Məhkəmə qərarları › İş №3(007)-6/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-6/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-6/2025 13.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Naxçıvan MR, Şərur rayonu, Şahbuz qəsəbəsində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən "xxxx" MMC-də texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Cəmiyyətin sabiq direktoru Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində işçisi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə sağlamlığa yüngül zərər vurulması ilə bağlı xəsarət almışdır. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin məsləhətçi-əmək müfəttişi X4 tərəfindən xx.xx.2024-cü il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, baş vermiş hadisə "xxxx" MMC-də texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl olunmaması nəticəsində olmuşdur. Nəticədə "xxxx" MMC-nin merçendayzeri Zərərçəkmiş şəxs əlindən yüngül xəsarət almışdır. Hadisə baş verən zaman "xxxx" MMC-nin direktoru Şəxs olmuşdur. Baş vermiş hadisə tədqiq olunmuş və təhqiqat aktı çıxarılmışdır. Həmin aktın müvafiq maddəsinə əsasən Şəxs məsuliyyət daşıması qeyd olunmuş, əməyin mühafizəsi qaydalarını pozmaqda Şəxs cavabdeh kimi müəyyən edilmişdir. Protokolu müdafiə edərək Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, onların iş fəaliyyəti səhər saat 09:00-da başlayır. İşləri vitrinləri səliqəyə salmaq, olmayan məhsulları qeydiyyata almaq və s. işlərdən ibarətdir. Onlar yalnız "xxxx" MMC yox, “Araz” və s. bu kimi supermarketlərdə də işləyirlər. Hadisə baş verdiyi gün "xxxx" supermarketdə işini yekunlaşdırdıqdan sonra bitən məhsulları bərpa etmək üçün arxa depoya keçmişdir. Arxa depoya keçmək üçün yol olmadığına görə məcbur qalıb karobkanın üzərinə ayaq basmalı olmuşdur. Ayağını karobkanın üzərinə qoyan zaman karobkanın altı boş olduğu üçün tarazlığını itirərək sürüşmüş, məhsul daşıyan arabanın üzərinə düşmüş və xəsarət almışdır. Yıxılan zaman huşunu itirdiyi üçün sonra baş verənləri xatırlamır. Hadisə barəsində "xxxx" MMC-nin rəhbərliyinə məlumat verilmiş, eyni zamanda təcili tibbi yardım çağırılmışdır. O, əvvəllər də həmin mağazada olmuşdur və o zaman da belə vəziyyət yaranmışdır. Amma mağaza rəhbərliyinə bu barədə məlumat verilməmişdir, çünki mağaza rəhbərliyi bildirmişdir ki, işçilərin orada başlarına nəsə gələrsə məsuliyyəti özləri daşıyırlar. O yıxılan zaman ona hər hansı kənar təsir olmamış, ayağı boşluğa düşdüyü üçün yıxılmışdır. Hal-hazırda onun işini ixtisara salmışlar və o, işini itirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, hadisə baş verən zaman "xxxx" MMC-nin direktor vəzifəsini icra etmişdir. Hadisə "xxxx" supermarketin anbarında olmuşdur. Zərərçəkmiş şəxs vitrinləri düzəldən zaman yıxılaraq zədələnmiş və buna görə də təcili tibbi yardım çağırılmışdır. İşçilər supermarketə icazə əsasında daxil olurlar və daxil olduqdan sonra supermarketin təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Zərərçəkmiş şəxs yıxılmasında o, cavabdeh ola bilməz, çünki onun yıxılmaması üçün o, heç nə edə bilməzdi. Hadisə Zərərçəkmiş şəxs ehtiyatsız davranması nəticəsində baş vermişdir. Bu hadisəylə bağlı o, artıq 1 dəfə 1000 manat məbləğində cərimə edilmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında aktdan görünür ki, "xxxx" MMC-nin rəhbərliyi ilə Zərərçəkmiş şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin “əməyin mühafizəsi” bölməsinin 4.13-cü bəndinin (İşçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur) tələbinə riayət edilməməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinin 1-ci abzasının (əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini) tələblərinin pozulması nəticəsində baş vermiş bədbəxt hadisə üzrə "xxxx" MMC-nin icraçı direktoru Şəxs cavabdeh olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsinə cavabdeh olan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar