Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5952/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Lənkəran rayonunun Aşağı-Nüvədi qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonunun Aşağı-Nüvədi qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci MKR, A.Kunanbayev küçəsi ev 9/25, mənzil 23-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 17 noyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 01 oktyabr 2023-cü il tarixdə saat 20:00 radələrində idarə etdiyi “Opel Astra minik” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Z.Bünyadov prospekti ilə Q.Qarayev prospekti istiqamətində olan yol ötürücüsünün üstü ilə Q.Qarayev prospekti istiqamətində soldan birinci zolaqla 50 km/saat sürətlə hərəkət edərək yol ötürücüsünün üstündən sağa, Nizami rayonu H.Əliyev prospektinə dönmək üçün sol zolaqdan sağ zolağa manevr edərək sağa dönmə əməliyyatı aparmaq istəyən zaman idarə etdiyi avtomobilin qabaq sağ qapı hissəsi ilə Z.Bunyadov prospekti ilə yol ötürücüsünün üstündə yolun sağdan birinci zolağı ilə Q.Qarayev prospekti istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Suzuki” markalı 99-E-245 dövlət qeydiyyat nişanlı motosikletin sol yan hissəsi arasında toqquşma baş vermiş, nəticədə motosikletin sürücüsü Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 01 oktyabr 2023-cü il tarixdə saat təxminən 20 radələrində o, etibarnamə ilə idarə etdiyi “Opel Astra” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, Z.Bünyadov prospekti ilə Q.Qarayev prospekti istiqamətində yol ötürücüsünün üstündə yolun sol zolağı ilə 50 km/saat sürətlə hərəkət edərək yol ötürücüsünün üstündən sağa, H.Əliyev prospektinə dönmək üçün sağa dönmə işıqlarını yandırmışdır. Bu zaman yol ötürücüsünün üstündə sağ zolaqla motosikletçinin hərəkətdə olduğunu görüb işıqları yandırıb söndürərək səs siqnalından istifadə etmiş, motosikletçini ötüb keçərək sağ zolağa keçən zaman sağdan düzünə hərəkətdə olan motosikletçi idarə etdiyi avtomobilin sağ yan qabaq qapı hissəsinə dəyərək yerə yıxılmışdır. Bundan sonra həmin motosikleti idarə edən sürücü, sonradan tanıdığı Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlmişlər. Hesab edir ki, həmin xətanın baş verməsində onun təqsiri yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 01 oktyabr 2023cü il tarixdə saat təxminən 20 radələrində özünə məxsus “Suzuki” markalı 99-E-245 dövlət qeydiyyat nişanlı motosikletlə Nizami rayonu, Z.Bünyadov prospekti ilə Q.Qarayev prospekti istiqamətində yol ötürücüsünün üstündə yolun sağ zolağı ilə 50-60 km/saat sürətlə hərəkətdə olan zaman arxasında hərəkətdə olan nəqliyyat vasitəsi işıqlarını yandırıb söndürərək ona işarə vermiş, o da motoskiletin sola dönmə işıq siqnalını yandıraraq hərəkətini düzünə davam etdirmişdir. Bu zaman arxadan gələn “Opel Astra” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil onu soldan ötmüş, sol zolaqdan sağa H.Əliyev prospekti istiqamətində dönmə əməliyyatı apararaq avtomobilinin sağ yan hissəsi ilə onun idarə etdiyi motosikletlə toqquşmuşdur. Zərbənin təsirindən o, yerə yıxılaraq xəsarət almışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, hadisə yerinə polis və təcili tibbi yardım stansiyasının əməkdaşları gəlmiş, təcili yardım işçiləri ilkin yardım göstərərək onu X1 aparmışlar. Mərkəzdə həkimlər müayinə apardıqdan sonra onu evə buraxmışlar. “Opel Astra” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu vurub xəsarət yetirən Şəxs şikayətçi deyildir. İşdə olan canlı şəxsin ekspertizasına dair 03 oktyabr 2023-cü il tarixli 987 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol kürək nahiyəsinin sıyrıqla müşayiət olunan dərialtı hematoması; hər iki dirsək sümüyünün, sol saidin arxa, sol bazunun bayır, sağ diz oynağının ön səthlərinin sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə motosiklet sürücüsü qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları istisna olunmur, dərəcəsinə görə ümumilkdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 26 oktyabr 2023-cü il tarixli 8/2974 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Astra” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddənin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Suzuki” markalı 99-E-245 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısınım alması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İşdə olan 07 noyabr 2023-cü il tarixli qərardan görünür ki, HK/1-677 nömrəli araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xəta törətmiş Şəxs izahatında göstərilənləri onun məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirməklə nəzərə almır, belə ki, işdə olan müvafiq materiallarla yanaşı, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi ilə “Opel Astra” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddənin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması öz təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsin şikayətinin olmamasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 128 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5952/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5952/2023
05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver