Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-6054/2023 22.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X10, tələbkar X2 və nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MTK-nın direktoru X6 (İsmailov Elshan) və onun nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, ünvan 1 ünvanında yaşayan X6 (İsmailov Elshan) Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu "xxxx" MTK-nın direktoru X11 (İsmailov Elshan) tərəfindən Bakı Apellyasiya Məhkəməsinin e-16(113)-432/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra edilməmiş, X3 mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 78 kv.m ibarət qeyri-yaşayış sahəsinə ziyan vuran tikinti-söküntü işləri aparılmış, eləcə də həmin qeyri-yaşayış sahəsinə giriş-çıxışa maneə yaradılmışdır. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru T.S.Ağayev tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X12 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən X11 (İsmailov Elshan) barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X4 izahat verərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinə “binanın əvvəlki vəziyyətinə qaytarılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və müvəqqəti təminat tədbiri haqqında ərizə ilə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-16(113)- 432/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 78 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə ziyan vuran tikinti-söküntü işlərinin aparılması, eləcə də həmin qeyri-yaşayış sahəsinə giriş-çıxışa maneə yaradılması cavabdeh "xxxx" MTK və üçüncü şəxslərə qadağan edilmişdir. Qərardad dərhal icraya yönəldilmişdir. Cavabdeh "xxxx" MTK-nın təmsilçisi və xüsusilə də Arifin (əslində MTK-nın sahibi odur) göstərişi ilə qeyri-yaşayış sahəsinin tərkib hissəsi olan, ona bitişik mənzil və qeyri-yaşayış sahələri və binanın dam hissəsi cinayətkarcasına sökülüb dağıdılmışdır ki, bunun və 18 noyabr tarixində yağan yağışlar nəticəsində qeyriyaşayış sahəsinin dam və divar hissəsindən su tökülərək ona xeyli miqdarda maddi zərər dəymişdir. Bu barədə icra şöbəsinə məlumat vermiş, icra məmuru hadisə yerinə gəlib olanları şəxsən gördükdən sonra bununla bağlı "xxxx" MTK-nın səlahiyyəti şəxsləri barəsində inzibati cərimə tədbiri görüləcəyini bildirmişdir. Hadisə ilə bağlı Nizami rayon İcra və Probasiya şöbəsinə xx.xx.2023-cü il tarixdə rəsmi şəkildə ərizə ilə müraciət etsə də cavabdeh barəsində heç bir tədbir görülməmiş, dəfələrlə işin nə yerdə olduğunu soruşsa da nəticə əldə edə bilməmişdir. Cəzasızlıqdan ruhlanan Arif və "xxxx" MTK-nın təmsilçisinin göstərişi ilə mülkiyyətində olan Kamil Balakişiyev küçəsi 62A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 25 noyabr 2023-cü il tarixdə səhərə yaxın təxminən saat 03-05 radələrində xeyli hissəsini cinayət törədərək sökdürmüşlər. Bununla bağlı bir çox aidiyyəti orqanlara müraciət etmişdir. Arif Mustafayev və "xxxx" MTK-nın səlahiyyətli şəxsləri barəsində inzibati xəta haqqında iş deyil, məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı cinayət işinin araşdırılması aparılmalı idi. Eyni zamanda, xx.xx.2023-cü il tarixdə isə Arif Mustafayevin və "xxxx" MTK-nın səlahiyyətli şəxslərinin göstərişi ilə qeyri-yaşayış sahəsinə giriş-çıxış tamamilə bağlanılmışdır ki, bu da nəticə etibarı ilə adı çəkilən şəxslər barəsində cinayət işinin başlanılmalı və əmlakına edilən qəsdlərin qarşısının alınması ilə bağlı olaraq barələrində qətimkan tədbiri seçilməli idi. İzahatında göstərdiyi hallara dair fotoşəkilləri məhkəmətyə təqdim edir. Qeyd olunanlara əsasən "xxxx" MTK-nın səlahiyyətli şəxsləri barəsində cərimə qismində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 (İsmailov Elshan) izahat verərək bildirmişdir ki, onların əlində mağazanın videogörüntüləri var. Mağazada elə hadisə olmamış, xx.xx.2023-cü il tarixdə mağazada heç bir problem yaranmamışdır. Bakı Kommersiya Məhkəməsinin qərardadından sonra 15 noyabr 2023-cü il tarixdə “Nizami rayonunda yerləşən "xxxx" MTK-nın ərazisində söküntü işlərinin aparılması, ərazinin təmizlənməsi və tikintiyə hazırlanması, bununla əlaqədar ortaya çıxa biləcək bütün məsələlər MTK-nın təhlükəsizlik üzrə mütəxəssisi X7 həvalə edilsin. X7 izah olundu ki, Bakı Kommersiya Məhkəməsinin e-16(113)-432/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarına əsasən X3 mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 78kv. metr olan qeyri-yaşayış sahəsinə ziyan vuran tikinti-söküntü işlərinin aparılması, eləcə də həmin qeyri-yaşayış sahəsinə giriş-çıxışa maneə yaradılması cavabdeh "xxxx" MTK və şəxslərə qadağan olunmuşdur. Ona görə də X2 qeyri-yaşayış sahəsiin yerləşdiyi ərazidə şirkətlə razılığa gəlmiş sakinlərə məxsus digər yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi, ərazinin tikinti işlərinin aparılması üçün yararlı vəziyyətə gətirlməsi məqsədilə əmək funksiyasını yerinə yetirərkən son dərəcə diqqətli olmalı, X3 məxsus Kamil Balakişiyev 62 A ünvanında yerləşən ümumi sahəsi 78 kv. metr olan qeyri-yaşayış sahəsinə hər hansı bir formada ziyan vurmaqdan çəkinməlidir.” məzmunda əmr imzalamışdır. O, sürücüyə və operatora iltizam yazdırmışdır ki, həmin mağazaya toxunulmasın. Həmin hadisə gecə vaxtı olmuşdur. O, gecə saatlarında orada qala bilmir. Mağaza öz fəaliyyətini davam etdirir. Hasarı tikintiyə və mağazaya kənar şəxslərin daxil olmasının qarşısını almaq məqsədilə iki gün qabaq çəkmişlər. X3 onların mağazaya girişi üçün əlavə qapı açılacağı və ona açar veriləcəyi deyilmişdir. Nizami rayon prokurorluğunda hazırda iş araşdırılır, cinayət işi başlanılmışdır. Tələbkarın əmlakına ziyan vuran şəxslər məsuliyyətə cəlb olunacaqlar. Onun heç bir təqsiri olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin e-16(113)-432/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, ərizəçi X2 müvəqqəti təminat tədbirləri haqqında ərizəsi qismən təmin edilərək X3 mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 78 kv.m ibarət qeyri-yaşayış sahəsinə ziyan vuran tikinti-söküntü işlərinin aparılması, eləcə də həmin qeyri-yaşayış sahəsinə giriş-çıxışa maneə yaradılması cavabdeh "xxxx" MTK və üçüncü şəxslərə qadağan edilmişdir - icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Apellyasiya Məhkəməsinin e-16(113)-432/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Hazırki iş üzrə borclu vəzifəli şəxs icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə vəzifəli şəxs "xxxx" MTK-nın direktoru X6 (İsmailov Elshan) əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri vardır və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, həmçinin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla X6 (İsmailov Elshan) Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə müvafiq olaraq "xxxx" MTK-nın direktoru X6 (İsmailov Elshan) məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, "xxxx" MTK-nın direktoru X11 (İsmailov Elshan) icra sənədinin icrasını qərəzli olaraq təmin etmədiyini, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarının icra edilməməsini, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MTK-nın direktoru X11 (İsmailov Elshan) İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X11 (İsmailov Elshan) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-6054/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-6054/2023
22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver