Məhkəmə qərarları › İş №3(007)-5702/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5702/2025

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5702/2025 03.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndələri X3, X1 və Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 29 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, vətəndaşlar X4 və X5 müraciətləri əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq hüquqi ünvan üzrə Bakı şəhəri Nizami rayonunda qeydə alınmış Şəxs MMCyə 3-17-5/2-84242/2025 nömrəli xx.xx.2025-ci il tarixli, 3-17-5/2-89592/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktublar göndərilərək sənədləri 7 iş günü ərzində təqdim etmələri tələb edilmiş, lakin tələb olunan sənədlər təqdim edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X8 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, sənədlər protokol tərtib olunduqdan sonra müfəttişliyə daxil olmuşdur. Qeyd edilənlərə əsasən, Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndələri X2 və Nümayəndə1 inzibati xəta haqqında protokolu və digər nümayəndənin dəlillərini müdafiə etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokolla razı deyillər, belə ki, Müfəttişlik bildirir ki, sənədlər protokol tərtib edildikdən sonra daxil olmuşdur, lakin onlar sənədləri 7 iş günü müddətinə deyil 3-4 gün iş günü müddətində təqdim etmişlər. Buna baxmayaraq poçt sənədləri gec çatdırmışdır. Qeyd etdiklərini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-84242/2025 nömrəli məktubundan görünür ki, vətəndaş X4 əmək hüquqlarının pozulması barədə Xidmətə ünvanladığı müraciətə Bakı şəhər idarəsində baxılır. Bununla əlaqədar X4 müraciətinə münasibət bildirilməsi və əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə); kollektiv müqavilə (olduğu təqdirdə); əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, işçinin ərizəsi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişi, olduğu təqdirdə izahatlar, aktlar, təqdimatlar, X6 müraciət və HİT-nın razılığı və s.) (xitam verildiyi halda); son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti (xitam verildiyi halda); iş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti (son on iki ay üzrə); vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu; məzuniyyət əmrləri, ərizələri 7 iş günü ərzində Xidmətin Bakı şəhər idarəsinə təqdim olunması xahiş edilmiş, məktub icra edilmədiyi halda Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-3-17-5/2-89592/2025 nömrəli məktubundan görünür ki, vətəndaş X5 əmək hüquqlarının pozulması barədə Xidmətə ünvanladığı müraciətə Bakı şəhər idarəsində baxılır. Bununla əlaqədar X5 müraciətinə münasibət bildirilməsi və əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə); kollektiv müqavilə; əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, işçinin ərizəsi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişi, olduğu təqdirdə izahatlar, aktlar, təqdimatlar, X6 müraciət və HİT-nın razılığı və s.) (xitam verildiyi halda); iş vaxtının uçotu tabelləri; əmək haqqı hesablanması cədvəlləri; son haqq-hesabının hesablanması və ödənilməsini təsdiq edən sənəd; vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu 7 iş günü ərzində Xidmətin Bakı şəhər idarəsinə təqdim olunması xahiş edilmiş, məktub icra edilmədiyi halda Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Azərpoçt”a aid poçt göndərişinin izlənmə məlumatından görünür ki, X9 Xidmətinin Bakı şəhər idarəsinin Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-84242/2025 nömrəli məktubu 30 sentyabr 2025-ci il tarixdə, saat 09:46-da ünvan sahibinə çatdırılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəxs MMC-nin 06 oktyabr 2025-ci il tarixli İR4656 nömrəli məktubundan görünür ki, X9 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-84242/2025 nömrəli sorğusuna cavab hazırlanmış, müvafiq sənədlər əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Smart Ekspress” poçt xidmətinə aid qəbzin surətindən görünür ki, Şəxs MMC-nin 06 oktyabr 2025-ci il tarixli İR4656 nömrəli məktubu 22 oktyabr 2025-ci il tarixdə poçt xidməti tərəfindən təhvil alınaraq 22 oktyabr 2025-ci il tarixdə saat 14:06-da X9 Xidmətinin Bakı şəhər idarəsinə təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Azərpoçt”a aid poçt göndərişinin izlənmə məlumatından görünür ki, X9 Xidmətinin Bakı şəhər idarəsinin Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-3-17-5/2-89592/2025 nömrəli məktubu 10 oktyabr 2025-ci il tarixdə, saat 10:41-də ünvan sahibinə çatdırılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəxs MMC-nin 16 oktyabr 2025-ci il tarixli İR4620 nömrəli məktubundan görünür ki, X9 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli, 3-3-17-5/2-89592/2025 nömrəli sorğusuna cavab hazırlanmış, müvafiq sənədlər əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Smart Ekspress” poçt xidmətinə aid qəbzin surətindən görünür ki, Şəxs MMC-nin 16 oktyabr 2025-ci il tarixli İR4620 nömrəli məktubu 27 oktyabr 2025-ci il tarixdə poçt xidməti tərəfindən təhvil alınaraq 27 oktyabr 2025-ci il tarixdə saat 16:35-də X9 Xidmətinin Bakı şəhər idarəsinə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti haqqında Əsasnamə”nin 1.1-ci bəndindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin irəli sürdüyü dəlillərə münasibətdə qeyd edir ki, Şəxs MMC-nin X9 Xidmətinin Bakı şəhər idarəsinin sorğularının daxil olmasından sonra, onlara cavab məktublarının və tələb edilən sənədlərin müəyyən edilmiş 7 iş günü ərzində təqdim olunması təmin edilməmişdir, bu, tədqiq olunan sübutlarla öz təsdiqini tapmışdır, inzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati tənbeh verilməsinə mane olan, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Eyni Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar