Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5789/2025 18.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Ağsu şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Ağsu rayonu, Ə.Bayramov küçəsi, ev 8 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-405/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xalası oğlu onun adına avtomobil almış, sonra satmışdır. Avtomobili alan şəxs krediti ödəməyi öhdəsinə götürmüşdür. İcra şöbəsi tərəfindən avtomobilin barəsində axtarış verilsə də tapılmamışdır. Məhkəmədən təqsirinin olmamasını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iştirak etmir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-405/2019 saylı, xx.xx.2019-cu tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs bankın xeyrinə xx.xx.2028-ci il tarixə 9999 ABŞ dolları əsas, 3990 ABŞ dolları faiz, cəmi 13989 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumunun ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Şəxs mülkiyyətində olan “Range Rover” minik markalı, 2005-ci il buraxılışlı, SALLMAMA44A153417 ban nömrəli, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi qət edilmişdir. -icraata başlamaq haqqında xx.xx.2019-cu il il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-405/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. -tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-405/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində icra etməsi xahiş olunmuş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. -borclunun əmlakının axtarılması haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, borclu Şəxs məxsus “Range Rover” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində axtarış elan edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Belə ki, icra sənədi üzrə borc tələbi ilk növbədə avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı və onun satışından əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcu ödənilməlidir. İcra hərəkətləri zamanı borcluya məxsus həmin avtomobilin axtarışı elan edilmişdir. Buradan da aydın olur ki, üzərinə tələb yönəldilmiş avtomobil axtarılaraq tapılmalı, bundan sonra avtomobilin açıq hərracdan satılması yolu ilə borc ödənilməli, yalnız bundan sonra qalıq borcun borcludan tutulmasının mümkünlüyü və ya onun icra sənədinin icra olunmamasında məsuliyyətinin olub-olmaması məsələsi yoxlanılmalıdır. Nə qədər ki, qeyd olunan tələblərə əməl edilməmişdir, o zaman borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi əsaslar müəyyən edilmir. Bu baxımdan məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şəxs əməlində qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırma kimi əlamətlər yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-405/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə dair sübutlar təqdim edilmədiyindən və bununla da Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu mənada hazırkı qərarda gəlinmiş nəticə borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-405/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədlərinin icrasından azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-5789/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5789/2025
18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver