Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5726/2025 15.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Hüseyn Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin yol-patrul xidməti inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 04 dekabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 04 dekabr 2025-ci il tarixdə, saat 08:44-də Bakı şəhəri Nizami rayonu Mehdi Abbasov küçəsində “Toyota Highlander H minik” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı, bundan başqa həmin Məcəllənin 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazı onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Toyota” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Nizami rayonu DYPŞ-nin əməkdaşı X2 tərəfindən dönmə işığını istifadə etmədiyini əsas gətirərək saxlanılmış və ona prosedur qayda olduğundan əlində olan ona marka və modeli məlum olmayan cihaza nəfəs verməyini tələb etmişlər. Bu zaman o, polis əməkdaşına bunun qanunsuz və əsassız olduğunu bildirdikdə polis əməkdaşı ona “dirəşmə nə deyiriksə onu elə” demişdir. O da elə etmişdir. Bu zaman ona “səndə 0.2 promil spirt aşkar olunur” demişdir. O, nə qədər belə bir halın ola bilməməsini desə də heç bir fayda verməmiş və ona “onda sür gedək DYPŞ-nə orada bir dənə izahat yaz ki, məndən 0.2 promil sərxoşluq çıxmışdır, oradan da çıx get” demişdir. O da maşını idarə edərək DYPŞnin qarşısına gəlmiş, orada maşını saxlamış və birgə Hüseyn adlı əməkdaşın yanına qalxmışlar. Orada Hüseyn ona izahat yazdırmış və ona demişdir ki, “bu elə-belə şeydir. Yaz ki, rəisə göstərək ki, sən ayıqsan”. O, izahatı yazıb Hüseynə vermiş və Hüseyn izahatın üstündə nəsə yazıb kənara qoymuş və ona “gözlə rəisə deyim səni çağıracam” demişdir. O, işin düzgün getmədiyini görmüş və oradan çıxaraq dərhal həkim müayinəsindən keçmək üçün həkimə müraciət etmişdir. Orada onun heç bir spirtli içki içmədiyi və ayıq olduğu məlum olmuş və ona bu barədə rəsmi akt təqdim etmişlər. O, həmin aktı Hüseyn adlı əməkdaşa vermək üçün DYPŞ-nə yaxınlaşmış, orada Hüseyn adlı əməkdaş “özünü çox ağıllı sayırsan” deyərək çox kobud və aqressiv cavab vermişdir. Ona “indi gözdə gör mən neyniyəcəm” demişdir. Bundan sonra yəni saat 12:50 radəllərində əlində ayıq olduğuna dair sənəd olmağına baxmayaraq İXM-nin 329.3 və 333.1-ci maddələri ilə protokol tərtib edib, baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərmişlər. Həmin işdə **-YP-*** saylı avtopatrulun videogörüntüləri, TŞ4-006, TŞ4-009 və TŞ4-124 saylı kamera görüntülərinində işə əlavə edilməsini, YPX əməkdaşının üzərində olan səs yazılı cihazın səs yazısını və xidmətə çıxan zaman onu saxladığı andan ta ki protokolu tərtib etdiyi zaman aralığında olan bütün sübutları təqdim etməsini və məhkəmə tərəfindən düzgün qərar çıxarılmasını xahiş edir. Çünki tərtib olunmuş protokol tam qanunsuz və əsassızdır. Əgər o, polis əmkdaşlarının iddia etdikləri kimi sərxoşdursa nəyə görə avtomobili özü idarə etsin və protokol tərtib olunduqdan sonra yenidən avtomaşını idarə edib özü getsin. Necə olmuşdur ki, protokol yazılandan sonra dərhal ayılmışdır? Qeyd etdiklərini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin yol-patrul xidməti inspektoru X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, sərxoşluq halı müəyyən edildikdən sonra heç bir halda sürücüyə avtomobil idarə edilməsi üçün verilməmişdir. Şəxs yerində müayinənin nəticəsi ilə razılaşaraq izahatında da bu halı etiraf etmişdir. Bundan başqa Şəxs onun inzibati xəta haqqında protokol tərtib etməməsi üçün məsələni “yerində həll etməyi” ona təklif etmişdir. Məhkəməyə təqdim etdiyi videogörüntülərlə inzibati xətanın həmin şəxs tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. Protokol əsasında şəxsin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etirazın dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, dönmə işığından istifadə etmədiyi üçün saxlanılmışdır. Alkotestrin nəticəsi ona göstərilməmişdir. Saxlanılandan sonra avtomobilini özü idarə edib polis idarəsinə getmiş, sonra isə avtomobilini onun icazəsi olmadan özəl duracağa aparmışlar. İzahatı polislərin sözü ilə yazılmış, özü yamamışdır. Amma polislərin sözünə güvənib izahatı imzalamışdır. Polisdən çıxan kimi gedib ayıq olması barədə sənəd almışdır. Polislər onun üstünə şər atmışlar. Qeyd etdiklərinin nəzərə alınmasını və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün istifadə edilmiş xüsusi texniki vasitənin nəticəsindən görünür ki, Şəxs 04 dekabr 2025-ci il tarixdə, saat 08:44-də keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0,475% olmuşdur. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə olunmasına dair 04 dekabr 2025-ci il tarixli protokoldan və Şəxs tərəfindən eyni tarixdə yazılmış ayrıca izahatdan görünür ki, o, spirtli içki içdiyini etiraf etmiş, alkotestrin nəticəsi onu qane etdiyindən həkim müayinəsinə ehtiyac olmadığını göstərmişdir. Şəxs təqdim etdiyi “Sərxoşluq vəziyyətinin tibbi müayinə”sinə dair 04 dekabr 2025ci il tarixli, 2/69535 nömrəli protokolun surətindən görünür ki, onun həmin tarixdə saat 11:25-də keçirilən tibbi müayinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Sözügedən maddənin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, belə ki, həmin şəxsin alkoqoldan istifadə etməsi və bunun nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı yerində olmaqla xüsusi texniki vasitənin vasitəsi ilə müəyyən olunmuşdur, bu nəticənin şübhə altına alınması üçün əsaslar yoxdur. Sərxoşluq faktı xüsusi texniki vasitə ilə 04 dekabr 2025-ci il tarixdə, saat 08:44-də yerində aşkar olunmuş, Şəxs isə saat 11:25-də tibbi müayinədən keçmişdir. Aradakı saat fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qaldırılmasına yetərli hesab oluna bilər. Bundan başqa inzibati araşdırma zamanı, 04 dekabr 2025-ci il tarixdə Şəxs yazılı izahat verib həmin göstərici ilə razılaşaraq, tibbi müayinə üçün həkim müayinəsindən keçməyə ehtiyac olmadığını göstərmişdir. Ona görə məhkəmə Şəxs hazırda irəli sürdüyü dəlilləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Bundan başqa, məhkəmə inzibati xətalara dair qanunvericiliyin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli Qərarı ilə gəldiyi hüquqi mövqeyə əsasən qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 329.3-cü maddəsi nəzərdə tutulmamışdır. Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, şəxsin barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5726/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5726/2025
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver