Məhkəmə qərarları › İş №3(007)-5656/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5656/2025

14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5656/2025 14.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru X1 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən tərtib edilmiş 04 dekabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə idarə tərəfindən həyata keçirilmiş X4 zamanı "xxxx" MMC-nin “Xüsusi razılıq” (lisenziya) olmadan yanğınsöndürmə texnikası məhsulunun istehsal və satışı, sınaqların keçirilməsi, (1 və 2 qapılı dəmir elektrik şitləri və dəmir qutu yeşiklərinin istehsalı və satışı) ilə məşğul olmuş və belə fəaliyyətlə 2491,20 (iki min dörd yüz doxsan bir manat iyirmi qəpik) manat məbləğində gəlir əldə etmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru X2 məhkəməyə protokola dair etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, müəssisə hazırda lisenziyalaşdırma fəaliyyətinə aid olmayan, habelə qanunla qadağan edilməyən, sifarişçilərin və istehlakçıların istəyinə uyğun olaraq boş dəmir qutuların istehsalı ilə məşğul olur (fotoşəkillər məktuba əlavə olunur). Belə ki, istehsal etdikləri boş dəmir qutular hazırlanarkən, sadəcə dəmir vərəqə alınaraq dəzgahda kəsilir, digər dəzgahda əyilir və qaynaq olunaraq boya vurulur. Sifarişə uyğun həmin dəmir qutularda həm elektrik şitlərinin yığılması, müxtəlif sayğacların yerləşdirilməsi və müxtəlif əşyaların qoyulması da mümkündür. Hər bir alıcının öz sifarişinə uyğun olaraq dəmir qutulara reklam şirkətlərindən alınmış onlara məxsus reklam etiketləri vurulur (yəni zibil qulusu, elektrik qutusu, müxtəlif əşyaların saxlama qutusu). Həmin dəmir qutular istənilən dəmir sexlərində hazırlana bilər. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ nömrəli qanununa 1 nömrəli Əlavə və digər normativ aktlara görə boş dəmir qutuların istehsalı xüsusi icazə tələb edilən sahələrə aid edilməmişdir. X5 Nazirliyinin əməkdaşları sözügedən boş dəmir qutuların istehsalı üçün İqtisadiyyat Nazirliyindən “Yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqların keçirilməsi” fəaliyyət növü üzrə İqtisadiyyat Nazirliyindən lisenziya almaqlarını təkidlə bildirmişdir. Hansı ki, onlar “Yanğınsöndürmə texnikası məhsullarının istehsalı və satışı, sınaqların keçirilməsi” ilə məşğul olmurlar. Müəssisələri tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə xx.xx.2025-ci il tarixində müraciət edilərək, boş dəmir qutuların istehsalı məqsədilə lisenziyanın tələb olunub-olunmamasının öyrənilməsi xahiş edilmişdir. Əgər bu məqsədlə lisenziya verilməlidirsə, onda "xxxx" istehsalı məqsədilə lisenziya verilməsi xahiş olunmuşdur. Müəssisə yanğınsöndürmə texnikası məhsullarının istehsalı ilə məşğul olmur. Digər tərəfdən hansı normativ sənəd baxımından, boş dəmir qutularının istehsalı yanğınsöndürmə texnikası kateqoriyasına, hansı əsasla aid edilə bilməsi məlum deyil. Məhkəmənin nəzərinə çatdırır ki, “Yanğınsöndürmə texnikası məhsulları” dedikdə, yanğınların qarşısını almaq və söndürmək üçün istifadə olunan müxtəlif avadanlıqlar, vasitələr və materiallar nəzərdə tutulur. Bunlar arasında əsasən yanğınsöndürmə balonları (tozlu, köpüklü, C02, su), hidrantlar, nasoslar, şlanqlar, xüsusi geyimlər, qoruyucu avadanlıqlar (qaz maskaları, respiratorlar), təhlükəsizlik nişanları, işıqlandırma sistemləri, yanğın xəbərdarlıq və avtomatik söndürmə sistemləri (sprinklerlər) və s. daxildir. X6: Yanğınsöndürmə balonları (Odsöndürənlər), sulu və köpüklü avadanlıqlar, quru kimyəvi tozlar (ABC, BC), Karbon Dioksidli (CQ2) balonlar, xüsusi geyimlər, avtomatik sistemlər, təhlükəsizlik nişanları və işarələr, nəqliyyat vasitələri. Eyni zamanda nəzərə alınmalıdır ki, “Lisenziyalar və icazələr haqqında” Qanunun 1 nömrəli Əlavəsinin 16-cı bəndində nəzərdə tutulan “Yanğından mühafizə fəaliyyəti” üzrə “yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqlarının keçirilməsi” ilə müəssisələri məşğul olmur. Onlar yalnız sifarişçilərin və istehlakçıların istəyinə uyğun boş dəmir qutular istehsal edirlər. Bu qutuların hansı məqsədlə istifadə olunacağına isə alıcı istehlakçı özü qərar (qutunun daxilinə çınqıl yığılır, qum yığılır, yaxud öz ehtiyaclarını təmin edən başqa nəsə yığa bilər) verir və ondan müxtəlif məqsədlər üçün istifadə edə bilər. Bu qutuların yanğınsöndürmə məhsuluna (yəni lisenziyalaşdırma sahələrinə) heç bir aidiyyəti yoxdur. Onu da bildirmək istəyir ki, müəssisə eyni zamanda “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidmət və təmiri” və “Yanğınsöndürmə ləvazimatınının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” fəaliyyət növləri üzrə İqtisadiyyat Nazirliyindən xüsusi lisenziyalar almışdır. Bu sahələr üzrə lisenziya əsasında fəaliyyət göstərirlər. Lakin, müəssisə yanğınsöndürmə texnikası məhsulları istehsal etmədiyinə görə, həmin lisenziyanı almamışdır. Fəaliyyətləri yanğınsöndürmə texnikası məhsullarının istehsalına heç bir aidiyyəti yoxdur. Tərəflərindən dövlət qurumlarına dəfələrlə bildirilmişdir ki, müəssisə yanğınsöndürmə texnikası deyil, yalnız boş dəmir qutuların istehsalı ilə məşğul olur. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bütün verdikləri açıqlamalara məhəl qoymadan, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinə guya lisenziyasız fəaliyyət göstərməkləri barədə məktub ünvanlamış, həmin məktuba əsasən də Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən X4 yoxlaması keçirilmişdir. Yoxlama zamanı Dövlət Vergi Xidmətinin əməkdaşları vergi ödəyicisinin ərazisinə və binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə xx.xx.2025-ci il tarixli, DVX 000579 saylı protokol tərtib etmişlər. Bundan sonra lisenziya tələb olunan fəaliyyət növləri ilə, belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə X4nin nəticələri haqqında xx.xx.2025-ci il tarixli, DVX 001392 saylı AKT tərtib edərək, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə kimi 31140 manat həcmində həmin boş dəmir qutuları istehsal edib satdığına görə müəssisəyə dair xx.xx.2025-ci ii tarixli, MN ******* saylı inzibatı xata haqqında protokol tərtib etmişlər. Yuxarıda qeyd etdiklərinə əsasən tərtib edilmiş protokollara öz etirazlarını bildirərək, protokola imza etməkdən imtina edilmişdir. Onların istehsal etdikləri boş dəmir qutularının lisenziya fəaliyyətinə aidiyyəti yoxdur. Bu qanuna və hüquqa zidd bir hərəkətdir. Bu kateqoriyaya, yəni yanğınsöndürmə texnikası məhsulunu onlardan istəyən müştəriyə təqdim etmək üçün, onlar bu məhsulları lisenziya əsasında istehsal edən istehsalçıdan alıb alıcıya təqdim edə bilirlər. Tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda yazılır ki, dəmirdən olan bir və iki qapılı elektrik şitlərinin və dəmirdən olan yeşiklərin (qutuların) istehsalı ilə məşğul olduğu üçün lisenziya tələb olunan fəaliyyət növləri siyahısının 16.2-ci bəndini əsas götürərək, yanğınsöndürmə texnikası məhsullarının istehsalı və satışı ilə məşğul olmaqlarını qeyd edərək MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. İnzibati protokolda Azərbaycan Respublikası İXM-nin 398-cı maddəsinə istinad edilmişdir. Bu norma qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmanı aşağıdakı qaydada qadağan edir: “Dövlət qeydiyyatına /vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə, inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir". Əslində yuxarıda qeyd olunduğu kimi onlar yanğınsöndürmə texnikası məhsulları istehsal etmədikləri halda, dövlət qurumu olan FHN-nin məktubunu əsas götürərək Vergi orqanı boş dəmir qutuları və şkaf istehsalını yanğından mühafizəyə aid etməsi tam qanunsuzdur. Bu boş qutuların yanğından mühafizəyə aid olması barədə normativ akt yoxdur. FHN-nin əməkdaşlarının subyektiv yanaşmasını əsas götürüb boş dəmir qutularını yanğınsöndürmə texnikası adlandırmaq tam qanunsuz və əsassızdır. “İnzibati məsuliyyət barədə akt”, eyni zamanda "Yanğın təhlükəsizliyi haqqında" AR qanununun tələblərinə ziddir. Bu qanunun 1-ci maddəsinin 2-ci sətrində yanğından mühafizənin anlayışı aşağıdakı kimi müəyyən olunur: “yanğından mühafizə - yanğınların qarşısının alınmasının və söndürülməsinin təşkili, bununla əlaqədar ümdə qəza-xilasetmə işlərinin aparılması üçün yaradılmış idarəetmə orqanlarının, qüvvələrin və vasitələrin məcmusudur. Bu maddənin 12-ci sətrində “Yanğınsöndürmə texnikası məhsulunun" anlayışı belə izah edilir: “yanğınsöndürmə texnikası məhsulu yanğın təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulan xüsusi texniki və elmi-texniki məhsul, o cümlədən yanğınsöndürmə texnikası və avadanlığı, yanğınsöndürmə ləvazimatı, yanğınsöndürən və yanğından qoruyan maddələr, xüsusi' rabitə və idarəetmə vasitələri, hesablayıcı elektron maşınlar üçün proqramlar və məlumat bazaları, habelə yanğınların qarşısının alınması üçün digər vasitələrdir. Eyni zamanda bu qanunun 17-ci maddəsi ilə "xxxx" ilə əlaqədar aşağıdakı norma müəyyən olunur: “Yanğınsöndürmə texnikası məhsulu dövlət sifarişi və dövlət müdafiə sifarişi əsasında, habelə sahibkarlıq fəaliyyəti qaydasında istehsal edilir. Yanğınsöndürmə texnikası məhsulun istehsalı dövlət tərəfindən tənzimlənir. Yanğınsöndürmə texnikası məhsulu üçün dövlət sifarişi yanğın təhlükəsizliyi sahəsində respublika məqsədli proqramlar əsasında həyata keçirilir. Yanğınsöndürmə texnikası məhsulu üçün dövlət müdafiə sifarişini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Dövlət sifarişinin və dövlət müdafiə sifarişinin yerinə yetirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi İlə nəzərdə tutulmuş qaydada həyata keçirilir". Yuxarıda istinad olunan qanun normaları baxımından, onların istehsal etdikləri boş dəmir qutularının yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqların keçirilməsinə heç bir aidiyyəti yoxdur. Boş dəmir qutularına görə xüsusi razılıq tələb olunması barədə hər hansı bir normativ akt yoxdur. Sahibkarlıq fəaliyyətinə süni maneə törədilir. Nəzərə alınmalıdır ki, FHN-nin məktubunu əsas götürən Vergi orqanı tərəfindən barələrində tərtib edilmiş inzibati məsuliyyətə cəlb etmə barədə qərarı “Yanğınsöndürmə təhlükəsizliyi haqqında” qanunun tələblərinə, “Lisenziyalar və icazələr haqqında” qanuna və 1 nömrəli Əlavənin tələblərinə zidd olmaqla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinin 1-ci bəndinə, “Sahibkarlıq fəaliyyəti haqqında” qanunun 1-ci və Vergi Məcəlləsinin 13.2.37-ci maddələrinin tələblərinə ziddir. Başqa sözlə, boş dəmir qutularının hər hansı normativ hüquqi akta əsaslanmadan, subyektiv mülahizə əsasında “yanğınsöndürmə texnikası məhsulu” kimi hesab edilməsi əsassızdır. Yuxarıda qeyd olunan qanun normalarının tələbləri baxımından, boş dəmir qutularının istehsalı xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növü hesab edilmədiyindən, MMC-nin fəaliyyəti "xxxx" kimi qiymətləndirilə bilməz. Bu baxımdan, MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398ci maddəsinə istinad edilməklə tərtib edilmiş qərarda göstərilən hərəkətlər faktiki və hüquqi əsasa malik deyil. Çünki MMC bu fəaliyyətlə məşğul olmur. Belə olan halda, İXM-nin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadığından, Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X2 ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən "xxxx" MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat bildirməmiş, məhkəmə işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında xx.xx.2025-ci il tarixli **********6276 saylı qərardan görünür ki, "xxxx" MMC-nin mühasibat kitabları, əməliyyatların uçot-qeydiyyat kitabları, dövriyyə cədvəlləri, proqram təminatından olan uçot məlumatları, sifarişçilər və mal göndərənlərlə, xidmət göstərənlərlə bağlanmış müqavilələr (o cümlədən onlara əlavələr) malların, əsas vəsaitlərin alışına və təqdim edilməsinə dair qaimələr, istehsal olunmuş məhsulların nümunələri, icra müqavilələri, bank NKA, POS-terminal, çek və xəzinə sənədləri, digər və sair xərclərin çəkilməsinə dair sənədlər, xüsusi razılıq (lisenziya) və (və ya) onun əlavəsi, hesab fakturalar, xidmət müqavilələri, işçilərlə bağlanmış əmək müqavilələri və əmək haqqının hesablanması və ödənilməsi cədvəlləri, gəlir və xərcin uçotuna dair mühasibatlıq sənədləri, həmin sənədlərin elektron daşıyıcılarda surətlərinin və elektron informasiya daşıyıcılarının götürülməsinin həyata keçirilməsi, əşyaların nümunə kimi götürülməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsinin müddəalarına uyğun olaraq həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli KY252465297 saylı Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən görünür ki, xx.xx.2025 – xx.xx.2025-ci il tarixlərdə xx.xx.2024-xx.xx.2025-ci il tarixlərin fəaliyyət dövründə plandankənar X4 yoxlama növü keçirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli DVX seriyalı 001392 saylı aktın surətindən görünür ki, "xxxx" MMC lisenziya tələb olunduğu halda belə lisenziya olmadan istehsal və satış obyektində dəmirdən olan bir və iki qapılı elektrik şitlərinin və dəmirdən olan qum yeşiklərinin istehsal edilərək satıldığı aşkar edilmişdir. Bununla da “Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ qanununun 16.2 əlavəsinin şərtləri pozulmuşdur. İş materiallarında olan ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixdə verilmiş və xx.xx.2026-cı il tarixədək qüvvədə olan AZS seriyalı 0023818/25 saylı “Uyğunluq Sertifikatı”nın surətindən görünür ki, yanğın texnikası, yanğın şkafları ümumi texniki tələblərinə cavab verdiyinə görə “İntersert” Məhsulların işlərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanın xx.xx.2025 tarixli, №2/386/İS saylı qərarı. SX-İS: "xxxx" MMC-nin №2025/16 saylı xx.xx.2025-ci il tarixli sınaq protokolu əsasında verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilən 6L-1050/2024 saylı xx.xx.2024 tarixli xüsusi lisenziyanın surətindən görünür ki, "xxxx" MMC-yə yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpasını həyata keçirməyə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilən İN/L-148/2020 saylı xx.xx.2020 tarixli xüsusi lisenziyanın surətindən görünür ki, "xxxx" MMC-yə yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmirini həyata keçirməyə icazə verilmişdir. İş materiallarında olan DVX seriyalı 013369 saylı xx.xx.2025-ci il tarixli protokolun surətindən görünür ki, "xxxx" MMC-dən şəxsiyyət vəsiqəsinin surəti, lisenziyaların surəti, uyğunluq sertifikatları və digər mühasibat sənədlərinin götürülməsi həyata keçirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, "xxxx" MMC protokolda qeyd olunan “Xüsusi razılıq” (lisenziya) olmadan yanğınsöndürmə texnikası məhsulunun istehsal və satışı, sınaqların keçirilməsi, (1 və 2 qapılı dəmir elektrik şitləri və dəmir qutu yeşiklərinin istehsalı və satışı) ilə məşğul olmuş və belə fəaliyyətlə 2491,20 (iki min dörd yüz doxsan bir manat iyirmi qəpik) manat məbləğində gəlir əldə etməsi göstərilsə də, bunu əsaslandıran sübutlar iş materiallarına əlavə edilməmişdir. Belə ki, təqdim edilmiş materiallarda barəsində icraat aparılan hüquqi şəxsin "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ nömrəli qanununda nəzərdə tutulan və lisenziya alınması tələb edilən, lakin belə lisenziya olmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına və qeyd edilən fəaliyyətin qanunun hansı müddəalarına əsasən lisenziyalaşdırılmalı olmasına dair, həmçinin qanunsuz sahibkarlıq fəaliyyətinin hansı dövrü əhatə etməsi kimi iş üçün zəruri olan sübutlar olmadığından "xxxx" MMC İXM-nin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin məcəllənin 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin məcəllənin 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı halladan biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar