Məhkəmə qərarları › İş №3(007)-5915/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5915/2025

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5915/2025 06.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 490-cı maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 16 dekabr 2025-ci il tarixli, 00100-03902/25 nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Bakı Baş Gömrük idarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/020676 nömrəli, 03 iyul 2025-ci il tarixli raport əsasında və Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış zamanı, Şəxs MMC tərəfindən **********9610 sorğu nömrəli gömrük bəyannaməsi ilə xaricdə emal gömrük proseduru altında rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin 17 may 2025-ci il tarixində bitdiyi, lakin şirkət tərəfindən yüklərin digər gömrük proseduru altında rəsmiləşməsinə dair tədbir görülmədiyi müəyyən edilmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X3 izahatında göstərmişdir ki, **********9610 sorğu nömrəli 17 noyabr 2022-ci il tarixli gömrük bəyannaməsi ilə xaricdə emal xüsusi gömrük proseduru ilə rəsmiləşdirilmiş yük təmir olunması üçün Rusiya Ffederasiyasında qeydiyyatda olan OOO “Kardinal Qidro” şirkətinə göndərilmişdir. Həmin üç pilləli nasos Almaniya istehsalıdır və onun hissələrinin satışını Almaniya həyata keçirir. Rusiya-Ukrayna müharibəsi ilə əlaqadər Almaniya tərəfindən Rusiyaya sanksiyalar qoyulmuşdur. OOO “Kardinal Qidro” şirkəti tərəfindən bildirilmişdir ki, həmin sanksiyaya görə xaricdə emal xüsusi gömrük proseduru altında təmir məqsədi ilə rəsmiləşdirilən yükün hissələrini almaq mümkün deyil. Bu səbəbdən də, öhdəlik müddəti 17 may 2025- ci il tarixdə basa çatsa da, yük təmir olunmadığı üçün təkrar idxal olunmamışdır. “Məsrəfölçənlərlə və ya onlarsız maye nasosları, maye qaldırıcıları-müxtəlif dişli çarxlı nasoslar” adlı yük hərbi təyinatlı mallarda dəzgahların yağlanması və işləmə prosesini həyata keçirir, təmir olunmadıqda yararsız dəmir parçasından fərqlənmir. Tərəflərindən öhdəlik müddətinin bitməsinə 2 gün qalmış, yəni 15 may 2025-ci il tarixdə Bakı Bas Gömrük İdarəsinə müddətin 1 il daha uzadılması üçün müraciət olunmuş, lakin xaricdə emal xüsusi gömrük proseduru üçün müəyyən edilən 3 il müddəti basa çatdığından müddət uzadılmamışdır. Yalnız təmir basa çatdıqdan sonra həmin yükü təkrar idxal edə bilərlər. Bunun üçün isə vaxt lazımdır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 03 noyabr 2025-ci il tarixli raport, gömrük bəyannamələri, gömrük xidmətinin X1 sistemindən çıxarış və digər sənədlərlə inzibati xəta hadisəsinin törədilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 7.3-cü bəndinə əsasən daxildə emal xüsusi gömrük prosedurunun müddəti malların bu prosedur altında yerləşdirildiyi tarixdən başlayır və emal əməliyyatlarının, habelə bu prosedurun başa çatdırılması üçün tələb edilən vaxtı əhatə edir. Mallar partiyalarla gətirildikdə, bu müddət birinci partiyanın həmin prosedur altında yerləşdirildiyi gündən hesablanır. Həmin Qərarın 7.8-ci bəndinə əsasən daxildə emal xüsusi gömrük proseduru Gömrük Məcəlləsinin 169-cu maddəsində nəzərdə tutulmuş hallarda və qaydada başa çatır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 169.1-ci maddəsinə əsasən tranzit xüsusi gömrük prosedurundan və bu Məcəllənin 195-ci maddəsində nəzərdə tutulmuş hallardan başqa, xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar və ya emal olunmuş məhsullar növbəti gömrük proseduru altında yerləşdirildiyi, gömrük ərazisindən aparıldığı, tullantılar qalmadan məhv edildiyi və ya dövlətin xeyrinə imtina edildiyi zaman xüsusi gömrük proseduru başa çatır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 490-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 490-cı maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 490-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qanunvericiliyin yuxarıda istinad edilən tələbləri baxımından hüquqi şəxsin rəhbərinin məhkəmədə irəli sürdüyü dəlilləri əsaslı saymır, qeyd edir ki, inzibati xəta haqqında işin icraatını istisna edən və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşməklə işin icraatına xitam verilməsi üçün əsas hesab olunacaq hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar