Məhkəmə qərarları › İş №3(007)-5716/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5716/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5716/2025 29.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi prokurorun böyük köməkçisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 21 avqust 1982-ci il tarixdə Beyləqan rayonunun Bünyadlı kəndində anadan olmuş, Beyləqan rayonunun Bünyadlı kəndində qeydiyyatda olan, Abşeron rayonu Mehdiabad qəsəbəsi Əlillər küçəsində nömrəsiz fərdi evdə yaşayan, "xxxx" ASCdə növbə ustası vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami rayon prokurorunun 11 dekabr 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, vəzifəli şəxs Şəxs "xxxx" ASC-nin fasonlu hissələrin metaltökmə sahəsində çəkisi 50 kq olan yükün təhlükəsiz yerdəyişməsi üçün qaldırıcı-nəqliyyat və kiçik mexanizasiya vasitələrinin istifadəsi təmin olunmadığına görə, “Təşkilatlarda yüklərin yerdəyişmə əməliyyatları. Ümumi təhlükəsizlik tələbləri” 12.3.020- 80 DÜST-ün 3.3.2 bəndinin tələblərinin pozulması nəticəsində xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-də poladəridən köməkçisi işləyən Zərərçəkmiş şəxs sağlamlığa az ağır zərər vurulmasına səbəb olan bədən xəsarətləri almış, bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulması inzibati xətasını törətmişdir. Qeyd olunanlar Zərərçəkmiş şəxs, Şəxs izahatları, baxış protokolu, əmək müqavilələri, ekspert rəyləri ilə sübut olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, "xxxx" ASC-nin ünvan 1 ünvanında yerləşən fasonlu hissələrin metaltökmə sahəsində növbə ustası vəzifəsində, xx.xx.2018-ci il tarixdə isə "xxxx" ASC-yə poladəridən vəzifəsinə təyin edilərək işləmişdir. 2024-cü ildən isə həmin ASC-də növbə ustası vəzifəsinə keçirilmişdir. Həmin vaxtdan da orada bu vəzifədə işləyir. Vəzifəsi üzrə o, gecə növbəsində qalarkən, yəni saat 00-dan səhər saat 08:00-dək ASC-nin fasonlu hissələrin metaltökmə sahəsinə rəhbərlik edir. Vəzifə öhdəliyinə əsasən növbədə olduğu müddət ərzində briqada üzvlərinin əmək və istehsalat intizamına, təhlükəsizlik texnikası üzrə təlimatlara riayət etmələrinə, əmək şəraitinin vəziyyətinə daimi nəzarət etmək, əmək qanunvericiliyinə, daxili nizam-intizam qaydalarına, əməyin mühafizəsinin norma və qaydalarına, texniki-təhlükəsizlik, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsinə, müəssisədə zədə almış şəxsə ilkin tibbi yardım göstərilməsinə nəzarət etmək, ona həvalə edilmiş vəzifə öhdəliklərini vaxtında, layiqincə və keyfiyyətli həyata keçirmək və s. vəzifə öhdəlikləri sırasındadır. Ona işə daxil olarkən və sonradan təhlükəsizlik qaydalarına riayət edilməsi ilə bağlı bütün təlimatlar vaxtlı-vaxtında keçirilmiş, həmin təlimatları qəbul etmişdir. Həmçinin, təhlükəsizlik vasitələri və fərdi mühafizə vasitələri, o cümlədən iş geyimi ilə təmin olunmuşdur. ASC-nin fasonlu hissələrin metaləritmə sahəsinin iş prinsipinə görə qaldırıcı kran vasitəsilə dəmir yeşikdə əritmə sobasına atılaraq əridilmələri üçün sobaya yaxınlaşdırılan, çəkisi 50 kiloqramdan yuxarı olan metal birləşmələr poladəridən köməkçiləri tərəfindən əllərində tutduqları dəmir linglə dəmir yeşiyin içərisindən itələnərək bir-bir əritmə sobasına atılır. Dəmir lingin uzunluğu 1 metr 50 sm-dir. İçərisində hər birinin çəkisi 50 kiloqramdan yuxarı olan dəmir birləşmələrin qoyulduğu dəmir yeşiyin uzunluğu 2 metr 50 sm, eni isə 1 metr 20 sm-dir. xx.xx.2025-ci il tarixdə gecə növbəsində olarkən iş sahəsində olmuşdur. Poladəridən köməkçisi Zərərçəkmiş şəxs həmin vaxt təsvir etdiyi işi görmüş, qarşısında dayanmış dəmir yeşiyin içərisindəki, çəkisi 50 kiloqramdan yuxarı olan metal birləşmələri əlindəki dəmir linglə əritmə sobasının içərisinə tərəf itələmiş, bir-bir atmışdır. Qəfil görmüşdür ki, Sübhan dəmir yeşiyin içərisində olan çəkisi 50 kiloqramdan yuxarı olan dəmir birləşməni əritmə sobasına doğru itələməyə çalışarkən həmin metal birləşmənin üstündə olan digər ağır çəkili metal birləşmənin dəmir lingin üzərinə zərblə düşməsinin təsirindən dəmir lingin poladəridən köməkçisi Zərərçəkmiş şəxs əlində olan hissəsi əlindən çıxaraq zərblə Sübhanın baş nahiyyəsindən dəymiş və Sübhan yerə yıxılmışdır. Dərhal Sübhana tərəf qaçmışdır. Sübhan huşunu itirmişdir. Bir qədər üzünə su vurduqdan sonra özünə gəlmişdir. Daha sona baş vermiş hadisə barədə rəhbərliyə məlumat vermişlər. Araşdırma zamanı izahatı alınmış Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, "xxxx" ASC-də poladəridən köməkçisi vəzifəsində işləyir. Onunla əmək müqaviləsi bağlanmış, ona işə götürülərkən texniki təhlükəsizlik qaydaları ilə əlaqədar təlimatlar keçirilmişdir. xx.xx.2025-ci il tarixdə saat 02 radələrində işdə olarkən xəsarət almışdır. Belə ki, işlədiyi metaləritmə sexində olarkən metalların əridilməsi üçün əlində olan lomla 50-60 kiloqramlıq metal bağlamaları əritmə ocağının içərisinə itələyib atmışdır. Metal bağlamalar iri dəmir ləyənin içərisində üst-üstə qoyulmuşdur. O, altda olan metal bağlamanı linglə itələdikdə, həmin bağlamanın üstündə olan bağlama qəfil lingin üstünə düşmüşdür. Bu zaman lingin əlində tutduğu hissəsi qalxıb sifətinin sağ tərəfindən dəymiş və o yıxılmışdır. Təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 1252 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş baş beyinin yüngül dərəcəli əzilməsi, sol gicgah payında minimal hemorragik kontuziya sahələri, sağ təpə gicgah nahiyyədə yumşaq toxumaların əzilməsi, sağtərəfli təbil pərdəsinin posttravmatik perforasiyası-bərk küt əşyanın, ola bilsin ki, dəmir lingin təsiri nəticəsində alınması istisna olunmur, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2025-ci il tarixdə öz əlində olan dəmir lingin başına dəyməsi nəticəsində alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Təyin edilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2025-ci il tarixli 10/7740 saylı rəyindən görünür ki, ünvan 2 ünvanında fəaliyyət göstərən “Bakı İnşaat Sənaye" ASC-nin fasonlu hissələrin metaltökmə sahəsində çəkisi 50 kq olan yükün təhlükəsiz yerdəyişməsi üçün qaldırıcı- nəqliyyat və kiçik mexanizasiya vasitələrinin istifadəsinin təmin olunmaması hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Təşkilatlarda yüklərin yerdəyişmə əməliyyatları. Ümumi təhlükəsizlik tələbləri” 12.3.020-80 DÜST-nün 3.3.2 bəndinin tələbləri pozulmuşdur. ünvan 2 ünvanında fəaliyyət göstərən "xxxx" ASC-nin fasonlu hissələrin metaltökmə sahəsində metal bağlamaların əritmə ocağına ötürülməsi işinin aparılması zamanı qaldırıcı-nəqliyyat və kiçik mexanizasiya vasitələrinin istifadəsi təmin edilmədiyinə görə, “Təşkilatlarda yüklərin yerdəyişmə əməliyyatları. Ümumi təhlükəsizlik tələbləri” 12.3.020-80 DÜST-nün 3.3.2 bəndinin tələbləri sahədə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən pozulmuşdur. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında fəaliyyət göstərən "xxxx" ASC-nin fasonlu hissələrin metaltökmə sahəsidir. Həmin sahənin rəisi X3 xx.xx.2025-ci il tarixdə gecə saatlarında iş yerində ASC-də poladəridən köməkçisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnmiş hadisənin necə baş verdiyini göstərib təsvir etmişdir. Baxış zamanı, həmçinin İlham Quliyevin təsvir etməsinə əsasən hadisə yerində müəyyən edilmişdir ki, ASC-nin fasonlu hissələrin metaləritmə sahəsinin iş prinsipinə görə qaldırıcı kran vasitəsilə dəmir yeşikdə əritmə sobasına atılaraq əridilmələri üçün sobaya yaxınlaşdırılan, çəkisi 50 kiloqramdan yuxarı olan metal birləşmələr poladəridən köməkçiləri tərəfindən əllərində tutduqları dəmir linglə dəmir yeşiyin içərisindən itələnərək bir-bir əritmə sobasına atılır. Dəmir lingin uzunluğu 1 metr 50 sm-dir. İçərisində hər birinin çəkisi 50 kiloqramdan yuxarı olan dəmir birləşmələrin qoyulduğu dəmir yeşiyin uzunluğu 2 metr 50 sm, eni isə 1 metr 20 sm-dir. İlham Quliyev bildirmişdir ki, hadisə zamanı poladəridən köməkçisi Zərərçəkmiş şəxs dəmir yeşiyin içərisində olan çəkisi 50 kiloqramdan yuxarı olan dəmir birləşməni əritmə sobasına doğru itələməyə çalışarkən həmin metal birləşmənin üstündə olan digər ağır çəkili metal birləşmənin dəmir lingin üzərinə zərblə düşməsinin təsirindən dəmir lingin poladəridən köməkçisi Zərərçəkmiş şəxs əlində olan hissəsi sonuncunun əlindən çıxaraq zərblə baş nahiyyəsindən dəyərək Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Materiala əlavə edilmiş “Əmək müqaviləsi”ndən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə "xxxx" ASC zavodunun fasonlu hissələrin metaltökmə sahəsində poladəridən köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Materiala əlavə edilmiş “Əmək müqaviləsi”ndən görünür ki, Şəxs xx.xx.2018-ci il tarixdə "xxxx" ASC zavodunun fasonlu hissələrin metaltökmə sahəsində növbə ustası vəzifəsinə işə qəbul edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikası İXM-nin 99.1.2-ci maddəsinə əsasən Nizami rayon prokurorluğunda toplanmış material olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması və inzibati xəta haqqında iş üzrə icraatın başlanmasını rədd edən halların olmamasıdır. xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-də poladəridən köməkçisi işləyən Zərərçəkmiş şəxs işləyərkən xəsarət alması faktı üzrə əməldə cinayət tərkibi olmadığından xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, vəzifəli şəxs, "xxxx" ASC-də növbə ustası vəzifəsində işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərarın və toplanmış materialın şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında icraatı başlamış Bakı şəhəri Nizami rayon prokurorunun nümayəndəsi prokurorun böyük köməkçisi X2 qərarın dəlillərini müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, "xxxx" ASC-də növbə ustası işləyir. Gecə saat 1-də başlayan iş səhər saat 8-də bitir. Hadisə də gecə baş verib. Həmin vaxt bütün məsuliyyət onun üzərində olur. İş prosesi də həmişə bu qaydada gedir. Prokurorluqda verdiyi izahatında da göstərmişdir ki, Zərərçəkmiş şəxs iki dəfə demiş, xəbərdarlıq etmişdir ki, bu formada işləmək olmaz, qaydalara əməl etsin. Hesab edir ki, o, hər hansı xəta törətməmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qərarda göstərilən qaydada izahat vermiş, əlavə olaraq göstərmişdir ki, işə qəbul olunarkən ona təhlükəsizlik qaydaları izah edilmiş, eyni zamanda növbə zamanı da usta Şəxs xəbərdarlıq etmişdir. Lakin o, düzgün işləmədiyinə, qaydaya əməl etmədiyinə görə hadisə baş vermişdir. Hadisə zamanı Elməddin ondan 2-3 metr aralıda olmuşdur. Baş vermiş hadisəyə görə şikayətçi deyildir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz Şəxs tərəfindən törədilmişdir. İnzibati xəta haqqında işin icraatını istisna edən və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşməklə işin icraatına xitam verilməsi üçün əsas hesab olunacaq hallar müəyyən edilməmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə, işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxsin şikayətinin olmamasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar