Məhkəmə qərarları › İş №3(007)-590/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-590/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-590/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 347ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-si tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC istifadəsində olan nəqliyyat vasitəsini xx xxxxxx 2020-ci il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 həmin protokola dair yazılı vəsatət vermiş, vəsatətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin müvafiq əməkdaşı tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib olunmuş AP ******* saylı inzibati xəta haqqında protokol aidiyyəti üzrə məhkəməyə göndərilmişdir və məhkəmənin icraatındadır. İş materialları ilə tanışlıq, habelə, xx xxxxxx 2021-ci il tarixdə məhkəmədə işə baxılarkən, müəyyən edilmişdir ki, işin məhkəməyə göndərilməsinə əsas, Şəxs MMC-nin mülkiyyətində olan “Hyundai H100 yük” markalı H029442 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini xx xxxxxx 2020-ci il tarixdə saat 10:06da baş vermiş inzibati xəta zamanı idarə etmiş fiziki şəxs (sürücü) haqqında məlumatı Nizami RPİ-nin DYPŞ-nin sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində həmin orqana guya verməməsi olmuşdur. Hansı ki, bu barədə bildiriş təmsil etdiyi MMC-yə daxil olmamışdır. İşdə olan poçt qəbzi (xəbərnaməsi) ilə müəyyən olunur ki, bildirişi guya alan şəxs hansısa naməlum “xxxx” soyadlı şəxsdir. Bu şəxsin kim olması, şəxsiyyəti məlum olmamaqla yanaşı, imza da çəkilməmişdir. Azərbaycan Respublikası İXM-nin 57.2-ci maddəsində birbaşa olaraq vurğulanmış, imperativ qaydada müəyyən edilmişdir ki, hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Təmsil etdiyi MMC-yə münasibətdə həmin qanun normasının tələbinə əməl edilməmişdir, poçt qəbzinə şəxsiyyəti müəyyən olmayan, oxunması çətinlik törədən, yalnız soyadı yazılmış şəxs hüquqi şəxsin vəzifəli şəxsi hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinin açıq mənasına görə, inzibati xəta törətmiş şəxs qismində təqsirsizliklərini sübut etməyə borclu olmasalar da, qeyd edilənləri nəzərə çatdıraraq və “xxxx” soyadlı şəxsin MMC-də işləməməsi barədə sənədi təqdim edərək, hesab edirlər ki, işin icraatına xitam verilməlidir. Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta tərkibi olmadığından həmin işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi Nümayəndə2 protokolun dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, barəsində İXM-nin 347-ci maddəsi ilə protokol tərtib edilən hər bir hüquqi şəxs deyə bilər ki, sorğunu almamışdır və ya məktubu qəbul edən şəxsi tanımır. Lakin protokolda qeyd edilən sorğu Şəxs MMC-yə poçt vasitəsi ilə göndərilmişdir, geri qaytarılmış xəbərnaməyə görə sorğu ünvan sahibinə çatdırılmışdır. Qanunla 5 gün müddət nəzərdə tutulsa da, əlavə müddət gözlənilmiş, hətta protokol 15 gün sonra tərtib edilmişdir. Bu müddətdə isə sorğuya cavab verilməmişdir. Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 yazılı etirazda qeyd edilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, işdə olan bildirişə görə, bildiriş Babək prospekti 53A ünvanına göndərilmişdir, hansı ki, həmin ünvanda təxminən 8-9 ədəd ayrı-ayrı şirkət fəaliyyət göstərir, vəsatətində qeyd edilənlərlə yanaşı xüsusən nəzərə alınmalıdır ki, xəbərnamədə imza da yoxdur. Bildirişin təmsil etdiyi MMC-yə daxil olması hər hansı sübutla təsdiqini tapmır. Almadıqları bildirişin icrasını onlardan tələb etmək, icra edilməməsinə görə isə barələrində tənbeh tədbiri tətbiq olunması üçün qanuni əsaslar yoxdur. Göstərilənlərə uyğun olaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İşdə olan Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-si tərəfindən Şəxs MMC-yə ünvanlanmış bildirişdən görünür ki, MMC-yə məxsus “Hyundai H100” markalı H029442 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə müəssisənin barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan xəbərnamənin surətindən görünür ki, poçt xəbərnaməsinə “xx.xx.2020-ci il tarixdə” “X2” sözləri yazılmışdır. Şəxs MMC-nin xx xxxxxx 2021-ci il tarixli 6 nömrəli arayışından görünür ki, həmin MMC-də “xxxx” soyadlı işçi fəaliyyət göstərmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır; 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; 58-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı; sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; verilən sənədin adı; verilmənin vaxtı (tarix və saat) və yeri; sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair); sənədin verildiyi şəxs; sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin izahatında göstərilənlərlə yuxarıda əsaslandırılmış hallara uyğun olaraq razılaşmayıb, məhkəmə qeyd edir ki, qanunvericiliyin mənasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, belə bir məlumat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin müvafiq vəzifəli şəxsi tərəfindən alınmamışdır, poçt xəbərnaməsinə imza edilməmişdir, həmin sorğunun səlahiyyətli şəxs tərəfindən alınması, MMC-yə daxil olması öz təsdiqini tapmır. Xəbərnamədə göstərilən, kimliyi və vəzifəsi məlum olmayan, imza ilə təsdiq edilməmiş “xxxx” soyadlı şəxs isə qanunda nəzərdə tutulan səlahiyyətli şəxs olaraq qəbul edilə və iş materiallarında olan təsdiqlənməmiş məlumat, barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin inzibati qaydada tənbeh olunmasına əsas olan sübut növündə qiymətləndirilə bilməz. Hansı ki, Şəxs MMC-dən verilmiş rəsmi arayışda da MMC-də “xxxx” soyadlı işçinin fəaliyyət göstərmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, yəni həmin hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi ilə bağlı Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin sorğusunun həmin MMC-yə daxil olduğu öz təsdiqini tapmadığından, Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar