Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-611/2022 28.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi qaydada işləyən, Gəncə şəhəri, S.A.Kəsəmənli küçəsi ev 50-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 118, mənzil 17-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 10 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 11 yanvar 2022-ci il tarixdə saat 23:43 radələrində idarə etdiyi “BMW X6 minik” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində “maşın bazarı” istiqamətində 2-ci zolaqla 120 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələbini pozaraq, qarşıda eyni istiqamətdə təxminən 50-60 km/saat sürətlə hərəkətdə olan “Mitsubishi Pajero minik” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, bundan sonra yenə eyni istiqamətdə hərəkətdə olan “Opel Astra minik” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, daha sonra idarəetməni itirməsi nəticəsində hərəkət istiqamətinin sağ kənarında olan daş hasara dəyərək dayanmış, nəticədə “Mitsubishi Pajero minik” markalı avtomobili idarə edən Zərərçəkmiş şəxs1, onun avtomobilində sərnişin olan həyat yoldaşı Zərərçəkmiş şəxs2, onların azyaşlı övladı Zərərçəkmiş şəxs5, Şəxs idarə etdiyi “BMW X6 minik” markalı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəmə iclasına gəlməmişlər, məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 11 yanvar 2022-ci il tarixdə dostları Musa və Raminlə birlikdə Babək prospektində “Süsən” kafesində axşam yeməyi yemişlər, yemək zamanı Musa və Ramin spirtli içki qəbul etmişlər. Təxminən saat 23:30 radələrində kafedən çıxmışlar, Musa ilə Ramini öz avtomobili ilə evlərinə aparmalı olmuşdur. Avtomobillə Babək prospektində M.Hadi küçəsi istiqamətində təxminən 120 km/saat sürətlə hərəkət etmişdir. Hərəkətdə olarkən ani bir diqqətsizlik səbəbindən qarşıda hərəkətdə olan “Mitsubishi Pajero” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə, sonra isə “Opel Astra” markalı avtomobilə arxa hissədən çırpılmışdır. Sonra idarəetməni itirməsi nəticəsində avtomobili “maşın bazarı” adlanan ərazinin hasarına çırpılaraq dayanmışdır. Hadisə zamanı Musa, Ramin və “Mitsubishi Pajero” markalı avtomobildə olan 3 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın 5000 manat hissəsini sığorta şirkəti ödəmişdir, qalan hissəsini ödəməyə isə hazırkı halda maddi imkanı yoxdur. Əməlindən səmimi peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, 11 yanvar 2022ci il tarixdə saat təxminən 23:40 radələrində həyat yoldaşı Aygün və azyaşlı oğlu Raulla birlikdə marketdən çıxmışlar, idarə etdiyi “Mitsubishi Pajero” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə oturaraq Nizami rayonu, Babək prospekti ilə üzü “maşın bazarı” istiqamətində hərəkət etmişlər. Təxminən 50-60 km/saat surətlə hərəkətdə olduğu zaman qəflətən, gözləmədiyi anda idarə etdiyi avtomobilin arxa sol hissəsindən zərbə dəymiş, avtomobili Babək prospektində fırlanaraq əks istiqamətdə səkiyə qalxıb dayanmışdır. Tez ailə üzvlərinin vəziyyəti ilə maraqlanmış, həyat yoldaşı Aygünün sol ayaq nahiyyəsindən, oğlu Raulun isə baş nahiyyəsindən xəsarət aldıqlarını görmüşdür. Aşağı düşdükdən sonra avtomobilinin “BMW X6” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulduğunu, nəticədə avtomobilinə külli miqdarda maddi ziyan dəydiyini, bundan sonra həmin “BMW X6” markalı avtomobilin idarəetməni itirib “Opel Astra” markalı avtomobillə toqquşduğunu və sonradan yolun kənarında divara çırpılaraq dayandığını görmüşdür. Ona ümumilikdə 11.500 manat məbləğində maddi ziyan dəymiş, sığorta şirkəti tərəfindən 5000 manat ödənilmişdir, qalan məbləğ isə hadisəni törətmiş Şəxs tərəfindən ödənilməmişdir, ona görə özü və zərərçəkmiş olan həyat yoldaşı həmin şəxsdən şikayətçidirlər. Qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair 17 yanvar 2022-ci il tarixli 36 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs5 bədən səthində aşkar olunmuş xəsarətlər-ənsə nahiyəsinin hematoması, sol qulaq üstü nahiyəsinin şişkinlik halında əzilməsi, alnın sağ yarısının, sol bazunun arxa, sol saidin ön, asağ bazunun bayır, döş qəfəsinin arxa səthlərinin qançıqları, alnın sıyrığı-bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 11.01.2022-ci il tarixdə sərnişin qismində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan canlı şəxsin ekspertizasına dair 17 yanvar 2022-ci il tarixli 37 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 aşkar olunmuş xəsarətlər-sağ gicgah nahiyəsinin hematoması, sağ bazunun arxa, sağ sirsək oynağının arxa, sol diz oynağının ön-iç, sağ diz oynağının ön-bayır, sağ budun ön səthinin qançıqları, sol budun arxa səthin yuxarı sıyrığı-bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 11.01.2022-ci il tarixdə sərnişin qismində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan canlı şəxsin ekspertizasına dair 17 yanvar 2022-ci il tarixli 38 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 aşkar olunmuş xəsarətlər-alnın sıyrıq və hematoması, sol bazunun arxa-bayır, sağ saidin arxa, döş qəfəsinin sağ yarısının, sağ diz oynağının ön, sol baldırın ön-bayır səthlərinin qançırları-bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 11.01.2022-ci il tarixdə sürücü qismində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna olunmur, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan canlı şəxsin ekspertizasına dair 22 yanvar 2022-ci il tarixli 51 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs3 sağ qaşın əzilmiş yarası olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 11.01.2022-ci il tarixdə, yəni yol-nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan canlı şəxsin ekspertizasına dair 17 fevral 2022-ci il tarixli 67 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs4 sağ qaşüstü nahiyəsinin əzilmiş yarası, sağ göz qapaqlarının, sol alın nahiyəsinin və sağ əlin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 11.01.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 27 yanvar 2022-ci il tarixli 8/191 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “BMW X6” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs “BMW X6” markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 120 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 fevral 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə əsasən “BMW X6” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material Nizami Rayon Məhkəməsinə təqdim olunması məqsədilə RPİ-nin DYPŞ-nə göndərilmiş, gələcəkdə dəymiş ziyan ödənilmədiyi halda zərərçəkmiş şəxslərin mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslər tərəfindən tələb irəli sürülməmişdir, lakin müəyyən olunmuşdur ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisə vardır, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərin mülki icraat qaydasında belə tələb irəli sürmək hüquqları izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ zərərçəkmiş şəxslərə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-611/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-611/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver