Məhkəmə qərarları › İş №3(007)-5946/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5946/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5946/2025 29.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənova Kəmalə Qədir qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1990-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Cəlilabad rayonu, Muğan Ə/D, Kazımabad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi, Polad Həşimov küçəsində yerləşən fərdi evdə yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında vətəndaş Zərərçəkmiş şəxs məxsus “Vaz-2107” markalı avtomobildən 01 ədəd “Pioneer” markalı moqnitofon, “Vaz-2107” markalı oyuncaq avtomobil, ətir və antenanı oğurlamışdır və xx.xx.2025-ci il tarixdə Narkoloji Mərkəzdə tibbi müayinə olunan zaman psixotrop maddə və narkotik vasitə istifadə etməsi aşkar edilmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis leytenantı X4 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* nömrəli və MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis leytenantı X4 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, 2010-cu il tarixdən narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisidir. O, xx.xx.2025-ci il tarixdə saat təxminən 01-02 radələrində piyada NZS qəsəbəsindən yaşadığı ünvan istiqamətində hərəkətdə olarkən, Nizami rayonu, Xalqlar Dostluğu yaxınlığında məhəllələrin birindən keçdiyi zaman qara rəngli “VAZ-2107” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. O, həmin avtomobilin qarşı tərəfinin hündür olduğunu görmüş, avtoxuliqan avtomobili olduğunu düşünüb maraq üçün içərisinə yaxınlaşıb baxmışdır. O, avtomobilin içərisinə baxdığı zaman avtomobilin salonunda “pioneer” markalı içərisindən monitor çıxan maqnitofon olduğunu görmüş, avtomobilin sahibinin avtoxuliqan olduğunu, onu şikayət etməyəcəyini düşünüb, avtomobilin içərisində olan maqnitofonu və “VAZ-2107” markalı oyuncağı oğurlamaq qərarına gəlmişdir. Daha sonra o, cibində olan açarı götürüb həmin açarla “VAZ-2107” markalı avtomobilin ön sərnişin qapısının kilid hissəsini açmağa başlamışdır. O, qapını açdıqdan sonra avtomobilin içərisində olan “pioneer” markalı maqnitofonu yerindən sökərək çıxartmış, daha sonra oğurladığı maqnitofon ilə birlikdə avtomobildə olan “VAZ-2107” markalı oyuncağı da götürüb avtomobildən çıxmışdır. Sonra avtomobilin yük hissəsinə quraşdırılmış antenanı da çıxartmış, daha sonra oradan uzaqlaşıb yaşadığı ünvana getmişdir. O, xx.xx.2025-ci il tarixdə axşam saatlarında oğurladığı maqnitofonu tanımadığı şəxsə 50 manata satmış, digər oğurladığı “VAZ-2107” markalı oyuncağı və antenanı da ona hədiyyə etmiş, əldə etdiyi 50 manat pula isə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən narkotik vasitə almışdır. O, “VAZ-2107” markalı avtomobildən ətir oğurlamamışdır. Oğurladığı əşyaları PŞ-nə təhvil vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saatlarında ünvan 1 ünvanında park olunmuş avtomobilinin ön sərnişin qapısı açılaraq içərisindən 01 ədəd “Pioneer” markalı moqnitofon, “Vaz-2107” markalı oyuncaq avtomobil, ətir və antena oğurlanmışdır. Şəxs PŞ-də təqdim etdiyi maqnitofon onun deyildir. Ona 460 manat ziyan vurulmuşdur. Ona dəymiş ziyanın ödənilməsini istəyir, əgər ödənilərsə şikayətçi olmayacaqdır. Amma zərər ödənilmədiyi təqdirdə şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti göstərilənlərə əsasən Zərərçəkmiş şəxs məxsus avtomobildən oğurluq edən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X6-Narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 8024 nömrəli rəyindən görünür ki, Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Şəxs xx.xx.2025-ci il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, 4667 nömrəli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 10:00-da müayinə olunan şəxs Şəxs sidik nümunəsində OPİ(+), MET(+) aşkar olunmuşdur. - inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:20-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 227-ci maddələri ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı qismən etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı Şəxs tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən, saat 15:20-dən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2025-ci il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatına alınması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 №-li qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında nəzərə alınmaqla 33 (otuz üç) manat (3x11) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X3 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində İXM-nin 227-ci maddəsi ilə 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx.xx.2025-ci il tarixdən, saat 15:20-dən hesablansın Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və xx.xx.2025-ci il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatına alınması nəzərə alınsın Qərarın icrası Azərbaycan Respublikası DİN X5 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə həvalə edilsin. Şəxs məhkəmədə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X3 33 (otuz üç) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar