Məhkəmə qərarları › İş №3(007)-60/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-60/2022

07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-60/2022 07.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızı Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Şəxs MMC tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə protokol baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənəd protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə görə hakim inzibati xətalar haqqında işlərə baxarkən maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 464-cü maddəsində “Audit Xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. “Audit xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində göstərilir ki, audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabat-larının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən, öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburidir və məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki material üzrə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs təşkilati-hüquqi forma baxımından Məhdud Məsuliyyətli Cəmiyyətdir. Bu cür hüquqi şəxslər üçün auditin məcburi keçirilməsini nəzərdə tutan norma isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsidir. Həmin maddəyə əsasən Məhdud Məsuliyyətli Cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Maddənin məzmunundan göründüyü kimi, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət olan digər təsərrüfat subyektləri (orta və iri sahibkarlar) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidirlər. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı qərarı ilə müəyyənləşdirilmişdir. Belə ki, həmin qərara əsasən işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri isə 200.000 manatdan az olan sahibkarlıq subyekti “mikro sahibkar”, işçilərinin orta siyahı sayı 11-50 nəfər, illik gəliri isə 200.000 manatdan 3.000.000 manatadək olan sahibkarlıq subyekti “kiçik sahibkar”, işçilərinin orta siyahı sayı 51-250 nəfər, illik gəliri 3.000.000 manatdan 30.000.000 manatadək olan sahibkarlıq subyekti “orta sahibkar” və işçilərinin orta siyahı sayı 251 nəfər və ondan artıq olan, illik gəliri isə 30.000.000 manatdan artıq olan sahibkarlıq subyekti “iri sahibkar” hesab olunur. Məhkəmə, qanununvericiliyin yuxarıda göstərilən normalarına əsaslanaraq qeyd edir ki, Məhdud Məsuliyyətli Cəmiyyətlərə münasibətdə yalnız orta və iri sahibkarlıq subyekti hesab olunan hüquqi şəxslərin məcburi auditdən yayınması Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Mikro və kiçik sahibkarlıq subyekti hesab olunan MMC-lər isə İXM-nin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti hesab olunmur. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında materialdan görünür ki, səlahiyyətli orqan, Şəxs MMC barəsində inzibati xəta haqqında icraat başlayarkən onun sahibkarlıq subyektlərinin bölgüsü meyarları baxımından mikro, kiçik, orta və ya iri sahibkarlıq subyekti hesab olunmasını müəyyən etməmiş, bunu təsdiq edən hər hansı sənədi materiala əlavə etməmişdir. Bu vəziyyətdə barəsində icraat aparılan hüquqi şəxsin İXM-nin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti olub-olmamasını müəyyən etmək mümkün deyildir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materiallarına əlavə edilmiş, Şəxs MMC-yə ünvanlanmış 02.12.2021-ci il tarixli bildirişdə hüquqi şəxsə inzibati xəta haqqında işə baxılması ilə bağlı məlumat verilməsi və 15.12.2021-ci il tarixli bildirişdə isə inzibati xəta haqqında protokolun surətinin göndərilməsi qeyd olunsa da, həmin bildirişlərin həqiqətən hüquqi şəxsin ünvanına göndərilməsini və ona çatdırılmasını təsdiq edən hər hansı mötəbər sənəd iş materiallarına əlavə edilməmişdir. İşin bu halı isə hüquqi şəxsin inzibati xəta haqqında protokolun tərtib edilməsindən məlumatlı olmamasını və buna görə də protokolun onun nümayəndəsinin iştirakı olmadan tərtib edilməsini deməyə əsas verir. Halbuki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən izahat vermək, işin materialları ilə tanış olmaq, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və digər hüquqları vardır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün Şəxs MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənəd protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 109 və 118-сi maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində tərtib edilmiş 15.12.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə geri qaytarılsın. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar