Məhkəmə qərarları › İş №3(007)-5877/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5877/2025

19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5877/2025 19.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə 18 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokola əsasən Şəxs 18 dekabr 2025-ci il tarixdə, təxminən saat 10:20 radələrində polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. 18 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən 19 dekabr 2025-ci il tarixdə Respublika Narkoloji Mərkəzində tibbi müayinə zamanı Şəxs sidik nümunəsində istehlak etdiyi narkotik vasitə MET (+)aşkar edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-5878/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə ilə 18 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli və İXMnin 206-cı maddəs ilə 18 dekabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollarla bağlı 3(007)-5877/2025 nömrəli və 3(007)-5878/2025 nömrəli işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmış və birləşdirilmiş işdə 3(007)-5877/2025 iş nömrəsi saxlanılmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru, polis mayoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. O əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixində tərtbib edilmiş cədvələ əsasən əməliyyat qrupunda olmuş, əməliyyat qrupunda olan zaman idarənin əməkdaşları tərəfindən raport daxil olmuşdur ki, vətəndaş vaxtilə qazi qardaşı adı ilə istifadə etmiş, şəxslərdən pul istəmiş və həmin şəxslər də ona pul vermişdir. Şəxs təkrar pul istəyəndən bir neçə müddət sonra polis əməkdaşının ünvanına nalayiq ifadələr istifadə edib. Bununla bağlı həmin əməkdaşlar Xəzər rayonundan həmin vətəndaşı bölməyə gətirmişlər. Şəxsi bölməyə gətirən zaman nalayiq ifadələr işlədib və polis əməkdaşları dəfələrlə bildirib ki, nalayiq ifadələr işlətmək olmaz. Nüərddin Quliyev özünü bölmədə sakit aparsa da bütün bu məsələlər bölməyə gələndə olmuşdur. Tərəfindən polisin tələbinə riayət edilmədiyi üçün şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Eyni zamanda narkotik vasitələr üzrə mütəxəssis olan əməliyyat qrupunun əməkdaşları tərəfindən vizual baxış keçirilən zaman onlar bildirmişlər ki, şəxsi yoxlamaq lazımdır, bundan sonra narkoloji ekspertiza təyin edilmiş, ekspertizanın də nəticəsində şəxsin sidiyində metamfetamin aşkar edilmişdir. Bununla bağlı İXM-nin 206-cı maddəsi ilə protokol tərtib edilmişdir. Rəyə əsasən şəxsin psixostimulatrodan istifadə halları olub. Ancaq müalicəyə ehtiyac bilinməyib. Şəxs barəsində əvvəllər cinayət işi və inzibati tənbeh tədbiri olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, İXM-nin 510 və 535.1-ci maddələri ilə törətdiyi əməllər ilə razıdır, əməlini bu hissədə səmimi qəbul edir. Ancaq İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə razı deyildir. O, narkotik vasitə istifadəsi üçün 6 test vermiş, onun beşində 2 xətt gəlmiş, birində isə bir xətt gəlmişdir. Niyə testdən beşində 2 xətt, birində bir xət gəlmişdir. O, narkotik vasitə istifadə etmir. Onu 08 noyabr 2025-ci il tarixində Xətai rayon polis idarəsi də İXM-nin 206-cı maddəsi ilə tutmuşlar. Orada olan hakim ona məhkəmə zalında test qəbul etdirmiş, orada testdən dördündə 2 xətt, birində isə bir xətt çıxmışdır. Onun heç kəsi yoxdur, yanına gəlib gedəni yoxdur. O, qazi deyil, müxtəlif şəxslərdən qazi qardaşı olması və buna görə pul istəməsi ilə bağlı etdiyi hərəkəti səhvdir. Onun həyat yoldaşı xərçəng xəstəsidir. 2 yaşında övladı var. Qarşıdan da bayram gəlir. O, 03 il 03 aydır ki, həbsdən çıxmışdır. Ondan sonra barəsində 2 dəfə inzibati iş də olmuşdur. Qeyd olunanların və ailə vəziyyətinin nəzərə alınmasını və barəsində cərimə növündə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu, 535.1-ci və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu, 535.1-ci və 206-cı maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-nin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd”inin 1-ci hissəsinə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi az miqdarda narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu, 535.1-ci və 206-cı maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlini qismən səmimi etiraf etməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmişdir. Məhkəmə iclasında Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(011)-9604/2025 saylı qərarı ilə İXM-nin 206-cı maddəsi üzrə inzibati xətaya görə inzibati tənbeh aldığı halda eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs 18 dekabr 2025-ci il tarixdə, saat 21:45də tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 206-cı maddəsi ilə barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 18 dekabr 2025-ci il tarixdən saat 20:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN X2 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar