Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-6138/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızı, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər idarəsinin baş məsləhətçi-baş əmək müfəttişi X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş materialları nəzərdən keçirib hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən “Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı, ilk növbədə, inzibati xətalar haqqında işlər üzrə icraatda inzibati xətanın törədildiyi yer və bununla bağlı ərazi üzrə məhkəmə aidiyyətinə dair prosessual normaların tətbiqində vahid mövqeyin formalaşmasının əhəmiyyətini xüsusilə qeyd etməyi vacib bilir. Belə ki, ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı qeyri-müəyyənlik məhkəmə tərəfindən inzibati tənbehin verilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində müəyyən edilmiş müddətlərin ötürülməsinə səbəb ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə 2008-ci il 14 fevral tarixli və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar). Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. Hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. İnzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Eyni zamanda İnzibati Xətalar Məcəlləsi inzibati xətalar haqqında işlərin ərazi üzrə aidiyyətinin müəyyən edilməsində baş vermiş səhvlərin aradan qaldırılması yollarını tənzimləmişdir. Belə ki, əgər məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokol və ya digər materiallar baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.5-ci maddəsi aidiyyət məsələsinə dair məhkəmə səhvinin aradan qaldırılması üçün əlavə vasitə kimi şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul etmək imkanını nəzərdə tutmuşdur.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Azərbaycan Respublikası əmək qnunvericiliyinin tələblərinə əsasən əmək münasibətlərinin yaranması üçün tərəflər arasında əmək müqaviləsi bağlanmalıdır. Eyni zamanda qanunvericilik işçinin mənafeyinin qorunması üçün işəgötürənin üzərinə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə yerləşdiilməklə dövlətə bəyan etməsini vəzifə olaraq müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələri olaraq qeyd edilmişdir. Məhkəməyə təqdim edilən inzibati xəta haqqında protokoldan və ona əlavə olnmuş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən törədilməsi ehtimal olunan inzibati xəta ondan ibarətdir ki, o, üzərinə düşən öhdəliyi icra etməyərək, yəni əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış vergi ödəyicilərinin məlumatlarından görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı kimi ünvan 1i xətanın törədilmə yeri hüquqi şəxsin hüquqi ünvanı olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən inzibati xəta haqqında işlərə baxarkən məhkəmə aidiyyətinə əməl olunmasının əhəmiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, törədilməsi ehtimal olunan Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hərəkətsizlikdə ifadə olunduğuna görə, işə hüquqi şəxs Şəxs MMC-nin hüquqi ünvanı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-6138/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-6138/2023
14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver