Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5630/2025 13.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC 17220.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 17220.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, elektron qaydada təqdim etdiyi ərizəsində göstərmişdir ki, məhkəməyə təqdim edilmiş sübutlara münasibətdə bildirirlər ki, xx.xx.2023-cü il tarixində avans olaraq xaricə köçürülmüş 17220.00 ABŞ dolları vəsait proforma invoys əsasında köçürülmüşdür. Lakin mallar ölkəyə idxal edilən zaman commercial invoys ilə idxal edilmişdir. **********5797 saylı bəyannamədə idxal müqaviləsi qeyd edilmədiyindən eyniləşmə invoyslar əsasında aparılmalıdır. Proforma invoys nömrəsi dəyişərək commercial invoys formalaşdığından vəsaiti köçürən bankda malların eyniləşməsində çətinlik yaranmışdır. Məhkəməyə təqdim edilmiş izahat məktubunda vəsaitin alındığı və malların göndərildiyi invoyslar qeyd olunduğundan bu məktuba əsasən eyniləşdirmə etmək mümkündür. Bu səbəbdən təqdim edilmiş sənədlərə münasibət bildirilməsi məhkəmənin mülahizəsinə buraxılır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin Xırdalan filialındakı şirkətin AZ43AİİB401600E**********249 saylı hesabından “FUJİAN EPOS ELECTRİC MACHİNERY CO., LTD” şirkətinin hesabına 17220.00 ABŞ dolları vəsait proforma invoys əsasında köçürülmüşdür. Lakin mallar ölkəyə idxal edilən zaman commercial invoys ilə idxal edilmişdir. Qeyd olunan uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə tərəflərindən Dövlət Gömrük Komitəsinə müraciət ünvanlanmışdir. Lakin qeyd olunan uyğunsuzluqlar aradan qaldırılmamışdır. Vəsaitin bağlanması üçün “FUJİAN EPOS ELECTRİC MACHİNERY CO., LTD” şirkətindən idxal olunmuş mallara görə tərtib olunmuş **********5797 saylı YGB banka təqdim olunmuşdur. Lakin YGB-də invoys nömrəsi və invoys tarixi pul köçürülən invoysla eyni olmadığı üçün bank tərəfindən qəbul edilməmişdir. Köçürülmüş vəsaitin müqabilində alınan malların ölkəyə gətirilməsi təmin edilmişdir. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən "xxxx" ASC vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 17220.00 ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı köçürülmənin aparıldığı tarixdən 2 il daxilində həmin vəsaitin hesabına alınan müvafiq malların ölkəyə idxalını, habelə idxal olunan xidmətlərin göstərilməsinin və ya qabaqcadan ödənilmiş vəsaitin geri qaytarılmasını təsdiq edən sənədlərin müvəkkil banka təqdim edilməməsi, bununla da, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın müvafiq tələblərinin pozulması əsası ilə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin maddənin tələbinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Halbuki, məhkəmədə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə avans olaraq xaricə köçürülmüş 17220.00 ABŞ dolları vəsait proforma invoys əsasında köçürülmüş, mallar ölkəyə idxal edilərkən isə commercial invoys ilə idxal edilmişdir. **********5797 nömrəli bəyannamədə idxal müqaviləsi qeyd edilmədiyindən eyniləşmə invoyslar əsasında aparılmalı olmuş, proforma invoys nömrəsi dəyişərək commercial invoys formalaşdığından vəsaiti köçürən bankda malların eyniləşməsində çətinlik yaranmışdır. Təqdim edilmiş məlumat məktubunda vəsaitin alındığı və malların göndərildiyi invoyslar qeyd olunduğundan eyniləşdirmənin edilməsi mümkün olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, "xxxx" MMC 17220.00 ABŞ doları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən, ödəniş aparıldıqdan sonra qanunla müəyyən edilmiş müddət daxilində həmin pul vəsaiti hesabına alınan malların ölkəyə gətirilməsi təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və və inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin və inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-5630/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5630/2025
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver