Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5692/2025 23.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31445723 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31445723 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona – X3 xx.xx.2025-ci il tarixində saat 13:59-da Bakı şəhəri, Qara Qarayev prospektində ona məxsus olan **-UO-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi” markalı maşın üzrə xüsusi texniki vasitənin köməyi ilə svetoforun qadağanedici siqnalında hərəkətini davam etməsi inzibati xətası üzrə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən EQ 31445723 nömrəli protokol tərtib edilmişdir. Bu protokol əsasında o, 100 manat məbləğində inzibati cərimə edilmişdir. Hadisə belə olmuşdur ki, o, xx.xx.2025-ci il tarixində saat təxminən 13:55-də Bakı şəhəri, Qara Qarayev prospektində ona məxsus olan **-UO-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi” markalı maşınla svetoforun qırmızı işığında dayanmışdır. Bu zaman arxadan onun maşınını “Lada Priora” markalı maşın vurmuşdur. O, həyəcanlı vəziyyətdə maşından düşmüş, 102 xidmətinə zəng etmiş və sığorta şirkəti ilə əlaqə saxlamışdır. 102 xidmətinin yönləndirdiyi polis əməkdaşı ona zəng etmiş və bildirmişdir ki, başqa şəxslərin hüquqlarının pozulmaması və yolda tıxacın yaranmaması üçün təcili maşını qırağa təhlükəsiz yerə çəkməlidir. O, həddən artıq həyəcanlı olmuş və polis əməkdaşının dediyi kimi, svetofora baxmadan, tez maşını sağ kənara təhlükəsiz yerə sürmüş və aidiyyəti qurumların gəlməsini gözləmişdir. Bundan sonra qeyd etdiyi kimi, xüsusi texniki vasitənin köməyi ilə ona EQ 31445723 nömrəli protokol tərtib edilmiş və 100 manat cərimə edilmişdir. Bildirir ki, onun inzibati xətanı törətməyi son zərurət halında baş vermişdir. O, inzibati xətanı törədən zaman başqa şəxslərin həyatını, sağlamlığını və ya hüquqlarını qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün son zərurət vəziyyətində hərəkət etmişdir ki, bu, inzibati xəta hesab olunmur. Belə ki, qəza zamanı yolda başqa şəxslər qorxu ilə qəzaya baxması yolda həddindən artıq tıxaca səbəb ola bilərdi ki, bu da onların hüquqlarını qorxu altına salması deməkdir. Qeyd olunanları nəzərə alaraq o, EQ 31445723 nömrəli protokol üzrə çıxarılmış qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə şikayət məktubu göndərsə də, xx.xx.2025-ci il tarixli 1- 59783 nömrəli məktubla ona qərarın qüvvədə saxlanılması bildirilmişdir. Yuxarıda qeyd olunanlar baxımından hesab edir ki, onun üçün EQ 31445723 nömrəli protokol üzrə çıxarılmış qərar ləğv edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ seriyalı 31445723 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 şikayətin məzmununa uyğun izahat vermiş və məhkəmədən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31445723 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31445723 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 15:20-də Q.Qarayev prospektində “Koroğlu” metrostansiyası istiqamətində idarə etdiyi “Mitsubishi Galant” minik markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31445723 nömrəli qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31445723 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31445723 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31445723 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin. X2 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-5692/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5692/2025
23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver