Məhkəmə qərarları › İş №3(007)-5949/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5949/2023

22.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5949/2023 22.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 15/9A, mənzil 108-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 22 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 23 oktyabr 2023-cü il tarixdə saat 12:00 radələrində ünvan 1 ünvanında yerləşən 272 saylı tam orta məktəbin sinif otağında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə, birgə nikahdan olan oğlunu özü ilə aparmasına icazə verməməsi səbəbindən, mübahisə etmiş və mübahisə zamanı Zərərçəkmiş şəxs sağ ayağına təpiklə bir dəfə vurub sağ baldırın orta 1/3-nin arxa-iç səthinin qançırından ibarət dərəcəsi təyin olunmayan xəsarət yetirməklə, onu qəsdən döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X2 protokolun məzmununa uyğun izahat verərək, qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşı olmuşdur, 2022-ci ilin aprel ayından ayrılmışlar, birgə nikahldan olan iki uşaqları Nurlanənin himayəsində yaşayır. Oğlu İlyas son günlərdə 10 gün onun yanında qalmışdır. 23 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində uşaqlarının oxuduğu, eyni zamanda Nurlanənin müəllimə kimi işlədiyi Nizami rayonu, B.Nuriyev küçəsi 160 ünvanında yerləşən 272 nömrəli orta məktəbə getmişdir ki, İlyası özü ilə aparsın. Lakin, Nurlanə buna razılıq verməmişdir, onlar məktəbin sinif otağında söhbət etmişlər, söhbət zamanı Nurlanə onun anasının, ailə üzvlərinin ünvanına uyğunsuz ifadələr işlətmişdir. Buna görə Nurlanənin üzünə tüpürmüş və oradan çıxıb getmişdir. Həmin vaxt o, Nurlanəni vurmamış, ona qarşı digər hərəkətlərə yol verməmişdir. Nurlanənin üzünə tüpürdüyünə görə peşmandır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun keçmiş həyat yoldaşı olmuşdur, 2022-ci ilin aprel ayından ayrılmışlar, birgə nikahldan olan iki uşaqları onun himayəsində yaşayır və müəllimə kimi işlədiyi Nizami rayonu, B.Nuriyev küçəsi 160 ünvanında yerləşən 272 nömrəli tam orta məktəbdə oxuyurlar. 23 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində Həmid məktəbə gələrək oğlunu özü ilə aparmaq istəmiş, o, məktəbdə olmadığını dedikdə Həmid məktəbin qarşısında səs-küy salmağa başlamışdır. Həmin vaxt dərs vaxt olduğuna görə direktor müavini Həmidi məktəbin boş sinif otağına dəvət etmiş, özü də ora getmişdir. Həmidə icazəsi olmadığı halda dərs vaxt oğlunu məktəbdən aparmaq istəməsinə görə irad tutmuş, bununla bağlı aralarında mübahisə olmuşdur. Həmin vaxt Həmid onun üzünüə tüpürmüş, təpiklə sağ ayağına zərbə ilə bir dəfə vurmuşdur. Bundan sonra Həmidin barəsində şikayət etmiş, 24-cü polis şöbəsində araşdırma aparılmış, tibbi ekspertizadan keçirilmişdir. Şəxs ilə barışmamışdır, ondan şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısının 17 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda Azərbaycan Respublikası CMnin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət təqibi üzrə icraatın başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs döyərək ona sağ baldırın orta 1/3-nin arxa-iç səthinin qançırından ibarət dərəcəsi təyin olunmayan xəsarət yetirdiyinə görə, Şəxs gələcəkdə yeri müəyyən edildikdə, barəsində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Nizami RPİ-nin 24-cü PŞ-nə təqdim edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zərərçəkmiş şəxs ilə barışmamışdır, ona görə İXM-nin 39.1-ci maddəsində nəzərdə tutulduğu qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Bundan başqa, məhkəmə Şəxs izahatında göstərilənləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirməklə nəzərə almır, belə ki, təhqiqat zamanı toplanaraq tədqiq edilmiş sübutlarla inzibati xətanın öz təsdiqini tapdığı, o cümlədən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onda sağ baldırın orta 1/3nin arxa-iç səthinin qançırından ibarət dərəcəsi təyin olunmayan xəsarət yetirilməsi müəyyən olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. İş materialları ilə müəyyən olunur ki, Şəxs baxılan iş üzrə inzibati qaydada tutulmamışdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, məhkəmə xərcinin tutulmasına əsas olan ekspertiza keçirilməmişdir. Bundan başqa, vəkilin iş materialları ilə tanış olaraq məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar