Məhkəmə qərarları › İş №3(007)-6034/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-6034/2023

05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-6034/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx xxxx 1998-ci il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Siyəzən rayonunun Beşdam kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi ev 59K, mənzil 136-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 05 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 05 dekabr 2023-cü il tarixdə saat 11:44 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru X2 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 03 dekabr 2023-cü il tarixdə “VAZ 21154” markalı avtomobil almışdır. Avtomobildə nasazlıqlar olduğu və arxa hissəsi də aşağı olduğu üçün 05 dekabr 2023-cü il tarixdə saat 11:30 radələrində Nizami rayonu, Babək prospektində yerləşən “Şərq Motors”un yanındakı təmir sexinə getmiş, avtomobili bayırda saxlayıb boksa girmiş, ustaya problemi izah edib avtomobili içəri apararaq təhvil vermək üçün qayıdanda yol polisi əməkdaşları yaxınlşamışlar. Ona izah etmişlər ki, avtomobildə konstruksiya dəyişikliyi etmişdir, ona görə avtomobili duracağa aparılmalıdır. O, etirazını bildirərək avtomobili bir-iki gündür aldığını, bu məqsədlə ustaya gəldiyini və çatışmazlıqları düzəltdirəcəyini, avtomobili duracağa aparmağa əsas olmadığını bildirmişdir. Polis əməkdaşı təkid etdiyinə görə sözlü mübahisələri yaranmış, avtomobilin duracağa aparılmasına razı olmamışdır. Bundan sonra polislər ona güc tətbiq edərək və nalayiq ifadələrlə təhqir edərək onu 23-cü polis bölməsinə aparmışlar. Hazırda hesab edir ki, səhv etmişdir, əməlindən səmimi peşmandır. Göstərdiklərini və Vətən müharibəsinin iştirakçısı, müharibə veteranı olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyünün YPX baş inspektoru X3 izahatında göstərmişdir ki, 05 dekabr 2023-cü il tarixdə saat 11:44 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində xidmətdə olarkən “VAZ 21015” markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanma qaydasını pozduğunu müşahidə etmiş, yaxınlaşıb sürücüyə özlərini təqdim etmiş, sənədlərini yoxlayarkən müəyyən etmişlər ki, avtomobilin arxa yayları kəsikdir, yəni konstruksiya dəyişikliyi edilmişdir. Sürücü Şəxs bu barədə bildirilmiş, həmin səbəbdən avtomobilin duracağa təmin edilməli olduğu izah edilmişdir. Lakin sürücü onların qanuni tələblərinə tabe olmamış, əsassız yerə mübahisə etmiş, narazılığını bildirmiş, mobil telefonla onların xidməti fəaliyyətlərini çəkməyə başlamış, daha sonra isə avtomobili yandıracağı ilə hədələmiş, xidməti vəzifələrini yerinə yetirməyə maneçilik törətmişdir. Buna görə sürücünü məcburi qaydada ərazi üzrə 23-cü polis bölməsinə aparıb təhvil vermiş, şöbə rəhbərliyinə raportla müraciət edərək həmin şəxsin barəsində müvafiq tədbir görülməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyünün YPX inspektoru X8, V.N.Mirzəmmədovla eyni məzmunlu izahat vermişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olmasını, Vətən müharibəsinin iştirakçısı, müharibə veteranı olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı iş üzrə inzibati qaydada tutulmamışdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X6 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar