Məhkəmə qərarları › İş №3(007)-61/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-61/2022

21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-61/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsindən daxil olmuş 17 dekabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən 17 dekabr 2021-ci il tarixdə saat 14:17-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə aid marketdə karantin rejimi dövründə tibbi maskadan istifadə edilməmış, bununla da xüsusi karantin rejimi dövründə qida məhsullarının ticarəti üzrə və sair fəaliyyət sahələrində fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydalar təkrarən pozulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi tərəfindən inzibati xəta haqqında protokola dair yazılı etiraz verilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə inzibati xəta haqqında protokol ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edilmişdir. Belə ki, protokolda faktın foto şəkillər ilə təsdiq edildiyi qeyd edilsə də, həmin foto şəkillərin çəkilməsində istifadə olunan xüsusi texniki vasitənin göstəricisi, tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, yoxlamadan keçdiyini təsdiq edən sənədin nömrəsi, tarixi, növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd edilməmisdır. Üstəlik, iş materiallarına əlavə olunmuş foto şəkillərin hansı tarixdə və hansı mağazada çəkildiyi məlum deyildir. Şəxs MMC-nin ölkə ərazisində bir çox mağazasının olduğu nəzərə alınsa, həmin şəkillərin hansı mağazada, hansı tarixdə çəkildiyi şübhə doğuran məqamlardır. Habelə, həmin şəxsin kimliyi ilə bağlı iş materiallarına heç bir şəxsiyyəti təsdiq edən sənəd, yaxud izahat əlavə edilməyib. Digər bir məqam ondan ibarətdir ki, DVX BKSİBİ əməkdaşları Cəfərov Cahid və Məmmədov Zaur tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli aktda, MMC-nin rəhbəri ilə əlaqə saxlamağın mümkün olmadığı, mağaza müdirinin rəhbərin uzaqda olması, obyektə gələ bilmədiyini bildirməsi halları qeyd edilmişdir. Halbuki, DVX BKSİBİ əməkdaşları tərəfindən əvvəla MMC-nin rəhbəri ilə əlaqə saxlanılmayıb, digər tərəfdən mağazada həmin vaxt səlahiyyətli şəxs-mağaza müdiri X5b. Bu halda inzibati xəta haqqında protokol mağazanın fəaliyyətindən birbaşa məsul şəxs olan mağaza müdiri barəsində barəsində tərtib edilməli, protokolun bir nüsxəsi ona təqdim edilməli idi. İş materiallarında əlavə olaraq, vəzifəli şəxsin (mağaza müdirinin) izahatı və ya vəzifəli şəxs olmadıqda, protokolda bu barədə qeyd edilərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin imzası olmalı idi. Hər kəsə aydındır ki, hətta ona məlumat verilsəydi belə, MMC-nin rəhbəri (qanuni təmsilçisi) olan baş direktoru şirkətin baş ofisində əyləşir və mağazalarda hər hansı qayda pozuntusu olduğu təqdirdə izahat vermək üçün hadisə yerinə özünü dərhal yetirə bilməz. Belə hallarda dövlət orqanının əməkdaşları mağazada vəzifəli şəxs olan mağaza müdirinin izahatını almalı idi. Tərtib olunan aktın mətnindən də aydın olur ki, birtərəfli və formal məqsədlə tərtib olunmuşdur. Digər tərəfdən, tərtib olunmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələrinin izah edilməsinə dair heç bir qeyd aparılmamışdır. Bu da o deməkdir ki, Dövlət Vergi Xidməti BKSİBİ-nin əməkdaşı qanunvericiliyin bu tələbinə də əməl etməmişdir. Göründüyü kimi protokolun tərtib edilməsinə əsas olmuş sənədlərdəki məlumatlar qeyri-dəqiq, natamam, şablon formalı sözlərlə əhatə olunmuşdur. Bu da həmin sənədlərin doğruluğunu şübhə altına alaraq, iş üzrə mötəbər sübut kimi qiymətləndirməsinə imkan vermir. Dövlət Vergi Xidməti BKSİBİ tərəfindən İXM-nin 211.2-ci maddəsində göstərilən inzibati xətanın ünvan 2 ünvanında yerləşən Şəxs mağazasında təkrar törədilməsi faktı kifayət qədər araşdırılmamış, üstəlik protokolda İXM-nin 211.3-cü maddəsinə istinad edilməsi də əsaslandırılmamışdır. Belə ki, inzibati protokolun “Müəyyən edildi” hissəsində İXM-nin 211.2-ci maddəsininin dispozisiyası qeyd edilmiş, lakin 211.3-cü maddəyə istinad edilmişdir. Habelə, tərtib olunmuş aktda da İXM-nin 211.3-cü maddəsində göstərilən xətanın törədilməsinə dair heç bir qeyd yazılmamış, əksinə, İXM-nin 211.2-ci maddəsində göstərilən inzibati xəta tərkibi təsvir olunmuşdur. İş materiallarına nəzər yetirilsə, görünər ki, sözügedən Şəxs mağazasının yerləşdiyi obyektin ayrılıqda kodu (16007), adı, ünvanı mövcuddur. Halbuki iş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 3(004)- 135/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında Şəxs MMC-yə məxsus ünvan 4 ünvanında yerləşən mağazada müştərilər tərəfindən sanitar-gigiyena qaydalarının tələblərinə əməl edilməyərək tibbi maskadan istifadə edilməməsindən söhbət gedirdi. İnzibati xətanın eyni obyektdə təkrarən törədilməsi faktı təqdim edilmiş sənədlərlə sübuta yetirilmədiyindən, DVX BKSİBİ-nin vəzifəli şəxsinin protokolu İXM-nin 211.3-cü maddəsi ilə tərtib etməsi əsassız və qanunaziddir. Bundan əlavə, Dövlət Vergi Xidməti BKSİBİ istinad etdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-135/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin 3(103)-418/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmişdir. Lakin protokolu tərtib edən vəzifəli şəxs Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərardan bixəbər olmaqla, dəyişdirilmiş qərara istinad etmişdir. Bundan əlavə, inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli (vəzifəli) şəxs mövcud protokolu mağaza müdirinin adına tərtib etmək səlahiyyətinə malik olmasına baxmayaraq, birbaşa hüquqi şəxs barəsində tərtib etmişdir. Bu da öz növbəsinə məhkəmələrdə is yükünün külli miqdarda artmasına, əlavə proseslərin keçirilməsinə səbəb olur. Qeyd etdiklərindən görünür ki, Dövlət Vergi Xidməti BKSİBİ-nin əməkdaşı qərəzli mövqe nümayiş etdirərək mağazanın müdiri (vəzifəli şəxs) barəsində inzibati protokol tərtib edə biləcəyi halda, sırf hüquqi şəxslərə tətbiq olunan cərimənin məbləği daha yüksək olduğu üçün qərəzli şəkildə inzibati protokolu birbaşa hüquqi şəxs barəsində tərtib etmişdir. Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 yazılı etirazda göstərilənlərə uyğun izahat verməklə, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 17 dekabr 2021-ci il tarixli aktdan görünür ki, 17 dekabr 2021-ci il tarixdə saat 14:17-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə aid marketdə işçilər tərəfindən karantin rejimi dövründə fərdi qoruyucu vasitə olan tibbi maskadan istifadə edilməməsi faktı yerində aşkar olunmuş, fotoşəkillər çəkilərək akta əlavə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli 3(004)-135/2021 nömrəli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib, 600 manat cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 3(006)-3535/2021 nömrəli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə təqsirli bilinib, 1200 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” 01 may 2020-ci il tarixli Qərarına müvafiq olaraq Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə qida məhsullarının ticarəti üzrə və sair fəaliyyət sahələrində xüsusi sanitar rejim tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli 189 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və tibb müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sonrakı digər qərarlarına əsasən xüsusi karantin rejiminin və müvafiq məhdudiyyətlərin müddətləri uzadılmaqla yanaşı 26 may 2021-ci il tarixli 151 nömrəli Qərarına əsasən 2021-ci il 31 may saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilmiş, lakin yuxarıda qeyd edilən məkanlarda tətbiq edilən qadağalar qüvvədə saxlanılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nüamyəndəsinin izahatında və yazılı etirazında göstərilənlərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 18.2.4-cü maddəsində təsbit edilmişdir ki, hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilir. İnzibati xəta hüquqi şəxsə münasibətdə törədilmiş hesab edildiyindən xətanın hüquqi şəxsə aid hər hansı mağaza və ya obyektdə törədilməsi onun təkrar törədilməsi hesab olunur. Fotoşəkilin hansı mağazada çəkilməsi barədə sübutun olmamasına gəldikdə, işə əlavə olunmuş satış çekindən görünür ki, inzibati xətanın aşkar olunduğu vaxt, 17 dekabr 2021-ci il tarixdə saat 14:24-də vergi əməkdaşları protokolun tərtib olunduğu T.Abbasov küçəsi ev 38 ünvanında yerləşən mağazada olmuşlar, fotoşəkil çəkilmiş, akt tərtib olunmuşdur, baxılan inzibati xəta yol hərəkəti qaydaları əleyhinə olmadığı üçün həmin xəta xüsusi texniki vasitələrlə qeydə alına bilməzdi, ümumiyyətlə inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. Ona görə də etiraz və izahatda irəli sürülən dəlillərin əsası yoxdur, məhkəmə qeyd olunanları hüquqi şəxsi inzibati məsuliyyətdən yayındırmağa cəhd kimi qiymətləndirməklə, qeyd edir ki, işin icraatına xitam verilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar