Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5957/2023 28.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili-fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 20 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, ünvan 1 ünvanında 20 noyabr 2023-cü il tarixdə Şəxs MMC tərəfindən daxili nəzarət proqramı tətbiq edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokola yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş ******* saylı 20 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Şəxs MMC-nin AR İXM-nin 598.7-ci maddəsi ilə inzibati xəta törətdiyi göstərilmiş və 8000 manat pul məbləğində cərimə tətbiq edilmişdir. Bildirirlər ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş ******* saylı 20 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol əsassız və qanunsuz olduğundan qəbul etmirlər. Hesab edirlər ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC müxtəlif vergi ödəyiciləri ilə bağlanmış müqavilələrə əsasən maliyyə və vergi uçotunun beynəlxalq mühasibat uçotu standartlarına və mövcud qanunvericiliyə uyğun olaraq avtomatlaşdırılmış proqram təminatı vasitəsi ilə aparılmasına praktiki məsləhət və dəstək xidmətləri göstərir, yəni Şəxs MMC müqavilə bağladığı vergi ödəyicilərində baş vermiş təsərrüfat əməliyyatlarının avtomatlaşdırılmış proqram təminatı vasitəsi ilə maliyyə və vergi uçotunda əks etdirilməsi prosesində MMC-nin aidiyyatı işçilərinə dəstək və məsləhət xidmətləri həyata keçirir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terroçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində bu Qanunun tətbiq edildiyi peşə sahibləri müəyyən edilmişdir. Həmin Qanunun 3.1.2-ci maddəsinə əsasən notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı əməliyyatlarını apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə qanunun tələbləri bu şəxslər üçün məcburidir. Nəzərə çatdırırlar ki, Şəxs MMC-nin vergi ödəyiciləri ilə bağladığı müqavilələrdə bu Qanunun 3.1.2.1, 3.1.2.2, 3.1.2.3 və 3.1.2.4-cü maddələrində göstərilən daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı əməliyyatlarının aparılması və ya bu cür əməliyyatların aparılmasında iştirakı ilə bağlı hər hansı vəzifə və öhdəlikləri nəzərdə tutulmamışdır. Həmçinin Şəxs MMC xidmət göstərdiyi vergi ödəyicilərinin yuxarıda sadalanan əməliyyatlarının aparılmasında faktiki olaraq iştirak etməmişdir. Göründüyü kimi, bu Qanunun 3-cü maddəsinin tələbləri Şəxs MMC-yə qarşı tətbiq edilə bilməz. Göstərilənlərə əsasən, 3(007)-5957/2023 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi X2 protokolun məzmununa uyğun izahat vermiş, sualları cavablandırarkən göstərmişdir ki, hüquqi şəxsin nümayəndəsinin irəli sürdüyü dəlillər öz təsdiqini tapdığı halda, Şəxs MMC-nin yol verdiyi hesab olunan xəta “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terroçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq dairəsinə düşmür. Bütün halda, tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə yazılı etirazda göstərilənlərə uyğun izahat vermiş, irəli sürdükləri dəlillər nəzərə alınmaqla, Şəxs MMC-nin əməlində inzibati xətanın tərkibinin olmaması əsası ilə inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş “Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair” 20 noyabr 2023-cü il tarixli **********982000 nömrəli aktdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********177612 nömrəli qərarına əsasən həmin İdarənin Vergi auditi idarəsinin İstehsal sahəsinin auditi şöbəsinin böyük dövlət vergi müfəttişi X2 tərəfindən Şəxs MMC (VÖEN **********) adlı nəzarət subyektində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə xx.xx.2020-ci il tarixdən xx.xx.2023cü il tarixədək olan dövr üzrə növbədənkənar səyyar yoxlama aparılmışdır. Yoxlama xx.xx.2023-cü il tarixdə başlanılmış və xx.xx.2023-cü il tarixdə başa çatdırılmışdır. Yoxlamanın əhatə etdiyi dövr ərzində Şəxs MMC faktiki olaraq mühasibat uçotunun təşkili ilə bağlı məsləhət xidməti (baş vermiş təsərrüfat əməliyyatlarının avtomatlaşdırılmış proqram təminatı vasitəsilə maliyyə və vergi uçotunda əks etdirilməsinə dəstək və məsləhət xidməti) fəaliyyəti ilə məşğul olmuşdur. Təqdim edilmiş sənədlər araşdırılmış və müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 2020-ci, 2021-ci, 2022-ci və 2023-cü illər üzrə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələbləri pozaraq məsul şəxs təyin edilməsi barədə qərarın bir surəti Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmamışdır. Həmçinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” yeni Qanun 01 fevral 2023-cü il tarixdən qüvvəyə minmiş və “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin 3-21-28/3-6-6/2023 nömrəli qərarı 21 fevral 2023-cü il tarixdə təsdiq edilmiş və həmin tarixdən qüvvəyə minmişdir. Aparılan növbəti yoxlama zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun və “Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə monitorinqi Xidmətinin 21 fevral 2023cü il tarixli 3-21-28/3-6-6/2023 nömrəli Qərarının tələbləri pozulmuşdur. Belə ki, həmin Qərarın 3.2.1-ci bəndinə əsasən öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və bu barədə məlumatın 3 iş günü ərzində MMX-yə və nəzarət orqanına verilməlidir. Lakin yoxlama zamanı Şəxs MMC tərəfindən məsul şəxsin təyin edilməsi barədə məlumat Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinə məlumat verilməmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri yoxdur, əməlin hüquqa zidd olması ilə bağlı qənaətə gəlinməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə qeyd olunmalıdır ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsinin mənasına görə, bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların - (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata; maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə; maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin maliyyə institutları tərəfindən vaxtında və ya tam icra edilməməsinə, hər bir yazılı göstərişə; maliyyə institutları tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan məlumat və sənədlərin təqdim edilməməsinə, yanlış məlumat və sənədlərin verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla); maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə əməl edilməməsinə, hər bir siyasi nüfuzlu şəxsə və əməliyyata; maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə (598.1); Maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə (598.4)) - qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.7-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləridir. 3.1-ci maddəsinə əsasən bu Qanunun tələbləri qeyri-maliyyə institutları və peşə sahiblərinə münasibətdə aşağıdakı hallarda tətbiq olunur: rieltorlar daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar apardıqda; notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər aşağıdakı əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə: daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı. Məhkəmə qeyd edir ki, ilk növbədə nəzərə alınmalıdır ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu 01 mart 2023-cü il tarixdə qüvvəyə minmişdir. Baxmayaraq ki, vergi orqanı tərəfindən həmin Qanuna əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə 01 sentyabr 2020-ci il tarixdən 30 sentyabr 2023-cü il tarixədək olan dövr üzrə növbədənkənar səyyar yoxlama aparılmış və nəticədə hazırda baxılan iş üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir, inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsinin olmaması barədə İnzibati Xətalar Məcəlləsinin 11.3-cü maddəsinin tələbləri baxımından həmin Məcəllənin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilib-törədilməməsi məsələsi, bunda hüquqi şəxsin təqsirinin olub-olmaması yalnız 01 mart 2023-cü il tarixdən 30 sentyabr 2023-cü il tarixədək olan dövr üçün yoxlanılmalıdır. Bundan başqa, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair” 20 noyabr 2023-cü il tarixli **********982000 nömrəli aktından, Şəxs MMC-nin Nizamnaməsindən və işdə olan digər hüquqmüəyyənedici sənədlərdən göründüyü kimi, Şəxs MMC faktiki olaraq mühasibat uçotunun təşkili ilə bağlı məsləhət xidməti (baş vermiş təsərrüfat əməliyyatlarının avtomatlaşdırılmış proqram təminatı vasitəsilə maliyyə və vergi uçotunda əks etdirilməsinə dəstək və məsləhət xidməti) fəaliyyəti ilə məşğul olur. Yuxarıda qeyd edildiyi kimi, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terroçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində həmin Qanunun tətbiq edildiyi peşə sahibləri müəyyən edilmişdir, belə ki, Qanunun 3.1.2-ci maddəsinə əsasən notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı əməliyyatlarını apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə qanunun tələbləri bu şəxslər üçün məcburidir. Hansı ki, Şəxs MMC-nin vergi ödəyiciləri ilə bağladığı müqavilələrdə istinad edilən Qanunun 3.1.2-ci maddəsində dairəsi konkret göstərilən daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı əməliyyatlarının aparılması və ya bu cür əməliyyatların aparılmasında iştirakı ilə bağlı hər hansı vəzifə və öhdəlikləri nəzərdə tutulmamış, Şəxs MMC xidmət göstərdiyi vergi ödəyicilərinin bu kimi əməliyyatlarının aparılmasında faktiki olaraq iştirak etməmişdir. İnzibati xəta törətmiş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmaması, bu sübutetmənin bilavasitə inzibati orqanın üzərinə düşməsi barədə İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin tələbləri baxımından isə nəzərə alınmalıdır ki, inzibati xəta haqqında protokola, Şəxs MMC tərəfindən yuxarıda göstərilən qaydada inzibati xətaya yol verildiyini təsdiq və sübut edən müvafiq sübutlar əlavə edilməmiş, məhkəmə baxışı zamanı da təqdim edilməmişdir. Eləcə də inzibati xəta haqqında protokolu tərtib etmiş dövlət vergi müfəttişinin özü də məhkəmə iclasında etiraf etmişdir ki, hüquqi şəxsin nümayəndəsinin irəli sürdüyü dəlillər öz təsdiqini tapdığı halda, Şəxs MMC-nin yol verdiyi hesab olunan xəta “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terroçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq dairəsinə düşmür. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verildiyi hesab olunan xəta və onun əlamətləri İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinin təsir dairəsinə düşmür, ona görə hüquqi şəxsin həmin maddə ilə nəzərdə tutulan xətanı törətməyə görə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməsi üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından 20 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5957/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5957/2023
28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver