Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-622/2023 23.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi X1, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin 3-cü ərazi X5 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin 3-cü ərazi X5 İdarəsindən daxil olmuş 18 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, 18 yanvar 2023-cü il tarixdə Nizami rayonu, Babək prospekti 30M ünvanında yerləşən "xxxx" MMC-yə məxsus mağazada keçirilən yanğın-texniki müayinəsi zamanı YTQ 01-2001; bənd 6.1-6.5, 10.4, 4.4, 9.1 tələblərinin pozulduğu müəyyən edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin 3-cü ərazi X5 İdarəsinin nümayəndəsi X3 protokolda göstərilən xüsusatları təsdiq edərək, eyni məzmunlu izahat verdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin nümayəndəsi X4 məhkəmə iclasında bildirmişdir ki, yoxlama zamanı bütün sənədlər MMC-nin müdirində olmuşdur, həmin vaxt müdir də xəstə olmuş və bu səbəbdən sənədləri təqdim edə bilməmişlər. Lakin, hazırda lazımi sənədləri təqdim edə bilərlər. Göstərilənlərin nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin 3-cü ərazi X5 İdarəsinin əməkdaşları tərəfindən 18 yanvar 2023-cü il tarixdə tərtib edilmiş 226 nömrəli aktdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 30M ünvanında yerləşən "xxxx" MMC-yə məxsus mağazada keçirilən yoxlama zamanı aşağıda qeyd olunan qanun pozuntuları aşkar edilmişdir: obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu ilə təmin olunmayıb, mərkəzi monitorinq sisteminə qoşulmayıb. Obyekt normalara uyğun odsöndürən balonlarla təmin olunmayıb. Obyektin elektrik naqilləri EQQQ-na uyğun deyil. Elektrik naqillərinin baxış aktı təqdim edilməyib. Obyektin yanğından sığorta şəhadətnaməsi təqdim edilməyib. Obyektin tavanına vurulmuş lanbir ləğv edilməyib. Obyektin pəncərələrinə vurulmuş dəmir barmaqlıqlar ləğv edilməyib. Azərbaycan Respublikasının “Yanğın təhlükəsizliyi haqqında” Qanununun 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı vəzifələri vardır: 1) yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək; 2) yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək; 3) yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək; 4) yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək; 5) yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq; 6) yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində yanğından mühafizə və yanğın nəzarəti qurumlarına köməklik göstərmək; 7) müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaq-sürtgü materialları, habelə ərzaq məhsulları və istirahət yerləri vermək; 8) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək; 9) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək; 10) yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığı, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və ya onun bölmələrinə ləngimədən məlumat vermək. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs "xxxx" MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-622/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-622/2023
23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver