Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5780/2023 30.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, tərcüməçi X1 iştirakları ilə, xx xxx 1970-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti ev 75, mənzil 50-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 12 noyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 12 noyabr 2023-cü il tarixdə saat 12:42-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində “Kia Corento minik” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin nümayəndəsi X3 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, sürücü Şəxs yol nişanlarının tələbinə əməl etməyib İXM-nin 327.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi əsası ilə YPX əməkdaşı tərəfindən saxlanılmışdır. Ünsiyyət zamanı Şəxs alkoqoldan istifadə etməsi özünü aşkar şəkildə biruzə verdiyindən o, yerində tibbi müayinədən keçirilmiş, həmin vaxt onun alkoqoldan istifadə etməsi təsdiqini tapmışdır. Şəxs alkotestrin nəticəsi ilə razılaşmış, həkim müayinəsinə getməyə ehtiyac görməmiş, yazılı izahatında da bu barədə göstərmişdir. Hazırda Şəxs həmin halları inkar etməsi özünü müdafiə xarakteri daşıyır. Tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 12 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində idarə etdiyi “Kia Corento” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən heç bir əsas olmadan **-YP-*** dövlət qeydiyyat nişanlı yol polisi əməkdaşı tərəfindən saxlanılmışdır. Sənədlərini yoxladıqdan sonra onun alkoqoldan istifadə etdiyini demişlər. Hansı ki, onu alkotestrlə yerində yoxlamamışlar və alkoqoldan istifadəni təsdiq edən nəticə ilə də tanış etməmişlər. O, etirazını bildirib alkoqoldan istifadə etmədiyini demiş, lakin yol polisi əməkdaşı bununla razılaşmamış, alkotestrdə belə nəticə çıxdığına və bu, sistemə düşdüyünə görə yol polisi şöbəsinə getməli və rəhbərliyə izahat verməli olduğunu demişdir. Həmin vaxt yol polislərinin yanında tanımadığı mülki şəxlər olmamışdır. İzahatı alınarkən ona demişlər ki, əgər, bir gün əvvəl bir bakal pivə içdiyini yazsa, ona heç nə olmayacaq, buraxacaqlar. Yol polisi şöbəsində onun mobil telefonunu almışlar, orada olan polis zabitinin diqtəsi ilə izahat yazmış, izahatında polislərin dediyi kimi, bir gün əvvəl bakal pivə içdiyini, həkimə getməyə ehtiyac olmadığını göstərmişdir. Bundan sonra ondan 1500 manat rüşvət tələb etmişlər, verməsə işlədiyi şirkətə və özünə cərimə yazılacağını bildirmişlər. Onu yol polisi şöbəsində saxladıqlarına görə özü tibbi müayinədən keçmək üçün gec gedə bilmişdir. Bundan sonra onu yol polis şöbəsindən yenidən çağırmış və tələb edilən pulu verməli olduğunu demişlər. O, etirazını bildirib ayıq olması barədə tibbi sənəd aldığını, onlara hansı əsasla pul verməli olduğunu demişdir. Bu zaman ona demişlər ki, post-patrul əməkdaşları dəvət olunacaq və barəsində protokol tərtib edərək məhkəməyə göndərəcəklər. Bundan sonra o, DİN-nin 102 xidmətinə və prokurorluğa qeyd olunanlarla bağlı şikayət etmişdir. Barəsindəki protokol və digər sənədlər azərbaycan dilində tərtib olunmuş, polislərlə söhbəti və izahatı alınan zaman tərcüməçi dəvət olunmamış, izahatını rus dilində yazsa da, blanklarda nə yazıldığını oxuya bilməmiş, izahatı isə polis əməkdaşının diqtəsi ilə yazmışdır. Yol polisi əməkdaşı onu saxlayarkən həkimə ehtiyacı olub-olmadığını soruşmuş, lakin o, özünü yaxşı hiss etdiyinə, səhhətində problem olmadığına görə həkimə getməyə ehtiyac olmadığını demişdir. Sonradan bilmişdir ki, əslində o, həkim müayinəsinə deyil, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmalı olmuşdur. Hər hansı inzibati xəta törətmədiyinə görə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün istifadə edilmiş xüsusi texniki vasitənin nəticəsindən görünür ki, Şəxs 12 noyabr 2023-cü il tarixdə saat 12:38-də keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0.526% olmuşdur. İşdə olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə etmək haqqında” 12 noyabr 2023-cü il tarixli protokolda Şəxs tərəfindən yazılmış izahatdan görünür ki, o, həkimə getməyə ehtiyac olmadığını, alkotestrin nəticəsi ilə razı olduğunu göstərmişdir. Şəxs təqdim etdiyi “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair 12 noyabr 2023-cü il tarixli 2/45141 nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 14:22-də keçirilən tibbi müayinəsi zamanı onun ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Sözügedən maddənin “Qeyd”inin 1-ci hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2014-cü il tarixli qərarına əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, YPX əməkdaşında Şəxs alkoqoldan istifadə etməsinə şübhə yarandığından, o, yerində xüsusi texniki vasitədən keçirilməklə yoxlanılmışdır, bu zaman Şəxs texniki vasitənin göstəricisi ilə tanış edilməmişdir. Şəxs xüsusi texniki vasitənin göstəricisi ilə razılaşmayaraq onun tibbi müayinədən keçirilməsini tələb etmişdir. Lakin həmin şəxsin tələb etdiyi halda tibbi müayinədən keçirilməsi qanunla müəyyən olunan qaydada təmin edilməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, qanunvericlikdə belə hallarda şəxsin məhz tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur, istər alınmış izahatların mətni, istərsə də məhkəmə tədqiqi ilə isə, müəyyən olunur ki, Şəxs həkimə ehtiyacının olub-olmadığı soruşulmuş, ona xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduğu halda və sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, tibbi müayinəyə göndərilməli olması izah edilməmişdir. Hansı ki, “həkimə getməyə ehtiyacın olması” ilə “sərxoş vəziyyətdə olub-olmamanın müəyyən edilməsi üçün tibbi müayinədən keçirilmə” fərqli anlayışlar olmaqla, onlardan yalnız ikincisi, inzibati məsuliyyətin müəyyən edilməsi məsələsində mühüm rol oynayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz; 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər; 69.3-cü maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. İnzibati xətalar qanunvericiliyinin tələbinə görə, sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Sərxoşluq vəziyyətinin olmasının və onun dərəcəsinin müəyyən edilməsi məhz yerində xüsusi texniki vasitə ilə və ya nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxsin tibbi müayinəyə göndərilməsi yolu ilə müəyyən olunmalıdır. Sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirak etməli olması imperativ qaydada, məcburi hal kimi müəyyən edilmişdir. İş materiallarında olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” 12 noyabr 2023-cü il tarixli protokolda iki nəfər hal şahidinin iştirak etməsi qeyd olunsa da, həmin şəxslərin yalnız soyad və adları göstərilmiş, ata adları və yaşadıqları ünvan göstərilməmişdir ki, belə olan halda həmin şəxslərin şəxsiyyəti müəyyən olunmamış hesab olunur, hal şahidlərinin real iştirakı kimi qəbul edilə bilməz, həmçinin Şəxs də izahatında onların yanında kənar şəxslərin olmadığını vurğulamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 49.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan dilində, yaxud müəyyən ərazidəki əhalinin çoxluq təşkil edən hissəsinin dilində aparılır; 49.2-ci maddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar; 61.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin digər hüquqlarla yanaşı, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququ vardır; 72.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, yetkinlik yaşına çatmış və tərcümə üçün zəruri olan dilləri bilən şəxs inzibati xətalar haqqında işlərin icraatında tərcüməçi ola bilər. Məhkəmə icraatında iştirak edən əlilliyi olan şəxslər ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) köməyindən istifadə etdiyi hallarda, həmin ixtisaslaşmış vasitəçilər (qiraətçilər və peşəkar surdo tərcüməçilər) bu Məcəllənin məqsədləri üçün tərcüməçi hesab olunurlar; 72.2-ci maddəsinə əsasən tərcüməçi icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilir. Məhkəmə tədqiqi ilə müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs rusdilli olmasına və inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməməsinə baxmayaraq, onun inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulan həmin hüquqları pozulmuş, inzibati icraatda tərcüməçinin iştirakı təmin edilməmişdir. Məhkəmə qeyd olunanları ümumiləşdirməklə belə qənaətə gəlir ki, hazırkı icraat zamanı yuxarıda qeyd edilən qaydada pozuntulara yol verilmişdir ki, nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.1-ci maddəsi nəzərdə tutulmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, həmin şəxsin barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən, iş üzrə icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5780/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5780/2023
30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver