Məhkəmə qərarları › İş №3(007)-612/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-612/2021

21.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-612/2021 21.01.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru X1, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil oğlunun iştirakları ilə, xx xxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Əzizbəyov küçəsi ev 7də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 42, mənzil 5-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ 24-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2021ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 25 və xx xxxxxx 2020-ci il tarixlərdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 20/25 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus “Rahat” marketə daxil olaraq cəmi 6 ədəd konservləşdirilmiş bahalı balıq məhsullarının üzərindəki qiyməti və digər məlumatları əks etdirən kağızlarını (barkod) dəyişib, konservləşdirilmiş ucuz balıq məhsullarının üzərindəki qiyməti və digər məlumatları əks etdirən kağızlarla (barkod) əvəz edərək kassadan keçirmiş, özgənin əmlakını talayıb zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 250 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 20/25 ünvanında yerləşən “Rahat” marketə daxil olmuş, satış rəfində olan 3 ədəd bahalı balıq konservini götürmüş, onların hər birinin üzərində olan qiymətləri dəyişərək daha ucuz olan 9,50 manatlıq qiymət kağızını əlavə etmiş, bahalı balıq konservlərini ucuz balıq konservi adı ilə kassadan keçirmiş, xx xxxxxx 2020-ci il tarixdə təkrarən həmin marketə daxil olmuş, eyni qaydada satış rəfində olan 3 ədəd bahalı balıq konservini götürmüş, onların hər birinin üzərində olan qiymətləri dəyişərək daha ucuz olan 9,50 manatlıq qiymət kağızını əlavə etmiş, bahalı balıq konservlərini ucuz balıq konservi adı ilə kassadan keçirmiş, bununla o, kassiri aldadaraq cəmi 57 manat pul ödəmişdir. Hazırda dəymiş maddi ziyanın qalıq hissəsini də ödəmək istəyir. Əməlindən səmimi peşmandır. Bu işlə bağlı xx xxxxxx 2021-ci il tarixdə polislər tərəfindən saxlanılmışdır. Barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-yə məxsus “Rahat” market Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 20/25 ünvanında yerləşir. xx xxxxxx 2020-ci il tarixdə marketdə olan malların yoxlanılması zamanı 6 ədəd bahalı balıq konservinin yerində olmadığı aşkar edilmişdir. Marketin kameralarına baxış zamanı müəyyən etmişlər ki, 25 və xx xxxxxx 2020-ci il tarixlərdə “Malış” ləqəbli, cinsi azlıqların nümayəndəsi olan şəxs, yəni Şəxs satış rəfində olan bahalı balıq konservlərini götürmüş, onların hər birinin üzərində olan qiymətləri dəyişərək daha ucuz olan 9,50 manatlıq qiymət kağızını əlavə etmiş, bahalı balıq konservlərini ucuz balıq konservi adı ilə kassadan keçirib pulunu ödəyərək marketi tərk etmişdir. Bununla da o, 6 ədəd balıq konservini dələduzluq yolu ilə ələ keçirərək MMC-yə ümumilikdə 250 manat məbləğində maddi ziyan vurmuşdur. Dəymiş maddi ziyanın əvəzinin ödənilməsini tələb etmirlər, Şəxs ilə barışmaq niyyətləri yoxdur. Şəxs barəsində qanunla müəyyən edilmiş qaydada ciddi inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ 24-cü PŞ-nin təhqiqatçısının “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Nizami rayonu, R.Rüstəmov küçəsi, 20/25 ünvanında yerləşən “Rahat” marketə dələduzluq yolu ilə 250 manat ziyan vurmuş naməlum şəxsin gələcəkdə yeri müəyyən edildikdə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilmələri üçün qərarın surəti 24-cü PŞ-nə təqdim olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş hüquqi şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs iş üzrə dəymiş maddi ziyanı ödəməmişdir, zərərçəkmiş hüquqi şəxs isə həmin ziyanın ödənilməsini tələb etmədiklərini, xəta törədən şəxslə barışmadıqlarını göstərmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi, inzibati xətanın təkrar törədilməsini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs məhkəmədə verdiyi izahatında xx xxxxxx 2021-ci il tarixdə tutulduğunu göstərsə də, həmin hal məhkəmə tədqiqi zamanı təsdiqini tapmamışdır. İş materialları ilə müəyyən olunur ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 02:00-da 24-cü PŞ-nə gətirilmiş, həmin tarixdə saat 09:00-da onun tutulması barədə protokol tərtib edilmişdir. Ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı Şəxs faktiki saxlandığı vaxtdan, xx xxxxxx 2021-ci il saat 02:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işi ilə tanış olmaq və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla 18 manat məbləğində əmək haqqı 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçiyə dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx xxxxxx 2021-ci il saat 02:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin X3 Saxlanılma Mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar