Məhkəmə qərarları › İş №3(007)-574/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-574/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-574/2023 30.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı X11, müdafiəçi- X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, taksi sürücüsü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Müşviqabad qəsəbəsi, İzlivnoy küçəsində fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Bakı Şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:50 radələrində idarə etdiyi “Toyoto Prius” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə Koroğlu metrostansiya istiqamətinə doğru 60 km/saat sürətlə ikinci hərəkət zolağı ilə hərəkət edib, yolun Ə.Hacıyev küçəsi ilə kəsişməsində onunla eyni istiqamətdə 40-50 km/saat surətlə düzünə hərəkət edən X4 idarə etdiyi “Mercedes” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Nəticədə X1 zərər vurulmuşdur. Müəyyən edilmişdir ki, Şəxs sürücülük vəsiqəsinin müddəti bitdikdən sonra, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə etmişdir. Bununla da o, İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı Şəhəri Nizami Rayonu Polis İdarəsi tərəfindən xx.xx.2023-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Nizami RPİ Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Emil Hacıyevin 13 yanvar 2023-cü il tarixli qərarı əsasında tərtib edilmişdir. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək izahatında göstərdi ki, həqiqətən də sürücülük vəsiqəsinin vaxtı bitmişdir və vaxtında gedib sürücülük vəsiqəsini dəyişə bilməmişdir. Həmçinin o, məhkəmədən barəsində yüngül tənbeh verilməsini xahiş etdi. Protokol tərtib etmiş Bakı şəhər Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı X12 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:50 radələrində idarə etdiyi “Toyoto Prius” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə Koroğlu metrostansiya istiqamətinə doğru 60 km/saat sürətlə ikinci hərəkət zolağı ilə hərəkət edib, yolun Ə.Hacıyev küçəsi ilə kəsişməsində onunla eyni istiqamətdə 40-50 km/saat surətlə düzünə hərəkət edən X4 idarə etdiyi “Mercedes” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. X3 maddi zərər vurulmuşdur. İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması da inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli rəyinə əsasən “Toyoto Prius” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 1149 saylı rəyinə əsaən X5 müayinəsi zamanı bədən səthndə xəsarət və izlər aşkar edilməmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 400 manat (dörd yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar