomobilin yoluna çıxdıqları anda toqquşma baş vermiş ki, toqquşmadan sonra onun qucaq nahiyyəsində olan sarı rəngli çantası qucağından zərbə nəticəsində düşmüşdür ki, həmin an onu hiss etməmiş, sonradan özünü pis hiss etdiyinə görə başqa bir taksi ilə evinə yola salmışlar ki, o yaşadığı Bülbülə qəsəbəsinə çaldığı anda əlində olan 5 manatı taksi sürücüsünə vermiş və o yol haqqın çıxdıqdan sonra ona 3 manat geri qaytarmış ki, həmin 3 manatı Bülbülə qəsəbəsində yerləşən Oba marketin yanında dayanacaqda düşən zaman əl çantasına 3 manatı qoymaq istədikdə əl çantasının itməsini aşkar etdiyini bildirmiş, lakin həmin taksi artıq sürüb getdiyindən o, geri hadisə yerinə qayıda bilməyib, məcbur qalıb bu barədə DİN-nin 102 xidmətinə şikayət etmişdir. Təhqiqat müddətində X2 izahatı alınmış, sonuncu izahatında xx.xx.2024-cü il tarixdə saat təxminən 01 radələrində idarə etdiyi Kia markalı **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Q.Qarayev metrosunun yaxınlığında sərnişinləri aviomobilə əyləşdirib hərəkətə başlamış ki, gedəcəyi ünvan Bülbülə qəsəbəsi idi ki, Nizami rayonu Q.Qarayev prospektində Ruslan 93 mağazasının qarşısında işıqforun yaşıl işığında hərəkətini davam etdirən zaman qəflətən gözləmədiyi anda sol tərəfdən qadağan olunmuş yerdən dönmə əməliyyatı edən VAZ 2107 markalı **-NC-*** d.q.n-lı Vaz 2109 markalı **-BJ-*** d.q.n-lı avtomobillərin hər ikisi onun idarə etdiyi avtomobili vurduğunu, nəticədə avtomobilinə maddi ziyan dəydiyini və hadisə yerinə gələn Bakı şəhər DYP əməkdaşı Vahid Əliyev fakt üzrə araşdırma aparmış və təqsirkar sürücüyə protokol açdığını bildirmişdir. Hadisə anında avtomobilində olan müştərilər düşüb başqa taksiyə minib getdikdən sonra polis araşdırmanı yekunlaşdırdıqdan sonra o, avtomobilində qarşıda əyləşən sərnişinə məxsus pul qabı olduğunu aşkar etmiş, lakin həmin sərnişini tanımadığı üçün pul qabı öz avtomobilində saxlamış ki, həmin şəxs onu axtarıb tapar çünki o, hər zaman eyni ünvanda dayandığını bildirmişdir. Beləcə təxminən 5-6 gün sonra ona həmin hadisə zamanı ön oturacaqda əyləşmiş qadın yaxınlaşdığını və pul qabını ondan soruşduqda o, dərhal həmin pul qabını maşından götürüb qadına təqdim etdiyini, qadın isə pul qabın açıb içərisinə baxdıqda pulunu gördüyünü və ona sağol deyib çıxıb getdiyini bildirmişdir. Təxminən bir həftədən sonra həmin qadın yenidən onun dayandığı əraziyə gəlib normal şəkildə ona bildirmiş ki, onun pul qabında 480 manat pulu olmuş, lakin təhvil alanda 180 manat pulu içərisində olduğunu ona bildirdikdə o, ümumiyyətlə pul qabına nəinki içinə baxmadığını heç əldə vurmadığımı bildirmişdir. Sonra isə qadın çıxıb getmişdir. Təhqiqat müddətində vət. Zərərçəkmiş şəxs MTE təyin edilmiş və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarət aldığı müəyyən edilmişdir. Həmçinin təhqiqat müddətində Bakı şəhər DYPİ tərəfindən toplanmış material götürüldükdə müəyyən edilmişdir ki, ilkin araşdırma zamanı xəsarət məlumatı olmadığından inspektor Vahid Əliyev tərəfindən təqsirkar sürücülər X5 və X6 İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib etmişdir. Lakin toplanmış material Azərbaycan Respublikası İXM-nin 128.1, yəni (barəsində qərar çıxarılmış fiziki şəxs yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi hüquqi şəxsin nümayəndəsi zərər çəkmiş şəxs müdafiəçi və nümayəndə həmçinin bu məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər.) və Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsi yəni səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayətşikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanın olduğu yer üzrə rayon məhkəməsinə) maddələrinə əsasən toplanmış materialda İXM-nin 327.8-ci maddəsinin tərkibi əlamətləri olduğundan yazılmış protokolların ləğv edilməsi məqsədi ilə tərtib edilmiş şikayət baxılması üçün məhkəməyə göndərilir. Şikayəti ona əlavə edilən sənədlərlə birlikdə nəzərdən keçirib, hesab edirəm ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. İnzibati xətalar qanunvericiliyinə görə, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da, öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə, işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir. İstinad olunan maddənin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 noyabr 2021-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, ... inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir... Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 132-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir; 54.3-cü maddəsinə əsasən prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir. 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İlk növbədə qeyd olunmalıdır ki, buna müvafiq səlahiyyəti olmasa belə, şikayət inzibati xəta haqqında protokollardan verilmişdir, halbuki, məhkəməyə inzibati xəta haqqında protokoldan deyil, müvafiq səlahiyyətli şəxslərin inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokurorun isə protest verə bilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Təqdim edilmiş materiallardan görünür ki, X8 03 sentyabr 2024-cü il tarixdə saat 23:50-də Q.Qarayev prospekti ilə Ə.Vəliyev küçəsinin kəsişməsində “VAZ 21074 minik” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “yolayrıcını keçmə qaydalarını pozulması”ndan ibarət inzibati xətanı törətməyə görə Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin 04 sentyabr 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində inzibati cərimə edilmişdir. Eyni zamanda, X7 03 sentyabr 2024-cü il tarixdə saat 23:50-də Q.Qarayev prospekti ilə Ə.Vəliyev küçəsinin kəsişməsində “VAZ 21093 minik” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “yolayrıcını keçmə qaydalarını pozulması”ndan ibarət inzibati xətanı törətməyə görə Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin 04 sentyabr 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində inzibati cərimə edilmişdir. Lakin sonradan qeyd olunan hadisə nəticəsində nəqliyyat vasitələrindən birində olmuş sərnişin Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər alması müəyyən edilmiş və bununla bağlı Bakı şəhəri Nizami rayon polis idarəsinin təhqiqat şöbəsində araşdırma aparılmasına başlanılmışdır. Məlumdur ki, müvafiq hallarda yol hərəkəti qaydalarının pozulması ilə nəticələnən xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən isə, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə olan halda, hesab edirəm ki, yol-nəqliyyat hadisəsinin sərnişin qismində iştirakçısının sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər alması müəyyən edildiyindən, bu faktın müəyyən edilməsinədək sürücülərin yolayrıcını keçmə qaydalarını pozmaqda təqsirli bilinərək inzibati qaydada tənbeh edilmələri, onların və ya hər hansı birinin şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilməyə görə məsuliyyətdən kənarda qalmalarına əsas verə bilməz, yuxarıda istinad olunan qərarlar məhkəmə qaydasında ləğv edilməli və təhqiqat formasında araşdırma davam etdirilməklə sonda əmələ hüquqi qiymət verilməlidir. Lakin iş üzrə təhqiqatçının inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün subyektiv hüququ yoxdur, konkret halda həmin qərarlar yalnız prokuror tərəfindən məhkəməyə protest verilməklə mübahisələndirilə bilər. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, Bakı şəhəri Nizami rayon polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı X1 Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokollardan şikayəti geri qaytarılmalı, mübahisəli qərarlardan aidiyyəti məhkəməyə protest verilməsi məsələsinin həlli üçün prokurora müraciət edilməli olması izah edilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı şəhəri Nizami rayon polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı X1 Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokollardan şikayəti geri qaytarılsın. X8 və X3 inzibati qaydada tənbeh edilmələrinə dair Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin 04 sentyabr 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli və 04 sentyabr 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarlarından aidiyyəti məhkəməyə protest verilməsi məsələsinin həlli üçün prokurora müraciət edilməli olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar