Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5936/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, 27 avqust 1992-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Masallı şəhəri, C.Cabbarlı küçəsi ev 18A-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 21 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 20 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 20 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 21 noyabr 2023-cü il tarixli qərardadına əsasən həmin protokollar üzrə müvafiq olaraq 3(007)-5936/2023, 3(007)-5941/2023 və 3(007)-5939/2023 nömrəli inzibati xəta haqqında işlər bir icraatda birləşdirilmiş və birləşdirilmiş işdə 3(007)-5936/2023 nömrəsi saxlanılmışdır. 21 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 20 noyabr 2023-cü il tarixdə saat təxminən 16:35 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə aparılmış, 21 noyabr 2023-cü il tarixdə Respublika Narkoloji Mərkəzində tibbi müayinə zamanı sidik nümunəsində istehlak etdiyi narkotik vasitə “THC” (+) aşkar edilmişdir. 20 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 20 noyabr 2023-cü il tarixdə saat 16:35 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən “Şam” adlı kafedə 24-cü polis şöbəsinin polis əməkdaşlarının ünvanına ucadan nalayiq söyüşlər işlədib səs-küy salmış, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə xırda xuliqanlıq etmişdir. 20 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 20 noyabr 2023-cü il tarixdə saat 16:35 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən “Şam” adlı kafedə, daha sonra saat 17:00 radələrində 24-cü polis şöbəsinin inzibati binasında öz hərəkətlərini davam etdirərək ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X5 protokolların məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 20 noyabr 2023-cü il tarixdə Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən “Şam” adlı kafedə oturduqları vaxt, saat 16:35 radələrində polis əməkdaşları onlara yaxınlaşmış, Elxan adlı polis əməkdaşı onu söydüyünə görə o da həmin polisi söymüşdür. Əsəbi olduğuna görə polislərin tələbinə tabe olmayaraq onlarla mübahisə etmiş, polis şöbəsində isə özünü divara vuraraq özünə xəsarət yetirmişdir. Səhəri gün narkoloji müayinədən keçərkən narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur. Hazırda səhv etdiyini başa düşmüşdür, peşmandır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili X3 izahatında göstərmişdir ki, 20 noyabr 2023-cü il tarixdə saat təxminən 16:35 radələrində xidməti ərazidə olduqları vaxt, daxil olmuş əməliyyat məlumatı əsasında Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən “Şam” adlı kafeyə getmişlər, belə ki, həmin kafedə narkotik vasitədən istifadə edən şəxslər olması barədə məlumat verilmişdir. Kafedə olan üç nəfər şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş, araşdırma üçün onları 24-cü polis şöbəsinə dəvət etmişlər. Lakin həmin şəxslərdən Şəxs onlarla mübahisə etmiş, ünvanlarına nalayiq söyüşlər söyərək təhqir etmiş, kafedə olmalarına baxmayaraq ictimai qaydanı kobud surətdə pozan hərəkətlər etmiş, həmin şəxsi nizam-intizama dəvət etmələrinə əhəmiyyət verməyərək sakitləşmək və qanuni tələblərinə tabe olmaq əvəzinə onları bir daha nalayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra həmin şəxsi məcburi qaydada 24-cü polis şöbəsinə apararaq təhvil vermiş, raport yazmaqla barəsində tədbir görülməsini xahiş etmişlər. 24-cü polis şöbəsinin inzibati binasında Şəxs öz hərəkətlərini davam etdirərək qanuni tələblərə tabe olmamış, əksinə, başını və üz nahiyəsini şöbənin müvəqqəti saxlama yerinin qapısına və divarına vuraraq özünə xəsarət yetirmiş, şöbənin iş rejimini pozmuşdur. Bundan sonra həmin şəxs narkoloji müayinədən keçirilmək üçün təqdim edildikdə onun sidik müayinəsi zamanı bu hal öz təsdiqini tapmış və müvafiq akt verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Həmin maddənin “Qeyd”inə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs narkotik vasitəni könüllü surətdə təhvil verməmişdir, qanunsuz olaraq narkotik vasitə istifadə etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmış və tibbi müayinə zamanı bu fakt öz təsdiqini tapmışdır, ona görə həmin şəxsin maddənin qeydində nəzərdə tutulduğu qaydada inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs 20 noyabr 2023-cü il tarixdə saat 17:45də tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Məhkəmə iş üzrə Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, habelə istinad olunan maddi hüquq normasının tələbinə əsasən hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, qərar həmin hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra edilməli, o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin hüquqi yardıma görə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 206-cı maddəsi ilə barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 20 noyabr 2023-cü il saat 17:45-dən hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın, qərar həmin hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra edilsin, inzibati həbs müddətinin başa çatdığı gün Şəxs inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5936/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5936/2023
21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver