Məhkəmə qərarları › İş №3(007)-6/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-6/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-6/2024 08.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 28 sentyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 28 sentyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə istifadəsində olan “Ford Fokus” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə evə gedən zaman Bakı şəhəri, Q.Qarayev prospekti, 51/57 svetoforda qırmızı işıq yandığından o, avtomaşını saxlayaraq sol istiqamətində işarəedici yaşıl işığın yanmasını gözləmişdir. Svetoforda yaşıl işıq yanan sonra marşrut üzrə sola dönərək avtomaşınını idarə etməyə başlamışdır. Svetoforu yaşıl işıqda keçəndən sonra onun qabağında gedən nəqliyyat vasitələri hərəkətin intensivliyini xeyli aşağı salaraq onu qeyri ixtiyari şəkildə sarı işıqda keçməyə vadar etdi. Onu da qeyd edir ki, həmin adı çəkilən svetaforun sola dönən işarəedici yaşıl işığının yanması 12 saniyə təşkil edir. Bakı şəhər DYPİ-nin əməkdaşları onu saxlayaraq barəsində qanunsuz və əsassız olaraq AR-sı İXM-nin 327.2-ci maddəsinə əsasən protokol tərtib olundu. Buradan tam şəkildə aydın olur ki, qanunda nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir, hərəkətdə olan avtomaşınını idarə edərkən sol istiqamətə işarəedici svetaforun yaşıl işıq yandığı vaxt keçmişdir. Onun inzibati xəta törətmədiyini müəyyən etmək üçün kamera görüntüsünə baxmaq kifayətdir. Məhkəmə araşdırılması aparılmaqla, kamera götüntüsünə məhkəmə iclasında baxış keçirdib hüquqi qiymət verərək, Bakı şəhəri DYPİ-nin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli barəsində qanunsuz və əsassız qəbul olunmuş qərarın ləğv olunmasına dair müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərarı ilə X1 hazırkı iş üzrə şikayəti təmin edilməmiş, mübahisələndirilən qərar qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərarı ilə həmin qərar ləğv olunaraq, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, yaşıl işıqda keçmişdir. Bu, radarla qeydə alınmayıb, dövlət tərəfindən qoşulmuş vasitə deyil, sertifikatı yoxdur, yol polislərinin özlərinin telefonu ilə çəkilib. Protokol sübuta yetirilmir. Görüntüdə işıqfor görünmür. Sübut mötəbər deyil. Başqa işıqforun görüntüsü ilə ehtimallara əsaslanmaq olmaz. Şikayətində qeyd etdiyi kimi, işıqforu yaşıl işıqda keçəndən sonra onun qabağında gedən nəqliyyat vasitələri hərəkətin intensivliyini xeyli aşağı salaraq onu qeyri-ixtiyari şəkildə sarı işıqda keçməyə vadar etmişlər. Apellyasiya məhkəməsinin qərarının qüvvədə qalmasını, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X4 izahatında göstərmişdir ki, ilk növbədə nəzərə alınmalıdır ki, apellyasiya məhkəməsi rayon məhkəməsinin qərarını xətanın qeydə alındığı videogörüntünün olmamasına görə ləğv etmişdir. Hazırda həmin videogörüntünün olduğu CD diski məhkəməyə təqdim edir. Bundan başqa sertifikat, sürəti müəyyən edən və ölçən cihazlar üçün lazımdır. Təqdim edilən videogörüntü isə xidməti avtopatrulun videoregistratorunda qeydə alınmışdır ki, ona da sertifikat tələb olunmur. Şikayətin hər hansı əsası yoxdur, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Şikayətin təmin olunmamasını, mübahisələndirilən 28 sentyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 28 sentyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Ford Focus minik” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X2 Bakı şəhəri, Q.Qarayev prospekti, 51/57 ünvanında 16 sentyabr 2023-cü il tarixdə saat 12:59-da “svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə” 16 sentyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 80 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş bir ədəd CD diskə proses iştirakçıları ilə birlikdə məhkəmə iclasında baxış keçirilərkən inzibati tənbeh vermə haqqında qərarda və qərarı barəsində şikayət verilmiş şəxsin izahatı ilə müəyyən edilmiş halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 16 sentyabr 2023-cü il tarixdə saat 12:59-da “Ford Focuc minik” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Q.Qarayev prospekti, 51/57 ünvanında idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin tələblərini pozmaqla svetoforun qadağanedici işarəsi verilərkən nəqliyyat vasitəsinin hərəkətini davam etdirmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qərardan şikayət vermiş X1 şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, inzibati xəta hadisəsi Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin YPX inspektoru tərəfindən bilavasitə aşkar edilməklə yanaşı, xidməti avtopatrulda quraşdırılmış xüsusi texniki vasitə (videoregistrator) vasitəsi ilə qeydə alınmışdır, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hansı ki, baxılan işə münasibətdə istər xüsusi texniki vasitənin göstəricisi, istərsə də inzibati xəta haqqında protokol, İXM-nin 76.1-ci maddəsinin tələbi baxımından, X1 yol verdiyi inzibati xətanın törədilməsini və bu inzibati xətanın törədilməsində onun təqsirinin olmasını təsdiq və sübut edir, bu sübutların şübhə altına alınmasına, X1 inzibati xətanı törətməməsi, onun təqsirinin olmaması ilə bağlı hüquqi nəticəyə gəlinməsi üçün hüquqi əsaslar yoxdur. X1 şikayətində və məhkəmədə verdiyi izahatında irəli sürdüyü dəlillər onun şəxsi mülahizəsi olmaqla, məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, X2 işıqforu yaşıl işıqda keçəndən sonra onun qabağında gedən nəqliyyat vasitələri hərəkətin intensivliyini xeyli aşağı salaraq onu qeyri-ixtiyari şəkildə sarı işıqda keçməyə vadar etdiklərini qeyd etsə də, videogörüntü ilə də təsdiq olunur ki, o, sarı işıqda deyil, məhz svetaforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir, həmin hərəkəti həyata keçirərkən isə ondan bir neçə metr irəlidə hərəkət edən digər nəqliyyat vasitəsi şikayətçinin idarə etdiyi nəqliyyat vasitəsinin hərəkətinin intensivliyinə mane olmamış, o, öz axımı ilə hərəkətini davam etdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin 28 sentyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar