Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-6035/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zəngilan rayonunun Ağalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, Yataqxana, ev 89, mənzil 136-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 29 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs qanunsuz olaraq narkotik maddə qəbulunda şübhəli olduğu üçün 20 noyabr 2023-cü il tarixdə saat təxminən 10:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 67 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə aparılmış, üzərində şəxsi axtarış zamanı qanunsuz olaraq əldə edərək əldə edib üzərində saxlamaqla daşıdığı, şəxsi istehlak miqdarından aşağı miqdarda - təmiz çəkisi 0,45 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, 29 noyabr 2023-cü il tarixdə Respublika Narkoloji Mərkəzində tibbi müayinə zamanı sidik nümunəsində istehlak etdiyi narkotik vasitə “THC” (+) aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X4 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 18 noyabr 2023-cü il tarixdə Nəsimi rayonu, “28 May” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata marixuana kimi tanıdığı narkotik vasitə almış, sonra istifadə etmək məqsədilə üzərində saxlamış və az bir hissəsini də istifadə etmişdir. 20 noyabr 2023-cü il tarixdə Nizami rayonu, Babək prospektindəki 67 nömrəli binanın yaxınlığında narkotik vasitədən istifadə etdiyindən şübhələndiklərinə görə polislər onu saxlamılar, üzərində şəxsi axtarış zamanı həmin marixuananı polislərə təqdim etmişdir. Bundan başqa 29 noyabr 2023-cü il tarixdə tibbi müayinəyə göndərmiş, sidik analizi zamanı marixuanadan istifadə etdiyi aşkar edilmişdir. Əməlindən səmimi peşman olmasını, narkotik vasitələrdən asılılığının olmadığını, himayəsində 2014 və 2015-ci il təvəllüdlü iki azyaşlı uşağının olduğunu, ikinci qrup əlil olduğunu nəzərə alaraq, barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd”inə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs narkotik vasitəni könüllü surətdə təhvil verməmişdir, qanunsuz olaraq narkotik vasitə istifadə etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmış və tibbi müayinə zamanı bu fakt öz təsdiqini tapmışdır, ona görə həmin şəxsin maddənin qeydində nəzərdə tutulduğu qaydada inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşaqlarının olmasını və ikinci qrup əlil olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları, o cümlədən əlilliyi ilə əlaqədar barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsinin yolverilməzliyini nəzərə alaraq, barəsində İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Şəxs inzibati cərimə növündə tənbeh tətbiq edilməli olduğundan, o, dərhal tutmadan azad edilməlidir. Bununla yanaşı, müəyyən edilmişdir ki, Şəxs narkomaniya xəstəliyindən əza çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi olan, ekspertiza tədqiqatından sonra 0,40 qram qalığı qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Şəxs fiziki şəxs olduğundan ekspertiza xərci olan pul vəsaiti dövlət hesabına ödənilməlidir. Bundan başqa vəkilin iş materialları ilə tanış olmaq və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal tutmadan azad edilsin. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra 0,40 qram qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-6035/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-6035/2023
05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver