Məhkəmə qərarları › İş №3(007)-6276/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-6276/2023

20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-6276/2023 20.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1985-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Abşeron Rayon Məhkəməsinin xx.xx.02016-cı il tarixli, 2(012)-411/2016 saylı icra vərəqəsindən görünür ki, Şəxs X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 108 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması qət edilmişdir. İnzibati iş üzrə materiallardan görünür ki, icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixli “icraata başlamaq haqqında” qərar ilə xx.xx.02016-cı il tarixli, 2(012)-411/2016 saylı iş üzrə icraata başlanılmış və borclu Şəxs tələbin könüllü icrası barədə məlumatlar göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X7 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Əmirov X5 rayon İcra Şöbəsinin icraatında olan xx.xx.2016-cı il tarixli, 2(012)- 411/2016 saylı icra vərəqəsinin icrası ilə bağlı 1378 manat borcu yaranmış və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru X7 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatında Şəxs barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-411/2016 saylı icra vərəqəsi üzrə icra işi mövcuddur, icra sənədinin icrasına başlanılmış və borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Borclu icra sənədi üzrə toplanmış borcdan ödənişlər etmiş, lakin borcu tam şəkildə ödəməmiş, nəticədə 1378 manat borcu yaranmışdır. İnzibati xəta haqqında protokol məhkəməyə daxil olduqdan sonra isə borclu tərəfindən yaranmış borcdan 500 manat məbləğində ödəniş edilmiş, borclunun hazırda 878 manat borcu qalmışdır. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icraatında olan icra işi üzrə yaranmış borcdan hal-hazırda 500 manat ödəmişdir, borcun ödənilməsindən yayınmır. Qalan borcu da qısa müddət ərzində ödəyəkdir. Qeyd olunanlara əsaəsn, məhkəmədən barəsindəki inizbati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X6 borclunun borcun ödənməsindən qərəzli olaraq yayınmadığını, hissə-hissə ödənişlər etdiyini, hazırda da 500 manat ödəniş etdiyini, qalan məbləği də qısa müddətdə ödəyəcəyini nəzərə alaraq məhkəmədən onun barəsindəki inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etdi. İş üzrə tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında borclu tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli qəbz ilə müəyyən olundu ki, borclu Şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-411/2016 saylı icra sənədi üzrə yaranmış borcdan 500 manat məbləğində tələbkara ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs tələbkara müəyyən məbləğlərdə ödəniş etməsi, icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X4 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 30 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar