Məhkəmə qərarları › İş №3(007)-610/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-610/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-610/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məhkəmə iclasının katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının X2nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının X2nin Bakı regional bölməsindən daxil olmuş 24 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 78A olan Şəxs MMC tərəfindən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən X2 tərəfindən çıxarılmış 13 yanvar 2023-cü il tarixli 005 nömrəli qərar icra edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının X2nin nümayəndəsi X4 protokolun məzmununa uyğun izahat vermiş və inzibati xəta haqqında protokol əsaslı olduğundan MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəxs MMC-nin 14 dekabr 2022-ci il tarixli İD ********** nömrəli elektron ərizəsindən görünür ki, 01 dekabr 2022-ci il tarixli müqavilə əsasında 14 dekabr 2022-ci il tarixdə İran İslam Respublikasından ölkəyə idxal edilməsi nəzərdə tutulan, yeyinti məhsulu hesab edilən 2688 kq olan qarpız məhsulu üçün qida təhlükəsizliyi sertifikatının verilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 13 yanvar 2023cü il tarixli, 005 nömrəli qərarından görünür ki, Şəxs MMC-nin 14 dekabr 2022-ci il tarixli, İD ********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il son istifadə tarixli, ümumi çəkisi 2688 kq olan qarpız məhsulu partiyasının qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsindən imtina edilmiş, həmin məhsul partiyasının qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə ixrac edən ölkəyə geri qaytarılması, sahibkar tərəfindən məhsul partiyasının ixrac edən ölkəyə geri qaytarılması nəzərdə tutulduğu təqdirdə Agentliyə bu barədə rəsmi məlumat verilməsi qərara alınmışdır. Qərarın icrasından yayınan şəxslərin Azərbaycan Respublikası İXM və CM-də nəzərdə tutulmuş hallarda məsuliyyət daşımaları izah edilmişdir. İşdə olan Şəxs MMC-nin nümayəndəsi X1 xx.xx.2023-cü il tarixli izahatından görünür ki, İD ********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş qarpız məhsulu barədə qəbul olunmuş xx.xx.2023-cü il tarixli, 005 nömrəli qərarı icra etməmişlər. Qeyd olunan məhsul partiyası sertifikatsız satılmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar