Məhkəmə qərarları › İş №3(007)-5762/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5762/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5762/2023 06.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X2 və MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi tərəfindən tərtib edilmiş 01 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC 2021-ci il üzrə maliyyə hesabatlarının 2022-ci ildə məcburi auditini aparmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, təqdim etdikləri sübutlarla, o cümlədən Dövlət Statistika Komitəsindən əldə olunan sübutlarla müəyyən olunur ki, Şəxs MMC-nin 2021-ci il üzrə illik gəliri 3.204.582,4 manat olmuşdur. Ona görə həmin MMC orta sahibkarlıq subyekti kateqoriyasına aiddir. Hansı ki, həmin kateqoriyadan olan subyektlər maliyyə hesabatlarının məcburi auditini aparmalı və müəyyən olunmuş vaxtda Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Şəxs MMC-nin təqsiri sübuta yetirildiyindən, protokol əsasında MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, o, Şəxs MMC-də maliyyə meneceri vəzifəsində işləyir. MMC-nin maliyyə sənədlərini təqdim etmişdir, həmin sənədlərlə müəyyən olunur ki, 2021-ci ildə cəmiyyətin işçi sayı cəmi 11 nəfər, illik dövriyyəsi isə 2.855.674,98 manat olmuşdur. Belə olan halda isə, Şəxs MMC orta sahibkarlıq subyekti hesab olunmur, ona görə MMC üzrə 2021-ci il üçün 2022-ci ildə məcburi auditin aparılması tələb olunmamışdır. Hesab edir ki, Şəxs MMC tərəfindən inzibati xəta törədilməmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X5 nümayəndənin irəli sürdüyü dəlilləri müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, vergi orqanı tərəfindən müəssisədə 2022-ci ildə aparılmış kameral vergi yoxlaması ilə 2021-ci ilin mənfəət bəyannaməsində 2.855.674,98 manat gəlirin olması müəyyən edilmişdir. İşçi sayları isə 11 nəfər olmuşdur. Ona görə müəssisə heç bir halda orta sahibkarlıq subyektinə aid deyildir. Orta sahibkarlıq subyekti olmadıqlarına görə də inzibati xəta haqqında protokolda qeyd olunan məcburi auditin aparılması tələbi edilə bilməz. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin Şəxs MMC-yə ünvanlanmış 10 oktyabr 2022-ci il tarixli 3-23/2-5454/2023 nömrəli bildirişindən görünür ki, MMC tərəfindən 2021-ci il üzrə maliyyə hesabatlarının auditinin 2022-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə 01 noyabr 2023-cü il tarixdə saat 12:00-da həmin şöbədə baxılacağı barədə bildirilmiş, təşkilatın 2021-ci il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyi mövcud olduğu təqdirdə həmin rəyin qeyd olunan tarixədək göndərilməsi xahiş edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Aparatının 04 dekabr 2023-cü il tarixli 3-34/2-3230/01-3/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında 2018-ci il 21 dekabr tarixli 556 nömrəli qərarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Dövlət Statistika Komitəsinə 2022-ci ilin aprel ayında təqdim edilmiş məlumatlara görə 2021-ci ildə Şəxs MMC (VÖEN **********) orta sahibkarlıq subyekti kateqoriyasına aid edilmişdir. Məhkəməyə təqdim edilmiş Dövlət Vergi Xidmətinin təqdim etdiyi siyahıya əsasən 2021-ci il üzrə maliyyə hesabatlarını 2022-ci il ərzində auditor yoxlamasından keçirməyən məcburi audit subyekti olan Şəxs MMC-yə (VÖEN **********) dair məlumatdan görünür ki, həmin MMC-nin illik gəliri 3.204.582,4 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar auidit). “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanunununun 12.3-cü maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə bu Qanunun 12.2-ci maddəsində qeyd edilən təşkilatlardan həmçinin aşağıdakılar tələb olunur: qurumun İnternet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması; qurumun illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının nüsxəsinin auditor rəyi ilə birlikdə hər hansı şəxsə, onun müraciəti əsasında pulsuz təqdim olunması. Həmin Qanunun 12-1.9-cu maddəsinə əsasən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən (bu Qanunun 12-1.2-ci maddəsində göstərilənlər istisna olmaqla), habelə nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan və bu Qanunun 12-1.7-ci və 12-1.8-ci maddələrində qeyd edilən publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbu orqanda dərc edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında 2018-ci il 21 dekabr tarixli 556 nömrəli qərarına əsasən “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmiş, qərara alınmışdır ki: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəlirləri barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin; Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etsin. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na görə, sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları “mikro sahibkar”; “kiçik sahibkar”; “orta sahibkar” və “iri sahibkar” kimi, işçilərinin orta siyahı sayları “mikro sahibkar” kateqoriyası üçün 1-10 nəfər; “kiçik sahibkar” kateqoriyası üçün 11-50 nəfər; “orta sahibkar” kateqoriyası üçün 51-250 nəfər; “iri sahibkar” kateqoriyası üçün 251 və ondan yuxarı kimi, illik gəlirləri “mikro sahibkar” kateqoriyası üçün ig ≤ 200 manat; “kiçik sahibkar” kateqoriyası üçün 200 < ig ≤ 3 000 manat; “orta sahibkar” kateqoriyası üçün 3 000 < ig ≤ 30 000 manat; “iri sahibkar” kateqoriyası üçün 30 000 < ig manat kimi müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hüquqi şəxsi təmsil edən şəxslərin izahatında qeyd olunanlara münasibətdə qeyd edir ki, burada, sübut etmə vəzifəsi üzərinə qoyulan, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC-nin illik gəliri 3.204.582,4 manat olmuş, bununla da MMC orta sahibkarlıq subyekti kateqoriyasına aid edilmişdir. Belə olan halda, Şəxs MMC-nin 2021-ci il üzrə maliyyə hesabatlarının 2022ci ildə məcburi auditini aparmamaqla müşayiət olunan hərəkətləri Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsinin təsiri altına düşməklə inzibati məsuliyyətə cəlb olunması qanuni və əsaslı olmuşdur. Baxmayaraq ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs təqsirsizliyini sübut etməyə borclu deyildir, Şəxs MMC-nin irəli sürdüyü dəlillərin əsası yoxdur, müəssisənin illik glirinin 2.855.674,98 manat olması barədə təqdim olunan sübutlar isə müvafiq qaydada təsdiqlənməmişdir, onların mötəbər sübut qismində qəbul olunması üçün əsaslar yoxdur, hansı ki, hüquqi şəxsin özü tərəfindən də bu hal qəbul olunaraq prosesin gedişində təsdiq olunmuş məlumatların əldə edilməsi üçün aidiyyəti qurumlara müraciət edilmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, təqdim olunan sənədlərdə və məhkəmədə verilən izahatlarda illik gəlirin məbləği 2.855.674,98 manat kimi qeyd olunsa da, vergi orqanına verilmiş sorğuda eyni rəqəm 2.877.174,98 manat kimi göstərilmişdir. Bunun özü də həmin rəqəmlərin dəqiq olmadığını göstərir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə təqsirli bilinib, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar