Məhkəmə qərarları › İş №3(007)-5964/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5964/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5964/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Baş X9i İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin Baş X9i İdarəsinin inzibati tənbeh vermə haqqında 29 oktyabr 2023-cü il tarixli qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər Baş Polis İdarəsinin Baş X9i İdarəsinin inzibati tənbeh vermə haqqında 29 oktyabr 2023-cü il tarixli qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, idarə etdiyi “Hyundai Aventa minik” markalı **- XR-*** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə Nizami rayonu ərazisində Heydər Əliyev prospektində hərəkət edərkən Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılmışdır. YPX əməkdaşı onun İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərini pozduğunu bildirmiş, cavabında qeyd etmişdir ki, o, qanunun qeyd olunan tələbini pozmamışdır. Bir neçə gündən sonra barəsində belə bir qərarın qəbul edildiyini öyrənmişdir. DİN-nin DYP-veb portalından xx.xx.2023-cü il tarixdə qərarın surətini almışdır. Hesab edir ki, onun barəsində İXM-nın 327.4-cü maddəsi ilə tərtib olunan və qəbul edilən İXP 57668550 saylı xx.xx.2023-cü tarixli protokol və qərarı sübut etmək YPXnin vəzifəli şəxsinin öhdəsindədir. Yuxarıda göstərilən halları və kobud qanun pozuntularını nəzərə alaraq, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş İXP 57668550 saylı xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xətaya dair işə xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, YPX inspektoru onu saxlayaraq düz xətti tapdaladığını demişdir. Lakin tələb etməsinə baxmayaraq videogörüntü təqdim olunmamışdır. Barəsindəki qərar isə özünün iştirakı olmadan qəbul edilmiş, təqsiri olmadığını sübut etməyə şərait yaradılmamışdır. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Baş X9i İdarəsinin nümayəndəsi X5 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində 17 oktyabr 2023cü il tarixdə “Hyunda Avante minik” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozaraq nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs kimi barəsində 150 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İnzibati xətanın qeydə alınmasını təsdiq edən videogörüntünü təqdim edə bilməsə də, xəta bilavasitə yerində aşkar olunaraq protokol tərtib edilmişdir, hansı ki, protokol da sübutlardan biridir. Şikayət əsassız olduğundan təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin Baş X9i İdarəsinin 29 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 17 oktyabr 2023-cü il tarixli, İXP seriyalı, 57668550 nömrəli inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində 17 oktyabr 2023-cü il tarixdə saat 09:11-də “Hyunda Avante minik” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozaraq nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs kimi barəsində 150 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz əlli manat məbləğində cərimə edilir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 61.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüququ vardır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Törədilməsi ehtimal olunan inzibati xətanın aşkar olunması zamanı hadisənin görüntüləri X3 nümayiş etdirilməmiş, onun həmin görüntülərin elektron daşıyıcıda surətini almaq hüququ təmin edilməmiş, inzibati xəta haqqında protokola özünün iştirakı olmadan baxılaraq qərar qəbul edilmiş, bu zaman vəsatət, etiraz, izahat vermək, sübutlarla tanış olmaq və s. bu kimi hüquqlarının həyata keçirilməsinə şərait yaradılmamışdır. Bununla yanaşı, məhkəmədə hazırkı şikayətə baxılarkən də qərarı barəsində şikayət verilmiş orqan X1 təqsirli olmasına, qərarın əsaslılığına dair hər hansı sübutunu təqdim etməmişdir, hansı ki, İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna baxmayaraq, X1 barəsində əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, onun əməlində inzibati xəta tərkibi olmadığından, şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin Baş X9i İdarəsinin X1 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə 150 manat məbləğində inzibati cərimə edilməsinə dair 29 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar