Məhkəmə qərarları › İş №3(007)-5668/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5668/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5668/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Gədəbəy rayonunun Sovetabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gədəbəy rayonunun Şahdağ kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, ünvansız yeni tikilidə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 06 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, “xx.xx.2023-cü il tarixdə Şəxs Nizami rayonu, Q.Qarayev prospektində polisin qanuni tələbinə tabe olmamışdır”. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X5 protokolun məzmununa uyğun izahat vermiş və qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 06 noyabr 2023-cü il tarixdə saat 10:30 radələrində Q.Qarayev prospektində avtomobili ilə hərəkətdə olarkən yol polisləri onu saxlatmışlar. Yol polisləri əvvəl sənədini almışlar, sonra öz avtomobillərinə oturtmuşlar, alkotestrlə içkili olubolmadığını yoxlamışlar, lakin göstərici 0.1 promil göstərmişdir. Bundan sonra yol polisləri portalda yoxlayıb onun ödənilməyən 300 manat cəriməsi olduğunu demişlər, hansı ki, sonradan məlum olmuşdur ki, cərimə borcu cəmi 145 manat olmuşdur. Özünün isə bu cərimələrdən məlumatı olmamışdır. Əvvəl cərimənin 300 manat olduğunu dediklərində o, üstündə o qədər məbləğin olmadığını, “Xalqlar Dostluğu” metrostansiyası tərəfə gedərək orada iş yerindən götürüb cəriməni ödəməsini təklif etmişdir. Lakin yol polisləri buna imkan verməyib avtomobilin cərimə meydançasına getməli olduğunu demişlər. O, buna etirazını bildirmiş, açarı vermək istəməmişdir. Yol polislərindən biri onun böyründən əli ilə vurmuş, buna görə o, yol polisinə “xiyar” demişdir. Bundan başqa yol polislərinə qarşı hər hansı nalayiq ifadə işlətməmiş, təhqir etməmiş və ya tələblərini yerinə yetirməkdən imtina etməmişdir. Buna baxmayaraq əlavə polis naryadı çağıraraq onu zorla patrul avtomobilinə oturtmuş, qolunu buraraq bağlamış, avtomobilin açarını məcburi əlindən almışlar. Hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞnin YPX baş inspektoru X4 izahatında göstərmişdir ki, 06 noyabr 2023-cü il tarixdə saat 10:30 radələrində Q.Qarayev prospektində xidmətdə olarkən **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün manevr qaydalarını pozduğunu müşahidə edərək onu saxlamış, yaxınlaşaraq özlərini təqdim etməklə qayda pozuntusunu izah etmişlər. Bu vaxt sürücü Şəxs alkoqol qəbul etməsi şübhə doğurduğuna görə alkotestrlə yoxlanılmış, lakin müəyyən olunmuş qaydada sərxoşluq vəziyyəti aşkar edilməmişdir. Bundan sonra bortkompyuter vasitəsilə yoxlama zamanı sürücünün nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasını müəyyən etmişlər. Bunu sürücü Şəxs bildirmiş və izah etmişlər ki, belə halda nəqliyyat vasitəsi duracağa yerləşdirilməlidir. Lakin sürücü Şəxs onların qanuni tələblərinə tabe olmayaraq nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsinə etiraz etməklə açarı təqdim etməkdən imtina etmişdir. Sürücü Şəxs onların qanuni tələblərinə tabe olmadığına görə ərazidə xidmət aparan çevik polis alayının əməkdaşlarını cəlb edərək onu ərazi üzrə 24-cü polis şöbəsinə apararaq təhvil vermiş, raport yazmaqla barəsində müvafiq tədbir görülməsini xahiş etmişlər. Sualları cavablandırarkən X4 izah etmişdir ki, Şəxs içkili olub-olmadığını yoxlamaq məqsədilə xidməti avtomobilə oturtmuşlar, belə ki, həmin vaxt hava küləkli olduğundan açıq havada bu, mümkün olmamışdır. Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasını qeyd etsələr də sonradan müəyyən olunmuşdur ki, bununla bağlı qərar yoxdur. Onlar həmin vaxt Şəxs vurmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞnin YPX inspektoru İ.Ç.Cəbrayıllı, M.M.Cəfərovla eyni məzmunlu izahat vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol həmin şəxsin guya, 06 noyabr 2023-cü il tarixdə polisi əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə həmin maddədə inzibati məsuliyyət nəzərdə tutulur. Qanunun mənasına görə, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətin yaranması üçün polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra etməli, inzibati xətanın subyekti isə onların qanuni tələblərinə qəsdən tabe olmamalıdır. Hazırkı halda isə, məhkəmə tədqiqi zamanı belə xətaya yol verilməsi müəyyən olunmamış, Şəxs istinad edilən xətanı törətməsi işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunmuşdur. Məhkəmə iclasında verilmiş izahatlarla, o cümlədən sübut qismində təqdim olunan CD diskə yerləşdirilmiş videogörüntülərə baxış zamanı Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Əksinə, müəyyən olunmuşdur ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra o, YPX inspektorunun dəvəti ilə xidməti avtopatrula oturmuş, daha sonra özünə məxsus avtomobilə oturaraq getmək imkanı olsa da getməmiş, YPX inspektorlarının verəcəkləri qərarı gözləmiş, bu zaman da o, polis əməkdaşlarına qarşı hər hansı qanunsuz hərəkətə yol verməmişdir. Şəxs məxsus nəqliyyat vasitəsinin duracağa aparılmasına isə hər hansı əsas olmamışdır. Belə ki, həmin şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar mövcud olmamış və ya sərxoş vəziyyətdə olmamışdır. Azərbaycan Respublikası İXM-nin 96.1-ci maddəsinə əsasən fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində nəqliyyat vasitəsini idarə etmək hüququ və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda; nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə; dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə; dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda; nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda; yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda; icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 5.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırıldıqda nəqliyyat vasitəsinin duracağa aparılması onun sürücüsü tərəfindən təmin edilir. Həmin nəqliyyat vasitəsi sürücüsünün nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı, yaxud sərxoş vəziyyətdə olduğu hallarda, habelə o, avtomobilinin YPX inspektoru tərəfindən idarə olunaraq duracağa aparılmasına etiraz etdikdə avtomobil evakuator vasitəsi ilə duracağa aparılır. Belə olan halda, YPX inspektorları tərəfindən sürücü Şəxs ona məxsus nəqliyyat vasitəsinin açarının tələb edilib alınmasına cəhd edilməsi, nəqliyyat vasitəsinin duracağa aparılması qanunsuz və əsassız olmuşdur, ona görə Şəxs bununla bağlı ondan edilən tələbləri qanunsuz hesab edərək onları yerinə yetirməkdən imtina etməsi, yuxarıda qeyd olunanlar baxımından, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz, İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsi ilə təsbit olunmuş qaydada da, inzibati məsuliyyətə cəlb olunan Şəxs təqsirli olması barəsində şübhələrin onun xeyrinə həll edilməli olduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar