Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-5703/2025 16.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə olan inzibati xəta haqqında protokola dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilən sənədlər baxılması üçün Naftalan Şəhər Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 01 dekabr 2025-ci il tarixli 3(052)- 47/2025 nömrəli qərardadı ilə material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Material 15 dekabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş, işin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən, aidiyyət qaydalarının pozulduğu müəyyən edilmişdir. Belə ki, sözügedən inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən, Şəxs MMC 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditi aparılmamışdır. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsinin mənasına görə, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma - hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yerdə, bilavasitə hüquqi şəxsin hüquqi ünvanında törədilmiş hesab olunur, hərəkətsizlikdə ifadə olunmaqla belə inzibati xətalara dair işlərə onun törədildiyi yerdə baxılmalıdır. Naftalan Şəhər Məhkəməsi tərəfindən işin məhkəmə icraatı mümkün hesab olunaraq icraata qəbul edilsə də, işə mahiyyəti üzrə baxılarkən Şəxs MMC-nin hüquqi ünvanının ünvan 2 hərəkətsizlik formasında inzibati xətaya dair işə hüquqi şəxsin üzərində düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalı olması əsası ilə işə Nizami Rayon Məhkəməsində baxılmalı olduğu qənaətinə gəlinmişdir. Hansı ki, istinad olunan məlumat “Elektron məhkəmə” informasiya sistemində sonuncu dəfə 30 mart 2023-cü il tarixdə yoxlanılmış olmuş, Naftalan Şəhər Məhkəməsi tərəfindən aidiyyət məsələsi müzakirə edilərkən isə bu barədə sorğu sistemdə yenilənməmişdir. Nizami Rayon Məhkəməsi tərəfindən “Elektron məhkəmə” informasiya sistemində, “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”nda yoxlama zamanı, eləcə də protokola əlavə olunmuş sənədlərin özü ilə müəyyən edilmişdir ki, Şəxs MMC-nin hüquqi ünvanı “Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu” kimi qeydə alınmışdır. Belə olan halda, inzibati materialın Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilib baxılması üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016cı il 2 noyabr tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd edilmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarında isə göstərilmişdir ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Hesab edirəm ki, inzibati xətalar qanunvericiliyində aidiyyətlə bağlı normalar nəzərdə tutulsa da, inzibati işi digər məhkəmədən almış məhkəmənin onun məhkəmə icraatının mümkünlüyünü yoxlayan zaman işin başqa məhkəmənin səlahiyyətinə aid olduğunu və səhvən ona göndərildiyini müəyyən etdikdə öz qərarı ilə həmin işi məhkəmə aidiyyətinə dair fikir ayrılığını həll etmək üçün müvafiq apellyasiya instansiyası məhkəməsinin sədrinə göndərməsi məsələsi müvafiq norma ilə tənzimlənmədiyindən qanun analogiya üzrə tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Cinayət-prosessual qanunvericiliyinə görə, məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar bir məhkəmədən digərinə əsaslandırılmış qərarla göndərilməlidir. Məhkəmə digər məhkəmədən aidiyyət qaydasında göndərilmiş cinayət işini və ya digər materialı mübahisəsiz, şərtsiz olaraq icraatına götürməlidir. Lakin bu, heç də o demək deyildir ki, cinayət işini və ya digər materialı alan məhkəmə aidiyyət qaydaları pozulmuş olsa da belə, həmin işə və ya digər materiala hökmən baxmalıdır, çünki Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsi və CPM-in 29-cu maddəsi məhkəmə aidiyyətinin qanunsuz olaraq pozulmasını qadağan edir, həmin norma işin və ya digər materialın göndərildiyi məhkəməyə həmin işi və ya materialı geri qaytarmağı qadağan edir. Ona görə də işi və ya digər materialı digər məhkəmədən almış məhkəmə hazırlıq iclası zamanı işin başqa məhkəmənin səlahiyyətinə aid olduğunu və səhvən ona göndərildiyini müəyyən etdikdə dərhal öz qərarı ilə həmin işi və ya materialı məhkəmə aidiyyətinə dair fikir ayrılığını həll etmək üçün müvafiq apellyasiya instansiyası məhkəməsinin sədrinə göndərməlidir. Apellyasiya instansiyası məhkəməsinin sədri öz qərarı ilə həmin işi və ya digər materialı aid olduğu məhkəməyə göndərəcəkdir. İstinad olunan normaların tələblərini, işin faktiki hallarını nəzərə alaraq, belə hesab edirəm ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulan xəta hərəkətsizlikdə ifadə olunduğuna, bununla da inzibati xətanın törədildiyi yer hüquqi şəxsin hüquqi ünvanının qeydə alındığı yer hesab olunduğuna görə, işə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən deyil, Şəxs MMCnin hüquqi ünvanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Lakin inzibati işi digər məhkəmədən almış məhkəmənin onun məhkəmə icraatının mümkünlüyünü yoxlayan zaman işin başqa məhkəmənin səlahiyyətinə aid olduğunu və səhvən ona göndərildiyini müəyyən etdikdə, özünün materialı onu göndərmiş məhkəməyə və ya digər aidiyyəti məhkəməyə göndərməsi qanunla qadağan edilir, ona görə hesab edirəm ki, material məhkəmə aidiyyətinə dair məsələnin həlli üçün məhkəmənin yurisdiksiya üzrə aid olduğu Bakı Apellyasiya Məhkəməsinin sədrinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109, 110 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə olan inzibati xətaya dair material, işin ərazi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərilməsi məsələsinin həlli üçün, Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5703/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-5703/2025
16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver