Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5641/2025 16.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, vəsatət vermiş şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə şikayət verərək, “BNA1457809 saylı protokolla Bakı Nəqliyyat Agentliyi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Bununla yanaşı, X1 qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermişdir. O, həmin vəsatətini onunla əsaslandırmışdır ki, göstərilən inzibati xəta haqqında protokol ona heç bir şəkildə təqdim edilməmiş və haqqında məlumat verilməmişdir. Həmin protokolun mövcudluğu yalnız nəqliyyat vasitəsini texniki baxışdan keçirmək istədiyi zaman məlum olmuşdur. Qərarı o, rəsmi qaydada Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciətindən sonra əldə etmişdir. Bu səbəbdən qanunla müəyyən edilmiş şikayət vermə müddətini üzrlü səbəbdən qaçırmışdır. Qeyd etdiklərinə əsasən baş verənləri üzrlü səbəb kimi qəbul etməklə, barəsində şikayət verdiyi qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətinin təmin olunmasını xahiş etmişdir. Vəsatətin əsaslılığını yoxlamaq məqsədi ilə vəsatət vermiş şəxsin özü məhkəmə iclasına dəvət olunmuşdur. Məhkəmə iclasında X3 vəsatətinin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, Bakı Nəqliyyat Agentliyi üç il əvvəl ləğv edilib. Hər dəfə o, nəqliyyat vasitəsini texniki baxışdan keçirmiş, lakin cərimə barədə məlumat olmamışdır. Qərarla bağlı ona sms məlumat da gəlməyib. Qərarı daha əvvəl almaması ilə bağlı sübut yoxdur. Vəsatətinin təmin olunmasını, müddətin bərpa edilərək işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə vəsatət verən şəxsi dinləyib, vəsatəti və şikayəti digər iş materialları ilə birlikdə nəzərdən keçirərək, hesab edir ki, ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət təmin edilməməli və şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, inzibati xətalar qanunvericiliyinə görə, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da, öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə, işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İXM-nin 132ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir. İstinad olunan maddənin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 noyabr 2021-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, ... inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. 57.5-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); bu Məcəllənin 97.4cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir; 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il qərarına görə, “atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar”. Vəsatətin müzakirəsi zamanı, eləcə də şikayətdən və ona əlavə edilən sənədlərdən müəyyən olunmuşdur ki, X3 mübahisələndirdiyi qərarla bağlı daha əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Çağrı mərkəzinə müraciət ünvanlamış, həmin Agentlik tərəfindən ona yazılmış 28 noyabr 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə dair 10 noyabr 2025-ci il tarixli müraciətinə aidiyyəti üzrə baxılmışdır. Aparılmış araşdırma nəticəsində mərkəzi informasiya sistemində **-RB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə 2018-2021-ci illər ərzində Bakı şəhərinin inzibati ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsində nəzərdə tutulmuş dayanma və durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, barəsində tərtib edilmiş 16 ədəd inzibati tənbeh vermə haqqında qərarın qüvvədə olduğu müəyyən edilmişdir. Müraciətində göstərilən məsələ AYNA-nın səlahiyyətlərinə aid deyil. İnzibati tənbeh vermə haqqında qərarla razılaşmadığı halda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə hesab edir ki, X2 vəsatətində irəli sürdüyü dəlillərin hüquqi əsası yoxdur, buraxılmış prosessual müddətin bərpasına nail olmağa yönəlmiş süni əsasdır, onun elektron qaydada qəbul olunmuş qərar barədə daha əvvəl məlumatlı olmaması, qərarın İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində müəyyən edilmiş qaydada ona çatdırılmaması barədə sübutlar yoxdur. Qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı sübut mövcud deyildir, hüquqi müəyyənlik prinsipi ilə uyğunluq təşkil etmədiyindən bu hal İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına dəlalət edir. Beləliklə, məhkəmə hesab edir ki, 27 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzürlü səbəbdən buraxılmış hesab olunaraq həmin müddətin bərpa edilməli olması barədə qənaətə gəlinməsi üçün qanuni əsaslar yoxdur, X2 bununla bağlı vəsatəti təmin edilməməlidir. Qərardan şikayət verilməsi üçün nəzərdə tutulan prosessual müddət ötürüldüyü, bərpası üçün əsaslar müəyyən edilmədiyi halda isə, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsi həll olunmadığından işin mahiyyəti üzrə baxılmasına keçid edilə, qərarın əsaslı olub-olmaması ilə bağlı məsələ müzakirə oluna və qərara yenidən baxıla bilməz, ona görə şikayət icraata qəbul edilmədən və mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 57, 126, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı Nəqliyyat Agentliyinin onun barəsindəki 27 aprel 2021-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti təmin edilməsin, həmin vəsatət təmin edilmədiyindən mübahisələndirilən qərardan şikayət məhkəmənin icraatına qəbul edilmədən və mahiyyəti üzrə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5641/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5641/2025
16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver