Məhkəmə qərarları › İş №3(007)-607/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-607/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-607/2025 24.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2704/2011 saylı, xx.xx.2011-ci il tarixli və 2(011)-3718/2018 saylı, xx.xx.2018-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, yanvar ayının 21-i onun barəsində axtarış qərarı olmuş, lakin onun bundan xəbəri olmamışdır. Ayın 22-si Moskva şəhərinə getmiş, 24-ü səhər saat 05:00-da geri qayıdanda isə sərhəddə saxlanılmışdır. O, hazırda Mərkəzi Bankın reyestrində qara siyahıdadır. Guya qara siyahıda olan müştəri banka müraciət edib kredit götürmüşdür. Girov, zamin olmadan bu kreditin onun kimi adama verilməyi inandırıcı deyil. O, belə bir kredit götürməmişdir. Sahibkarlığa kömək fondunun güzəştli krediti olmuş, onun da ödənişlərini vaxtında etmişdir. Ona 40000 manat biznes krediti verilmişdir. Həmin kreditlə ofisə çap maşınları alınmışdır. Bankla razılaşmışlar ki, o, onların çap işlərini yerinə yetirəcək, bank da onun aylıq kreditini siləcək. Həmin vaxtı "xxxx" Azərbaycanın ən öndə gedən banklarından biri olmuş və 20-ə yaxın filialı olmuşdur. Bütün filialların çap işlərini o görmüşdür. 1 oktyabrda o onlara təhvil-təslim etsə də, pulu həmin gün yox, 4 ay sonra ödənilmişdir. Həmin 4 ayda ona cərimə faizi, dəbbə pulu yazılmışdır. Bank onun məlumatsızlığından istifadə edərək özü ödənişləri yubatmışdır. Rəhbər dəyişikliyi olduğu üçün yeni hüquqşünasla danışanda həmin hüquqşünas ona bildirmişdir ki, ona yeni biznes layihəsi açılacaq. O, həmin layihəni imzalamamış, 30470 manat olan yeni kredit layihəsini isə imzalamışdır. Ona yenidən cərimə pulu hesablamağa başlamışlar. Ziya Məmmədov və Hafiz Məmmədov kreditə baxmaq üçün şəxsi auditlər göndərmişlər. Onlar həmin rəqəmlərin düz gəlmədiyini bildirmişlər. 10 gün sonra auditorlar Kamran və Müslim ona demişlər ki, onun o banka 7000 manat borcu var. Heç vaxt heç bir çağırışdan boyun qaçırmamışdır. Sığorta fonduna razılıq üçün getmiş, orada ona demişlər ki, 40.000 əsas kredit, 12.000 isə gecikmə məbləğidir. Həmin məhkəmə qərarından apellyasiya şikayəti vermiş, iş ekspertizaya getmişdir. Ekspertizadan rəy gəlmişdir ki, 10.000 manatın mənbəyi məlum deyil. Lakin 40.000 manat əsas borcdur. Daha sonra kassasiya şikayəti vermiş, yeni ekspertiza təyin edilməsini xahiş etmişdir. Şikayəti təmin edilməmiş, yenidən razılaşmaq üçün sığortaya getsə də bir razılıq əldə edilməmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkarlar "xxxx" ASC və "xxxx" ASC-nin nümayəndələri məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2704/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış 11 iyun 2009-cu il tarixli, 128571 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh Şəxs "xxxx" ASC-nin xeyrinə 720.76 (yeddi yüz iyirmi manat yetmiş altı qəpik) manat əsas kredit borcu, 405,67 (dörd yüz beş manat altmış yeddi qəpik) manat kreditdən istifadəyə görə faiz borcu, 41,31 (qırx bir manat otuz bir qəpik) manat hesablanmış penya, 250 (iki yüz əlli) manat nümayəndəyə ödənilməli vəsait kimi zərər, cəmi 1.417,74 ( bir min dörd yüz on yeddi manat yetmiş dörd qəpik) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumunun tutulması qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2013-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2704/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2013-cü il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2704/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində icra etməsi xahiş olunmuş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3718/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər Şəxs və "xxxx" MMC-dən 1862.3 manat əsas, 479.84 manat faiz borcu olmaqla, cəmi 2342.14 manat məbləğində borcun "xxxx" ASC-nin xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 71 faiz, yəni 21 manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, qalan 29 faiz, yəni 09 manatın tutlaraq iddiaçıya aid edilməsi qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3718/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3718/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində icra etməsi xahiş olunmuş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2011-ci il tarixli, 61K/11 saylı kredit müqaviləsi üzrə 28812,83 manat əsas borc, 11638 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 40551,07 (qırx min beş yüz əlli bir manat yeddi qəpik) manat məbləğində pul və ödənilmiş 22 (iyirmi iki) manat məbləğində dövlət rüsumunun cavabdehlər "xxxx" MMC, X3, X1 tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, 150 manat ekspertiza xərci iddiaçı ləğv prosesində olan "xxxx" ASC-dən və cavabdehlər "xxxx" MMC, Şəxs, X1 dövlət büdcəsinə tutulması qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində icra etməsi xahiş olunmuş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. -icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2024-cü tarixli qərardan görünür ki, Şəxs barəsində olan 5989/2022, 61940/2019 və 12746 saylı icra işləri ümumi icraatda birləşdirilmişdir. - borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şəxs əməlində qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırma kimi əlamətlər yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2704/2011 saylı, xx.xx.2011-ci il tarixli və 2(011)-3718/2018 saylı, xx.xx.2018-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-594/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsinə dair sübutlar təqdim edilmədiyindən və bununla da Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu mənada hazırkı qərarda gəlinmiş nəticə borclu Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2704/2011 saylı, xx.xx.2011-ci il tarixli və 2(011)-3718/2018 saylı, xx.xx.2018-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-594/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədlərinin icrasından azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar