Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-63/2024 07.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətini, həmin qərardan şikayət verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpa olunmasına dair vəsatətini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X2 Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin 20 iyul 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Bununla yanaşı X2 ayrıca vəsatətlə məhkəməyə müraciət edərək, barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan xəbəri olmadığını və qərarın surətini gec aldığına görə qanunvericilikdə nəzərdə tutulmuş qərardan şikayət vermə müddətini buraxdığını göstərmiş, buraxılmış müddətin bərpa olunaraq, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Vəsatəti, şikayəti digər iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edirəm ki, qeyd olunan vəsatət təmin edilməməli və şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, inzibati xətalar qanunvericiliyinə görə, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da, öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə, işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İXM-nin 132ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir. İstinad olunan maddənin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 noyabr 2021-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, ... inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər; 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər; 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il qərarına görə, “atılmalı olan formal addımları və şikayətin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar”. Şikayətin və ona əlavə edilən sənədlərin öyənilməsi ilə müəyyən olunur ki, X1 mübahisələndirdiyi MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar 20 iyul 2023-cü il tarixdə qəbul edilmişdir. X2 mübahisələndirdiyi həmin qərardan şikayəti 30 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə vermiş, həmin məhkəmənin 05 dekabr 2023-cü il tarixli qərardadı ilə material aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. X2 vəsatətində, barəsindəki inzibati tənbeh vermə haqqında qərardan xəbəri olmadığına, qərarın surətini gec aldığına görə qanunla nəzərdə tutulmuş şikayət vermə müddətini buraxdığını göstərmiş, lakin qərarın daha əvvəl Azərbaycan Respublikası İXM-nin İXM-nin 57.6-cı maddəsində müəyyən edilmiş qaydada ona çatdırılmadığına (almadığına), eyni zamanda qərarı rəsmi qaydada məhz hansı tarixdə aldığını təsdiq edən, habelə qərarın rəsmi qaydada verildiyi vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının üzürlü səbəbini göstərməklə bu barədə müvafiq sübutlar təqdim etməmişdir. Vəsatətdə qeyd olunan “qərarın surətinin gec alınması” mücərrəd bir ifadədir, müddət konkret zamanla ifadə olunmalı, qərarın əldə edildiyi tarixi təsdiq edən sübut mövcud olmalı, daha sonra isə prosessual müddətin buraxılmasının səbəbləri üzürlü olmalıdır. Nəzərə alınmalıdır ki, X1 buraxılmış prosessual müddətin bərpasına əsas kimi irəli sürdüyü dəlillər sübutla müşayiət edilmədiyinə görə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılmış kimi qəbul edilməsinə əsas ola bilməz, hüquqi müəyyənlik prinsipi ilə uyğunluq təşkil etmir, bu hal İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına dəlalət edir. Belə olan halda, hesab edirəm ki, 20 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzürlü səbəbdən buraxılmış hesab olunaraq, həmin müddətin bərpa edilməli olması barədə qənaətə gəlinməsi üçün qanuni əsaslar yoxdur, X1 bununla bağlı vəsatəti təmin edilməməlidir. Qərardan şikayət verilməsi üçün nəzərdə tutulan prosessual müddət ötürüldüyü, bərpası üçün əsaslar müəyyən edilmədiyi halda isə, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsi həll olunmadığından işin mahiyyəti üzrə baxılmasına keçid edilə, qərarın əsaslı olub-olmaması ilə bağlı məsələ müzakirə oluna və qərara yenidən baxıla bilməz, ona görə şikayət icraata qəbul edilmədən və mahiyyəti üzrə baxılmadan geri qaytarılmalıdır. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 57, 126, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin 20 iyul 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpa olunmasına dair vəsatəti təmin edilməsin, həmin vəsatət təmin edilmədiyindən mübahisələndirilən qərardan şikayət məhkəmənin icraatına qəbul edilmədən və mahiyyəti üzrə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-63/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-63/2024
07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver