Məhkəmə qərarları › İş №3(007)-5733/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5733/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5733/2025 25.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 24 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ** OJ *** dövlət qeydiyyat nişanlı, ağ rəngli “Changan Qiyuan A07” markalı avtomobilin sürücüsüdür. 2025-ci il 13 noyabr tarixində, saat 15:35-də, Babək prospektindən şəhər istiqamətində hərəkətdə olarkən Babək prospekti və Kamran Əfkari küçəsinin kəsişməsində yerləşən işıqforun qırmızı işığı yanmış və o, ən sağ zolaqda dayanmışdır. İşıqfor qarşısında dayandığı zaman o, həmin zolağa 1.11 üfüqi nişanlamasından (biri bütöv, biri qırıq-qırıq olmaqla) qırıq xətt tərəfdən daxil olmuşdur. İşıqforun yaşıl işığı yandıqdan dərhal sonra isə 1.7 üfüqi nişanlamasından (tək qırıq-qırıq xətt) keçərək sol zolağa daxil olub hərəkətini düz istiqamətdə davam etdirmişdir. İşıqforda dayandığı istiqamətdə asfalt üzərində, yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərən 4.1.4 nişanı (“düzünə və sağa məcburi hərəkət”) mövcud olub. Dayandığı hissədə yerüstü nişanlanma - kəsik xətt olub. Yəni, həmin zolağa daxil olmağa icazə verən nişanlanma mövcud idi. O, həmin zolağa yalnız işıqfor qarşısında dayanmaq məqsədilə daxil olmuşdur və hərəkət başladıqdan dərhal sonra avtobus zolağından çıxmışdır. Avtobus zolağına daxil olarkən və ya çıxarkən orada avtobus olmayıb, maneçilik törətməmiş və avtomobili hərəkətsiz vəziyyətdə saxlamamışdır. Babək prospektində avtobus zolağı ilə hərəkət günün müəyyən saatlarında məhduddur və həmin zolağa yalnız kəsik xətt olduqda daxil olmaq mümkündür. Onun hərəkəti bu qaydalara tam uyğun olub. Lakin həmin vaxt ** YP *** dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan, kapitan rütbəli, tək olan (adını təqdim etməyən) polis əməkdaşı onu saxlayaraq bildirmişdir ki, guya o, avtobus zolağı ilə hərəkət etmiş və bu səbəbdən ona cərimə protokolu tərtib etmişdir. Protokol nömrəsi İXP7585911. Əməkdaşa vəziyyəti izah etsə də, o, izahını nəzərə almadan qərar qəbul etmişdir. Daha sonra o, Xətai dairəsi yaxınlığında həmin polis əməkdaşına yaxınlaşaraq, adını və soyadını şikayət ərizəsinə daxil etmək üçün soruşmuş, lakin o, öz adını və soyadını deməkdən imtina etmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. İş materiallarından onun tərəfindən İXM-nin 327.1-1-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmir. Hesab edir ki, hadisənin başvermə şəraiti araşdırılmalı, əməkdaşın hərəkətlərinə hüquqi qiymət verilməli, ona tətbiq edilmiş cərimə ləğv edilməli və nəticə barədə yazılı cavab təqdim olunmalıdır. Hadisə ilə bağlı o, hadisə yerinə geri qayıdaraq, yerdəki xətt və nişanlanmanın fotoşəkillərini çəkmişdir, bu şəkilləri ərizəyə əlavə kimi təqdim edir. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri BPİ X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və özbaşınalığa yol vermiş polis əməkdaşlarının məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş, lakin sübut qismində video görüntü təqdim etmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 24 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Changan Qiyuan A07 Plug-İn Hibrid minik” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 Bakı şəhəri X5, 11/6A ünvanında 13 noyabr 2025-ci il tarixdə, saat 15:40-da “5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi”nə görə, Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir; 48-ci maddəsinin İV hissəsinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 13 noyabr 2025-ci il tarixdə, saat 15:40-da ünvan 2 ünvanında “Changan Qiyuan A07 Plug-İn Hibrid minik” markalı, **-OJ- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı”na daxil olaraq hərəkət etmişdir ki, həmin əməli ilə o, Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu qeyd edilənlər işdə olan materiallarla yanaşı qərarı barəsində şikayət verilmiş orqanın təqdim etdiyi video görüntünün tədqiqi ilə də öz təsdiqini tapmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati xəta haqqında protokolun tərtib olunmasına mane olan hallar, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırkı icraatda inzibati iş üzrə qərara yenidən baxılması nəzərdə tutulmuşdur, ona görə inzibati xəta haqqında protokoldan şikayətə baxılmamış və hər hansı əsaslandırma aparılmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 24 noyabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar