Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-5971/2025 27.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Hüseyn Məhərrəm oğlunun katibliyi, qərardan şikayət vermiş X3, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X3 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin 21 dekabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 21 dekabr 2025-ci il tarixində, saat 00:20 radələrində idarə etdiyi “Kia Rio” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən Neon dairəsində hərəkətdə olarkən heç bir yol hərəkət qaydalarını pozmamasına baxmayaraq DYP əməkdaşı tərəfindən saxlanılmışdır. X1 heç nə izah etmədən barəsində qanunsuz olaraq AR İXM-nin 327.2-ci maddəsinə əsasən protokol tərtib etmişdir. Nəzərə çatdırır ki, həmin radələrdə həmin dairədə xaotik hərəkət vəziyyəti olmuşdur. Tıxaclı yolda bir TİR avtomaşını ilişib qalmış, yolu kəsmişdir. Hamı birtəhər TİR maşınının sağından dairədəkini gözləməklə keçmişdir. O da ehtiyyatla dairəyə daxil olub keçmiş, bu zaman başqa istiqamətə gəlməli olan DYP avtomaşını anidən fikrini dəyişərək arxası ilə gəlmiş və onu saxlatmışdır. Sanki harasa tələsmişdir. Özünün dediyinə görə cərimə meydançasına gedirmiş, elə yolüstü gedərkən əliboş getmək istəməmiş, 1 protokol da yazıb getmək istəmişdır. Ramil Qasımov çox savadsız, qeyri-peşəkarcasına tərtib edilmiş, çoxlu səhvlərlə müşayiət olunan qərarı ona verib tez uzaqlaşmışdır. Bildirir ki, güya kameraya düşmüşdür. Lap yaxşı, tələb və xahiş edir ki, kameraya baxılsın və kimin haqlı olduğu üzə çıxsın. Çünki o, əslində xaotik tıxacla dairədə yolu boşaltmışdır ki, DYP avtomobili cərimə meydançası istiqamətində hərəkətini maneəsiz davam etdirə bilsin. O, ümumiyyətlə qaydalara riayət edən vətəndaşdır. Yoxlanış edib onun sürücülük tarixçəsinə də baxıla bilər. Tərtib edilmiş protokolda hadisənin baş verdiyi ünvan da düzgün göstərilməmişdir. Bu, təkcə protokolun ləğv edilməsi üçün kifayətdir. Belə ki, Mikayıl Əliyev küçəsində baş vermiş hadisəni Heydər Əliyev prospekti 174 kimi göstərib, ona elə gəlir ki, həmin ünvanda baş vermiş hansısa qayda pozuntusuna görə yazılmalı olan protokol haqsız olaraq digər sürücünün, yəni onun vəsiqəsinə tərtib edilmişdir. Nəzərə çatdırır ki, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş 7 xəta növündən heç birini o, törətməmişdir, kameraya baxanda hər şey aydın olacaq, sadəcə polis əməkdaşının vəzifəsini düzgün icra etməməsi ilə üzləşmişdir, konkret olaraq DYP əməkdaşı Ramil Qasımovun naşılığı ilə üzləşmişdir. Göstərilənlərə əsasən, Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin 21 dekabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv olunması barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X6 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmiuşdir ki, hadisə başqa yerdə olub, protokolda isə başqa yer qeyd edilmişdir. O, Neft Emalı zavodu tərəfdən gəlmiş, “Neolit” dairəsində olan zaman “TİR” maşınının yolda sol tərəfi tutduğunu görmüşdür. Orada hərəkət üstünlüyü dairədəki sürücülərdədir. Yol nişanı da vardır. O da yol nişanının tələbini gözləmişdir. Neçə nəfər eyni qaydada həmin yolu keçdikdən sonra o da keçmişdir. Yol polisi onun saxlanılma səbəbini dairəyə yol verməməsi ilə izah etmişdir. Onun dairəyə daxil olması nəticəsində təhülkəli, qəza vəziyyəti yaranmamışdır, başqa nəqliyyat vasitəsi olsa bu hərəkətə yol verməzdi, o, hörmət əlaməti olaraq YPX avtomobilini buraxmışdır. Qayda pozmadığını sübut etməyə çalışsa da, onun sözünə qulaq asan olmamışdır. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, inzibati xəta hadisəsi Nizami rayonu Mikayıl Əliyev küçəsində, “Neolit” dairəsi adlanan yerdə baş vermişdir, sadəcə olaraq inzibati xəta haqqında protokolun tərtibi zamanı aparat (GPS) həmin ünvanı “174 Heydər Əliyev pr., Keşlə q., Nizami r., Bakı ş.” kimi qeydə almışdır. Ünvanın həmin qaydada qeydə alınması isə inzibati xətanın törədilməsini istisna etmir. Xətanın qeydə alınmış görüntüləri var, şəxsin özü də Mikayıl Əliyev küçəsindəki “Neolit” dairəsində yol polisi əməkdaşı tərəfindən saxlanıldığını bildirir. Bundan başqa şəxsin özü də etiraf edir ki, yol patrul avtomobilinə yol vermək üçün dairəyə daxil olmuşdur. Hansı ki, o, dairəyə daxil olan və hərəkət üstünlüyünə malik nəqliyyat vasitəsini buraxıb sonra öz hərəkətini davam etdirməli idi. Xəta YPX inspektoru tərəfindən vizual olaraq aşkarlanmış, sürücü barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, protokola baxılarkən xətanın törədildiyi öz təsdiqini tapdığından barəsində inzibati tənbeh tətbiq edilmişdir. Şikayət əsassız olduğundan təmin olunmamasını, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin 21 dekabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından və 21 dekabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Kia Rio minik” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X6 Bakı şəhəri Nizami rayonu, Mikayıl Əliyev küçəsində, “Neolit” dairəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəməyə təqdim olunan 01 ədəd diskdəki video görüntülərə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış zamanı, inzibati xətanın yuxarıda göstərilən qaydada törədildiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir; 42-ci maddəsinin Vİ hissəsinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır; 42-ci maddəsinin XV hissəsinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 21 dekabr 2025-ci il tarixdə, saat 00:20-də “Kia Rio minik” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu Mikayıl Əliyev küçəsindəki “Neolit dairəsi” ünvanında hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda istinad olunan tələblərinə əməl etməyib, dairəyə daxil olan və hərəkət üstünlüyünə malik nəqliyyat vasitəsini buraxıb sonra öz hərəkətini davam etdirməli olduğu halda, yol ayrıcını keçmə qaydalarını pozmuşdur ki, bununla da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qərardan şikayət vermiş X3 şikayətinin əsasını təşkil edən hallar onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati tənbeh verilməsinə mane olan, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin 21 dekabr 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-5971/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-5971/2025
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver