Məhkəmə qərarları › İş №3(007)-614/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-614/2022

11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-614/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan-Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxx 1995-ci il tarixdə Goranboy rayonunun Nadirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy rayonunun Nadirkənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 14, mənzil 12də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsindən daxil olmuş 11 mart 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 31 yanvar 2022-ci il tarixdə saat 17-18 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki 25/63 nömrəli yaşayış binasının qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs Vaqif oğluna məxsus olan 500 manat dəyərində “Tufan” markalı mopedi oğurlayaraq, xırda talama yolu ilə zərərçəkmiş şəxsə 500 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə rəisi X4 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 31 yanvar 2022-ci il tarixdə təxminən saat 17-18 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki 25/63 nömrəli yaşayış binasının qarşısında saxlanılmış “Tufan” markalı mopedi oğurlamış, mopedin bəzi işləməyən hissələrini düzəldərək kuryer kimi işləyərkən ondan istifadə etmişdir. Hazırda moped ondan alınaraq sahibinə qaytarılmışdır. Lakin zərərçəkmiş şəxs onunla barışmamışdır. Əməlindən səmimi peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs Vaqif oğlu məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə iclasında iştirakının təmin edilməsi ilə bağlı tədbirlər görülməsi zamanı mobil telefonla əlaqə saxlanılmış, o, bildirmişdir ki, ona məxsus oğurlanmış 500 manat dəyərində olan “Tufan” markalı moped özünə qaytarılsa da, mopedin oğurlanması nəticəsində bir müddət işsiz qalmış, bununla da ona maddi ziyan dəymişdir. Ona görə də inzibati xətanı törədən Şəxs ilə barışmamışdır, onun barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısının “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs Vaqif oğluna məxsus “Tufan” markalı mopedi oğurlamış şəxsin gələcəkdə yeri müəyyən edildikdə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş qərarlardan görünür ki, 15 fevral 2022-ci il tarixdə iş üzrə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati icraat başlanılmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsə məxsus “Tufan” markalı moped geri qaytarılsa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə oğurlanmış əmlakın zərərçəkmiş şəxsə qaytarılmasını və inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində ictimai iş növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə bundan başqa hesab edir ki, Şəxs inzibati tənbeh müddətinin əvvəli qərarın faktiki icraya başlandığı vaxtdan hesablanmalı, Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinin tələbinə uyğun olaraq, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı, qərarın icrası yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 180 (bir yüz səksən) saat müddətinə ictimai işlər növündə tənbeh tətbiq edilsin. Şəxs inzibati tənbeh müddətinin əvvəli qərarın faktiki icraya başlandığı vaxtdan hesablansın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Bakı probasiya idarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X3 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar