Məhkəmə qərarları › İş №3(007)-5708/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5708/2025

16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5708/2025 16.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Hüseyn Məhərrəm oğlunun katibliyi, qərardan şikayət vermiş X2, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, X2 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 12 dekabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 09 dekabr 2025-ci il tarixdə, saat təxminən 23:30 radələrində Babək prospektində hərəkətdə olarkən yol polisi əməkdaşı tərəfindən saxlanılmışdır. Hər hansı bir qayda pozuntusu etmədiyi halda avtomobili vizual baxış əsasında yoxlanılmış və əməkdaş tərəfindən nəqliyyat vasitəsinin arxa asqı sisteminin kəsik olduğu iddia edilmişdir. O, dərhal bu iddia ilə razılaşmadığını bildirmiş və ekspertiza təyin olunmasını tələb etmiş, lakin buna baxmayaraq avtomobili əsassız şəkildə cərimə meydançasına yerləşdirilmiş və ona 342.2.2-ci maddə ilə protokol tərtib edilmişdir. Sonradan ona bildirilmişdir ki, servis mütəxəssisi rəy bildirməlidir nəqliyyat vasitəsi barədə və o, razılaşaraq öz hesabına servis mütəxəssisini çağıraraq avtomobilinin konstruksiyasında heç bir dəyişiklik, kəsilmə, modifikasiya və ya zavod xaricində müdaxilə aşkarlanmadığı rəsmi şəkildə təsdiqlənmişdir. Bu barədə “Grand Autoservis” tərəfindən rəsmi ekspertiza arayışı tərtib olunmuş və imzalanmışdır. Lakin Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı həmin rəsmi sənədi qəbul etməkdən əsassız şəkildə imtina etmişdir. Bu isə prosesin tələblərinin pozulması deməkdir. Vizual baxış texniki nasazlığın qəti sübutu sayıla bilməz. O, ekspertiza tələb etdikdə polis əməkdaşı bunu təmin etməyə borcludur. Ekspertiza arayışı rəsmi mütəxəssis tərəfindən tərtib edilmişdir və onun nəticələri protokoldakı iddiaları tam şəkildə təkzib edir. Avtomobilin dayanacağa aparılması üçün əsas yoxdur, çünki texniki nasazlıq faktı təstiqlənməmişdir. Onun işi nəqliyyat vasitəsi ilə bağlıdır və avtomobilinin əsassız olaraq 8 gün müddətdə fəaliyyət göstərə bilmədiyi üçün maddi zərər çəkmişdir. Bu da özlüyündə onun iqtisadi fəaliyyətinin əsassız məhdudlaşdırılması deməkdir. Qeyd olunanlara əsasən, xx.xx.2025-ci il tarixində ona qarşı 342.2.2-ci maddə ilə tərtib edilmiş protokolun əsassız hesab edilərək ləğv olunması, nəqliyyat vasitəsinin qanunsuz olaraq cərimə meydançasına aparılması faktının qanunsuz hesab edilməsi, ona vurulmuş maddi ziyanın qiymətləndirilməsi üçün iş materiallarının əlavə araşdırılması və zəruri hallarda polis əməkdaşının hərəkətlərinə hüquqi qiymət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onun maşınında konstruksiya dəyişikliyi edildiyi iddia olunsa da, belə hal yoxdur. Maşını qanunsuz olaraq duracağa aparılmış və orada saxlanılmışdır. Öz hesabına çağırdı servis mütəxəssisinin rəyi isə nəzərə alınmamışdır. Qərar tam əsassızdır. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi X3 göstərmişdir ki, X2 təqdim etdiyi mütəxəssis rəyi əsassızdır, nəqliyyat vasitəsi “Opel” markalı nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş servizdə yoxlanılmamış və müvafiq rəy alınmamışdır. Şikayət əsassız olduğundan təmin olunmamasını, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 12 dekabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Opel Astra minik” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X4 Bakı şəhəri Babək prospektində 09 dekabr 2025-ci il tarixdə, saat 03:30-da “normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə”, 09 dekabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Grand” avtoservis tərəfindən verilmiş 11 dekabr 2025-ci il tarixli, 18 nömrəli arayışdan görünür ki, dövlət nömrə nişanı **-HA-***, marka/modeli “Opel Astra”, VİN (Şassi) kodu W0L0AHL**********, buraxılış ili 2007 il olan avtomobilə mütəxəssis tərəfindən yerində baxış keçirilmiş, baxış zamanı aşağıdakılar yoxlanılmışdır: Asqı sistemi (ön və arxa); Yayların uzunluğu və forması; Amortizatorların vəziyyəti; Şassi hündürlüyü (zavod norması ilə müqayisə); Konstruksiyaya müdaxilə ehtimalı; Kəsmə, qızdırma, qaynaq izləri; Ümumi aqreqat və konstruktiv elementlər. Nəticə: Avtomobilin konstruksiyasında hər hansı qeyri-qanuni və ya zavod xaricində dəyişiklik aşkar olunmamışdır. Asqı sistemi və yayların ölçüləri zavod göstəricilərinə tam uyğundur. Yaylarda kəsmə, qızdırılma və ya modifikasiya izləri aşkar edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi – həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və yüz əlli manat məbləğində cərimə edilir; 70.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, sübutların aşkar edilməsində, götürülməsində və rəsmiləşdirilməsində, habelə texniki vasitələrin tətbiq edilməsində kömək göstərilməsi üçün xüsusi biliyə malik olan şəxs icraatında inzibati xəta haqqında iş olan hakim, vəzifəli şəxs tərəfindən inzibati xətalar haqqında iş üzrə icraatda iştirak etmək üçün mütəxəssis kimi dəvət olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan, onun vəzifəli şəxsi tərəfindən X4 tərəfindən “Opel Astra minik” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə münasibətdə “normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi” ilə bağlı qənaətə gəlinərkən yalnız vizual baxışa əsaslanılmış, mütəxəssis cəlb olunmamış, nəqliyyat vasitəsinə baxış keçirilməsi təmin olunmamış və həqiqətən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilib-dəyişdirilmədiyi müəyyən edilməmişdir. Əksinə, sürücü X4 tərəfindən mütəxəssis cəlb olunmuş və avtomobilin konstruksiyasında hər hansı qeyri-qanuni və ya zavod xaricində dəyişikliyin aşkar olunmaması, asqı sisteminin və yayların ölçülərinin zavod göstəricilərinə tam uyğun olması, yaylarda kəsmə, qızdırılma və ya modifikasiya izlərinin aşkar edilməməsi barədə 11 dekabr 2025-ci il tarixli mütəxəssis rəyi təqdim olunmasına baxmayaraq, 12 dekabr 2025-ci il tarixdə onun barəsində inzibati tənbeh tətbiq edilmiş, qərarda isə həmin rəyə münasibət bildirilməmiş, qəbul olunmamasının əsasları göstərilməmişdir. Sözügedən nəqliyyat vasitəsi hazırda da mühafizə olunan duracaqda saxlanılır, qanunvericiliyin tələblərinə əməl olunmaqla mütəxəssisin cəlb olunaraq nəqliyyat vasitəsinə yenidən baxış keçirilməsi və ya buna zərurət görmədən mövcud mütəxəssis rəyində əksini tapmış məlumatların yenidən qiymətləndirilməsi imkanı itirilməmişdir. Hansı ki, bu qeyd olunanların məhkəmədə işə baxılarkən həyata keçirilməsi mümkün deyildir. Ona görə məhkəmə belə qənaətə gəlir ki, X2 Azərbaycan Respublikası İXM-nin 342.2.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsini təsdiq edən sübutlar tədqiq edilmədən, yalnız ehtimallar əsasında o, təqsirli bilinərək inzibati qaydada tənbeh olunmuş, bununla da həmin qərarın qəbul olunması ilə şəxsin hüquqları pozulmuşdur. Məhkəmə bu zaman nəzərə alır ki, İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsinin ziddinə olaraq iş üçün nühüm əhəmiyyət kəsb edən faktiki halların qəbul edilən inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli orqanın (vəzifəli şəxsin) İnzibati Xətalar Məcəlləsinin 8, 75 və 76-cı maddələrinin tələblərinə zidd olaraq inzibati xəta törətmiş şəxsin təqsirliliyini sübut etmək vəzifəsini yerinə yetirmək üçün sübutları təqdim etməməsi, belə nəticəyə gəlməyə əsas verir ki, həmin səlahiyyətli orqan (vəzifəli şəxs) iş üçün əhəmiyyətli halları sübuta yetirməmişdir. Ona görə məhkəmə hesab edir ki, X4 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta üzrə ilkin araşdırma zamanı müvafiq hallar araşdırılaraq inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyri-mümkündür, inzibati araşdırma qaydasında müvafiq sübutlar tədqiq olunaraq qiymətləndirilməli, zərurət yarandıqda digər hərəkətlər həyata keçirilməli, daha sonra şəxsin təsirlilik məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X2 barəsindəki 12 dekabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, 09 dekabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsindəki 12 dekabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, 09 dekabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar