Məhkəmə qərarları › İş №3(007)-5963/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5963/2025

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5963/2025 12.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, hakim köməkçisi Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xətai rayonu, X.Məmmədov küçəsi, ev 33, mənzil 50-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 03 dekabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, Şəxs 03 dekabr 2025-ci il tarixdə, saat 06:02-də Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində “Changan Qiyuan A05 Plug- İn Hibrid minik” markalı, **-UQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 03 dekabr 2025-ci il tarixdə saat 08:10 radələrində Q.Qarayev prospektində hərəkətdə olan zaman heç bir qayda pozuntusu törətmədiyi halda yol polisi əməkdaşı onu saxlamışdır. 2 dəfə alkotestr vasitəsi ilə müayinədən keçirtmişlər. Alkotestdə qeyd olunan saat səhvdir. Bunu polis əməkdaşına da bildirmişdir. Onlar da texniki səhv olduğunu bildirmişlər. Yoxlanışdan sonra ona 0,7 promil sərxoşluğu olduğunu bildirmişlər. O, polis əməkdaşlarına sərxoş olmadığını demişdir. Polis əməkdaşları demişlər ki, “bura qol çək, gedək idarədə aydınlaşdıraq”. Daha sonra avtomobili duracağa yerləşdirmişlər. Onu həkim müayinəsinə aparmaq istəməmişlər. Özü saat 09:07-də həkim müayinəsindən keçmiş və ayıq olduğu müəyyən olunmuşdur. Sonra o, sənədi alıb idarəyə getmiş və polis əməkdaşına təqdim etmişdir. 2 gün sonra isə polis əməkdaşlarından Baş Dövlət Yol Polis İdarəsinə şikayət etmişdir. Protokolu ona 05 dekabr 2025-ci il tarixdə yazmışlar və protokolu polis əməkdaşları ona təqdim etməmişlər. İzahatı ona dedikləri kimi yazmışdır. Onu polis əməkdaşları aldatmışlar. Qeyd edilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün istifadə edilmiş xüsusi texniki vasitənin nəticəsindən görünür ki, Şəxs 03 dekabr 2025-ci il tarixdə, saat 06:02-də keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0,368% olmuşdur. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün texniki vasitədən istifadə olunmasına dair 03 dekabr 2025-ci il tarixli protokolda Şəxs tərəfindən yazılmış izahatdan görünür ki, o, spirtli içki içdiyini etiraf etmiş, alkotestrin nəticəsi onu qane etdiyindən həkim müayinəsinə ehtiyac olmadığını göstərmişdir. Şəxs təqdim etdiyi “Sərxoşluq vəziyyətinin tibbi müayinə”sinə dair 03 dekabr 2025ci il tarixli, 2/69356 nömrəli protokolun surətindən görünür ki, onun həmin tarixdə, saat 09:07-də keçirilən tibbi müayinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Sözügedən maddənin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, Şəxs yazılı etirazında və məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, belə ki, həmin şəxsin alkoqoldan istifadə etməsi və bunun nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi faktı yerində olmaqla xüsusi texniki vasitənin vasitəsi ilə müəyyən olunmuşdur, bu nəticənin şübhə altına alınması üçün əsaslar yoxdur. Sərxoşluq faktı xüsusi texniki vasitə ilə 03 dekabr 2025-ci il tarixdə, saat 06:02-də yerində aşkar olunmuş, Şəxs isə saat 09:07-də tibbi müayinədən keçmişdir. Aradakı saat fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qaldırılmasına yetərli hesab oluna bilər. Bundan başqa inzibati araşdırma zamanı, 03 dekabr 2025-ci il tarixdə Şəxs yazılı izahat verib həmin göstərici ilə razılaşaraq, tibbi müayinə üçün həkim müayinəsindən keçməyə ehtiyac olmadığını göstərmişdir. Ona görə məhkəmə Şəxs hazırda irəli sürdüyü dəlilləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar