Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-572/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 xx xxxx 1994-cü ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Dəstə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Dəstə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2021-ci il tarixdə “Harmony” oteldə aparılan yoxlama zamanı qonaqlar üçün otaqlarda spirt tərkibli əl dezinfeksiyaedici vasitələrlə təmin edilmədiyi, nəticədə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarının pozulmasına görə, X3 barəsində xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi rəis müavini X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin şəxs barəsində 4.000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X2 Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “inzibati tənbeh vermə haqqında” MN seriyalı ******* nömrəli xx xxxxxx 2021-ci il tarixli qərarı ilə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 4 000 (dörd min) manat tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Qərarın surəti ona xx xxxxxx 2021-ci il tarixində rəsmi olaraq təqdim edilib. Qərar aşağıda göstərilənlərə görə qanunsuz və əsassızdır, ləğv edilməlidir. Qərar qəbul edilərkən, İnzibati Xətalar Məcəlləsinin aşağıda sadalanan maddələrinin hamısının tələbləri kobud şəkildə pozulmuşdur: 1. Onun AR İXMnin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, “8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İş materiallarında onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli olması barədə heç bir mötəbər sübut yoxdur. Bundan əlavə, qərarda qeyd edilib ki, guya onun idarəçiliyində olan “Harmony” oteldə aparılan yoxlama zamanı qonaqlar üçün otaqlarda spirt tərkibli əl dezinfeksiyalarının təmin edilmədiyi, nəticədə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimlərinin pozulduğu müəyyən edilib. Əvvəla, qərarda göstərilənin əksinə, rəhbərlik etdiyi otelin otaqları vaxtaşırı dezinfeksiya edilməklə yanaşı, qonaqların mütəmadi olaraq əl dezinfeksiyasından istifadə etməsi otel personalı tərəfindən daim təmin edilir. İkincisi isə, qərardan aydın olmur ki, hansı mövcud qanunvericiliyə görə rəhbərlik etdiyi “Harmony” otelin qonaqlar üçün nəzərdə tutulan otaqlarında spirt tərkibli əl dezinfeksiyalarının təmin edilməsi zəruridir və bu qaydaların pozulması inzibati məsuliyyət yaradır. Halbuki, təqsir yalnız şübhə doğurmayan və təkzibedilməz sübutlar əsasında təsdiq edilməli və mövcud qanunvericiliklə əsaslandırılmalıdır. İnzibati orqan tərəfindən qərar qəbul edilərkən, onun iştirakı təmin edilməmiş, iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. Göründüyü kimi, qanunverici barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, hakim və ya vəzifəli şəxs tərəfindən istənilən prosessual hərəkətə çağırılmasını məcburi hesab etmiş və bu qaydaya əməl edilməməsinin hüquqi nəticəsini müəyyənləşdirmişdir. Bütün bunlar isə, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “inzibati tənbeh vermə haqqında” MN seriyalı ******* nömrəli xx xxxxxx 2021-ci il tarixli qərarının tamamilə qanunsuz və əsassız olduğunu bir daha təsdiq edir. Buna görə də, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli qərarının ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3, şikayət ərizəsində qeyd olunanları bir daha təsdiq edərək, barəsində əsassız protokol tərtib edildiyini və qərar qəbul edildiyini bildirirərək, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli qərarının ləğv edilməsi məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, qərardan şikayət vermiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi rəis müavini X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 4.000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 287 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın 7.2-ci bəndinə əsasən, bütün təmizlik və dezinfeksiya tədbirlərinin gündəlik müntəzəm nəzarət formaları və keyfiyyətə nəzarət cədvəlləri vasitəsilə davamlı olaraq qeydiyyatı aparılır. Qeydiyyat masasında və ya girişdə ən son dezinfeksiya olunma tarixi qeyd edilməklə qonaqlara görülmüş tədbirlər barədə yazılı məlumatlar nümayiş etdirilir. Lakin, məhkəmə iclasında qərardan şikayət vermiş şəxs tərəfindən qeyd olunan oteldə bütün təmizlik və dezinfeksiya tədbirlərinin gündəlik müntəzəm nəzarət formaları və keyfiyyətə nəzarət cədvəlləri vasitəsilə davamlı olaraq qeydiyyatının aparılmasına, habelə yuxarıda göstərilən tələblərə əməl edilməsini təsdiq edən hər hansısa sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinə görə inzibati icraatın başlanması, onun inzibati qaydada məsuliyyətə cəlb olunaraq tənbeh edilməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, qərardan şikayət vermiş şəxs X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, F.F.Hüseynovun yalnız formal mülahizələrinə əsaslanaraq, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgün olan inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı qərarın ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin aparat rəhbəri K.İ.Qasımov tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-572/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-572/2021
08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver