Məhkəmə qərarları › İş №3(007)-6154/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-6154/2023

30.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-6154/2023 30.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Minbaşıyev Əzizağa Feyruz oğlunun iştirakı ilə, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Minbaşıyev Əzizağa Feyruz oğlunun verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Minbaşıyev Əzizağa Feyruz oğlu Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Nizami rayon DYPŞ tərəfindən barəsində inzibati xəta haqqında №TP ******* qərar qəbul edilmişdir. Bu qərar əsassız və qanunsuzdur. Belə ki, xx.xx.2023-cü il tarixdə ona məxsus olan 90GS850 dövlət qeydiyyat nişanlı “Toyota” markalı nəqliyyat vasitəsilə (NV) Q.Qarayev prospektindən Xalqlar istiqamətində təqribi 60 km/saat sürətlə hərəkətdə olduğu zaman stop xəttə çatmağına çox az məsafə qalmış svetoforun yaşıl işığı yanıb-sönməyə başlamışdır və bu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İV hissəsinin sürücülərə verdiyi hüquqdan istifadə edərək dayanmağının mümkün olmayacağını və bunun üçün kəskin tormozlamalı olduğunu görərək hərəkətini davam etdirmişdir. Həmin məqamda öz qarşısındakı svetofor işığının hələ də qırmızı olmasına məhəl qoymayan 99ZR224 dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı NV-nin sürücüsü baş yolda hərəkətin dayanıb-dayanmamasına baxmadan, işıqforun işıqlarının dəyişib-dəyişməməsinə fikir vermədən ondan öndə olan NV-nin hərəkətə başladığını görərək onun yoluna çıxmışdır. Bu zaman onun önündəki NV sürətlə hərəkət edərək ötüb getsə də, 99ZR224 ilə ona məxsus NV toqquşmuşdur. Hadisənin ardınca tərəfindən polis əməkdaşlarına məlumat verilmişdir. Nizami DYPŞ əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2-ci maddəsi ilə (svetoforun qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) barəsində İXP5840337 nömrəli protokol tərtib olunmuşdur. Daha sonra № TP 6144640, xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Qeyd etdiyi kimi, hərəkətdə olduğu zaman və svetoforu ötüb keçdiyi anda svetoforun işıqları yaşıl olmuş və təzəcə sarıya keçmişdir. Qanunun müddəalarını nəzərə aldıqda əməlində heç bir xətanın olmaması açıq-aşkardır. Hətta tərəfindən DYP əməkdaşlarına israr edilməsi nəticəsində hadisənin videogörüntüləri əldə olunmuş və onların da iştirakı ilə görüntülərə baxış keçirilmişdir. Dəfələrlə iş üzrə materialları əldə etmək hüququnun olması vurğulansa da, DYP tərəfindən görüntülər ona təqdim edilməmiş, müxtəlif bəhanələr irəli sürülmüşdür. Çünki görüntüləri əldə etdikdən sonra haqlı olmağına dair sübutlar daha da möhkəmlənmiş olacaqdı, fəqət DYP-nin bundan çəkinmə səbəbi ona aydın olmamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İV hissəsinə əsasən, svetoforun sarı işığı yandıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. İXM 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan ibarətdir. Müraciəti nəticəsində ona inzibati xəta haqqında qərar xx.xx.2023 tarixdə təqdim olunmuşdur. Bu qərarda qeyd olunan hal gerçəyi əks etdirmədiyinə, beləliklə, onun əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Minbaşıyev Əzizağa Feyruz oğlu şikayətin məzmununa uyğun izahat vermiş və Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Minbaşıyev Əzizağa Feyruz oğlunu dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Minbaşıyev Əzizağa Feyruz oğlu xx.xx.2023-cü il tarixdə saat 12:45-də idarə etdiyi “Toyota Corolla” minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Nəticədə Minbaşıyev Əzizağa Feyruz oğlu Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən Minbaşıyev Əzizağa Feyruz oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, Minbaşıyev Əzizağa Feyruz oğlunun barəsində Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Bakı şəhəri Nizami RPİ-nə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru H.H.Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Minbaşıyev Əzizağa Feyruz oğlunun inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Bakı şəhəri Nizami RPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar