Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-62/2024 15.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 18679318 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 18679318 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18679318 saylı inzibati tənbeh vermə haqqında elektron qərarla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsilə ona 10 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli, EQ 18679318 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən inzibati xəta hadisəsinin xx.xx.2023-cü il tarixdə törədildiyi göstərilmişdir. Həmin inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir və inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilsə də, onun elektron kabinetinə həmin qərar deyil, sadəcə inzibati xəta haqqında və qərar haqqında bəzi məlumatlar yerləşdirilmişdir. Halbuki, Azərbaycan Respublikasının İXM-nin tələbinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar inzibati xətanın törədildiyi gündən bir gün müddətində elektron kabinetdə yerləşdirilməlidir, əks halda şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İXM-nin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləsdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. AR İXM-nin 122.1.-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.2, 330, 339.1- 1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Göründüyü kimi, İXM-nin 38.6-cı maddəsinin tələbinə əsasən İXM-nin elektron kabinetə inzibati xətanın törədildiyi gündən bir gün müddətində 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar haqqında və ya inzibati xəta haqqında məlumatlar deyil, məhz qərar özü yerləşdirilməlidir. Lakin inzibati orqan onun elektron kabinetinə qanunun tələblərini pozaraq qərarın özünü deyil, qərar haqqında və inzibati xəta haqqında məlumatları yerləşdirmişdir (elektron kabinetə yerləşdirilmiş həmin məlumatları əks etdirən asanpay.az portalından çıxarışlar şikayətə əlavə edilmişdir). Halbuki, inzibati tənbeh vermə haqqında elektron qərar dedikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavədə təsbit edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərar nəzərdə tutulur. 3 nömrəli əlavəyə əsasən qərarda inzibati xətanın törədildiyi yer, tarix və vaxt, qərarın çıxarıldığı yer, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatları (son dəfəmüqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi, tarixi, növbəti dövlət yoxlamasının keçirilməli olduğu vaxt) qərarı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, elektron imzası və digər zəruri məlumatlar göstərilməlidir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavədə təsbit edilmiş elektron qərarın forması şikayətə əlavə edilmişdir). Beləliklə, inzibati orqan elektron kabinetə müvafiq vəzifəli şəxsin elektron imzası ilə təsdiq edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar əvəzinə, sadəcə həmin qərar və inzibati xəta haqqında məlumatları yerləşdirmişdir. Belə olduğu halda, yəni inzibati orqan tərəfindən İXM-nin 38.6-cı maddəsinin tələbləri pozularaq inzibati xətanın törədildiyi gündən bir gün müddətində inzibati tənbeh vermə haqqında elektron qərar onun elektron kabinetinə yerləşdirilmədiyindən, o, inzibati məsuliyyətə cəlb oluna bilməz. xx.xx.2023-cü il tarixli, EQ 18679318 saylı inzibati tənbeh vermə haqqında elektron qərar elektron kabinetinə yerləşdirilmədiyindən həmin qərarın surətini şikayətə əlavə edə bilməmişdir. Odur ki, şikayətə obyektiv baxılması və bütün halların ətraflı araşdırılmasından ötrü tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətə əsasən həmin qərar məhkəmə tərəfindən əldə edilməlidir. Qərara əsasən inzibati xətanın Heydər Əliyev prospekti, "ASK Arena” stadionu yaxınlığında törədildiyini və "ASK Arena" stadionunun Bakı şəhəri Nizami rayonunda yerləşdiyini nəzərə alaraq şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair" xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verilir. Qeyd olunanları nəzərə alıb Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18679318 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs X4 elektronməhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərərək ezamiyyətdə olduğunu və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmasına baxmayaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “KİA Sorento” minik markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Heydər Əliyev prospektində (“ASK Arena” yaxınlığında) Hava Limanı istiqamətində hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini 10- 20 km/saat həddində aşmışdır. X1 Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 manat məbləğində cərimə edilmişdir. - şikayətə əlavə edilmiş “Asanpay” ödəniş portalından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar həmin tarixdə elektron kabinetə yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 328.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, EQ seriyalı 18679318 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 18679318 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-62/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-62/2024
15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver