Məhkəmə qərarları › İş №3(007)-5968/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5968/2025

16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5968/2025 16.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Hüseyn Məhərrəm oğlunun katibliyi, qərardan şikayət vermiş X2, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, X2 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası DİN-in Baş X9 İdarəsinin 03 noyabr 2025-ci il tarixli, EQ seriyalı, 31753971 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 07 yanvar 2026-cı il tarixli qərardadı ilə X1 qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti təmin edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 03 noyabr 2025-ci il tarixdə, saat 08:42 radələrində idarə etdiyi Kia Rio minik markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə ünvan 1 ünvanında müşahidə kamerası vasitəsi ilə barəsində yerində araşdırılmadan, AYNA tərəfindən göndərilən məktubu nəzərə almayaraq Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən protokol tərtib etmişdir. 2025-ci ilin aprel ayından öncə qeyd edilən ünvanda yolun düz xətti qırıq xətt ilə əvəzlənmişdir. Bir müddət sonra yola çəkilən keyfiyyətsiz qara qırıq boyalar bozarmış, yağıntılardan sonra oktyabr-noyabr aylarında düz xətt kimi müşahidə kamerasında qabarıq göründü. Noyabr ayında sakinlərin şikayətindən sonra yenidən qırıq boyalar bərpa edildi. Həmin yoldan uşağı bağçaya aparmaq üçün mütəmadi istifadə edir. Cəriməni ləğv edilməsi ilə bağlı DYP-ya müraciət etmişdir. DYP nümayəndəsi hadisə yerinə baxış keçirmədən kameradakı görüntünü əsas götürərək qərarı qüvvədə saxladı. AYNA tərəfindən yol xətlərinin keyfiyyətsiz boyanması cərimə ilə nəticələnmişdir. Sənədə qoşma olaraq fotoları təqdim edir. Köhnə şəkildə (şəkil 1) yolun qırıq xəttini bildirən boyanın necə aşındığı yaxından görünür. Yeni şəkildə (şəkil 2) qırıq xətt yenilənmişdir. Təqdim etdiyi foto faktları və AYNA tərəfindən mövcud qırıq xəttin bərpa edilməsi ilə bağlı sənədi nəzərə alaraq, Bakı şəhəri DYP-nin xx.xx.2025-ci il tarixli, EQ31753971 saylı qərarın ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, şikayətində qeyd etdiyi düz xəttin yerinə sonradan sakinlərin şikayəti ilə qırıq xətt çəkilmişdir. Yağışlardan sonra isə qırıq xətt pozulmuş və kamera da həmin düz xətti çəkmişdir. Həmin yer onun yaşadığı həyətin girişidir. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi X6 izahatında göstərmişdir ki, məhkəməyə sübut qismində təqdim etdikləri kamera vasitəsi ilə qeydə alınmış foto şəkillərdən də görünür ki, inzibati xətanın qeydə alındığı yerdə sola və ya geriyə dönmə qadağan olunur, düz xəttdir, orada qırıq xətt yoxdur. Şikayət əsassız olduğundan qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş X9 İdarəsinin 03 noyabr 2025-ci il tarixli, EQ seriyalı, 31753971 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Kia Rio minik” markalı, **- KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X5 Bakı şəhəri Q.Qarayev pr.-Lyuks marketin qarşısı, TŞ4-206 ünvanında 03 noyabr 2025-ci il tarixdə, saat 08:42-də “1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xəttlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulmasına görə”, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında sübut qismində təqdim olunan TŞ kamerası vasitəsi ilə qeydə alınmış foto şəkillərə baxış keçirilmiş və bu görüntülərlə inzibati tənbeh vermə haqqında qərarda əksini tapmış inzibati xətanın törədildiyinin təsdiq olunduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan X3 14 yanvar 2026-cı il tarixli məktubundan görünür ki, X2 X3 Çağrı mərkəzinə ünvanlanmış, ünvan 3dilməsi məqsədilə mövcud qırıq-qırıq xəttin bərpası ilə əlaqədar məlumatın təqdim olunması barədə 12 yanvar 2026-cı il tarixli müraciətinə baxılmışdır, sözügedən ərazidə xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində giriş-çıxışın təmin edilməsi üçün mövcud qırıq-qırıq xəttin bərpası təmin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş X9 İdarəsinin 10 yanvar 2026-cı il tarixli məktubundan görünür ki, X2 yol hərəkəti qayda pozuntusu törədilməsinə görə xüsusi texniki vasitənin Baş X9 idarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında çıxarılmış EQ31753971 nömrəli elektron qərarla bağlı Daxili İşlər Nazirliyinə ünvanladığınız müraciətə baxılmışdır. Müəyyən olunmuşdur ki, “Kia” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qayda pozuntusu törədilməsi halı üzrə foto və ya video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin Baş X9 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında barəsində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Araşdırma prosesində xətanın aşkarlanması və sənədləşdirilməsində hər hansı qanun pozuntusuna yol verilmədiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 64-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir; 69-cu maddəsinin Vİ hissəsinə əsasən 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətləri aşağıdakılardır: 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 1.3 — dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır; 1.11 — yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 03 noyabr 2025-ci il tarixdə, saat 18:20-də “Kia Rio minik” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Q.Qarayev pr.-Lyuks marketin qarşısı, TŞ4-206 ünvanında idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda istinad olunan tələblərinə, üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və geriyə dönmə qaydalarını pozmuşdur ki, bununla da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qərardan şikayət vermiş X2 şikayətinin əsasını təşkil edən hallar onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Belə ki, ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan əməl, yəni 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xəttlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması, foto və ya video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitə ilə 03 noyabr 2025-ci il tarixdə qeydə alınaraq bu barədə məlumat Baş X9 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüşdür, bu zaman sürücü X2 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin tələblərinə riayət etməyərək 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozub sola dönməsi ilə xəta törətməsi qeydə alınmışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati tənbeh verilməsinə mane olan, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN-in Baş X9 İdarəsinin 03 noyabr 2025-ci il tarixli, EQ seriyalı, 31753971 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar