Məhkəmə qərarları › İş №3(007)-6059/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-6059/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-6059/2023 26.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X3 tərəfindən tərtib edilmiş 29 noyabr 2023-cü il tarixli, 00400-00429/23/2 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2023-ci il tarixli, 3-33-1100/2-009868/2023 saylı məktubun icrası ilə əlaqədar araşdırma aparılaraq müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin (VÖEN:**********) ünvanına **********01606 nömrəli qeydiyyat kodları tərtib edilməklə 63746481 nömrə nişanlı dəmiryolu nəqliyyat vasitəsilə tranzit daxil olan yüklə bağlı gömrük orqanına yükün gömrük sərhədindən keçməsi ilə bağlı təqdim olunmuş sənədlərdə təhrif olunmuş məlumatlar verilmişdir. Aparılan araşdırma ilə müəyyən edilmişdir ki, Xaçmaz Gömrük idarəsində **********03208 nömrəli qeydiyyat kodları tərtib edilməklə 94930492 nömrə nişanlı dəmiryolu nəqliyyat vasitəsilə Şəxs MMC-nin ünvanına idxal olunan mallara görə qanunvericilikdə nəzərdə tutulmuş qısa idxal bəyannaməsinin təqdim olunmadığını və sözügedən malların gömrük rəsmiləşdirilməsi üçün Astara Gömrük İdarəsinə dəyişdirildiyini nəzərə alaraq, Xaçmaz Gömrük İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33-1700/2- 004051/2023 nömrəli məktub aidiyyəti üzrə baxılması üçün Bakı Baş Gömrük İdarəsindən 3-33-1300/1-005092/2023 nömrəli, xx.xx.2023-cü- il tarixli məktubla Astara Gömrük idarəsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Şəxs MMC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişlər. Məhkəmə işə Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Şəxs MMC-nin direktoru izahat verərək bildirmişdir ki, şirkətin əsas fəaliyyəti beynəlxalq yük daşımalarıdır, dəmiryolu vaqonlarında Belarus Respublikasından daşımaqları üçün göndərilən “Taxta” yükləri gömrük bəyannaməsi olmadan göndərilmişdir. Bundan əlavə həmin yükləri müşayiət edən dəmir yolu qaimələrində səhvən yükü qəbul edən kimi Şəxs MMC göstərilmişdir. Buna görə də Yalama gömrük postunda həmin yüklər səhvən idxal gömrük proseduru altında rəsmiləşdirilmişdir. Həmin “Taxta” yükləri Astara dəmiryolu gömrük postundan İrana keçən zaman mallar saxlanılıb və məlumat verilmişdir ki, həmin yüklər idxal gömrük proseduru altında rəsmiləşdiyi üçün İrana keçə bilməz. O, dərhal Belarus Respublikasından idxalatçı "ZELENVUD" şirkəti ilə əlaqə yaradaraq, yüklərin müvafiq sənədlərinin onlayn şəkildə gömrük bəyannaməsinin isə əslinin təyyarə vasitəsilə göndərilməsini tələb etmişdir. Bundan sonra Dövlət Gömrük Komitəsinə müraciət etmişdir. Müraciətinə baxılmış və göndərilən həmin yüklərin Belarus Respublikasından idxal deyil, tranzit gömrük proseduru altında Azərbaycan Respublikasından keçməli olduğu müəyyən edilmişdir. 20 (iyirmi ) gündən artıq yüklər Astara dəmiryolu gömrük postunda saxlanıldıqdan sonra buraxılmış və həmin yüklər İran İslam Respublikasında ünvanına tranzit proseduru altında çatmışdır. Şəxs MMC ümumiyyətlə alqı-satqı müqavilələrinə əsasən idxal fəaliyyəti ilə məşğul olmur. Buna görə də şirkət tərəfindən gömrük orqanlarına əvvəlcədən elektron qaydada qısa idxal bəyannamələri heç vaxt verilməmişdir. Ölkə ərazisindən tranzit qaydada keçirilən “Taxta” yükləri ilə bağlı gömrük orqanına yükün gömrük sərhədindən keçməsilə bağlı təqdim olunmuş sənədlərdə təhrif olunmuş məlumatların təqdim edilməsi ilə razılaşa bilmir. “Taxta” yükləri Belarus Respublikasından idxalatçı "ZELENVUD" şirkəti tərəfindən Rusiya Federasiyasının Tomsk şəhərindəki “Mir-22” şirkətinə, həmin şirkət tərəfindən isə X2 (BƏƏ) Dubay şəhərində yerləşən “ATAS GENERAL TRADİNG LLC” şirkətinə alqı-satqı müqaviləsi ilə satılmış və göndərilmişdir. Müqavilə və digər sənədlərdə Şəxs MMC alıcı və ya satıcı kimi deyil, yükdaşıyıcı kimi göstərilmişdir. Şirkət tərəfindən gömrük orqanına təhrif edilmiş məlumat verilməmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportdan və Dövlət Gömrük Komitəsi X1 Sistemi program təminatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023 və xx.xx.2023 tarixlərdə **********01606 və **********03208 nömrəli qeydiyyat kodları tərtib edilməklə 63746481 və 94930492 nömrə nişanlı dəmiryolu nəqliyyat vasitəsilə ilə göndərilən “Taxta” yükü Yalama gömrük postu tərəfindən Tranzit (giriş) gömrük proseduru altında qeydə alınmışdır. **********01606 və **********03208 nömrəli geydiyyat kodları tərtib edilməklə 63746481 və 94930492 nömrə nişanlı dəmiryolu vaqonlarında xx.xx.2023 və xx.xx.2023 tarixlərdə göndərilən “Taxta” yükünü müşayiət edən 23510101 və 23510099 dəmiryol qaimələrində malın alıcısı Şəxs MMC kimi göstərilsədə təqdim edilmiş müqavilə və ona əlavə edilmiş sənədlərdən malın alıcısının X2 (BƏƏ) Dubay şəhərində yerləşən “ATAS GENERAL TRADİNG LLC" şirkəti olduğu məlum olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görəfiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs MMC tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar