Məhkəmə qərarları › İş №3(007)-631/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-631/2022

14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-631/2022 14.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1862/2018 saylı, 20.06.2018-ci il tarixli icra sənədini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən 14.03.2022-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1862/2018 saylı, 20.06.2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs yaranmış borca görə 25000 manat və 30 manat dövlət rüsumu X3 xeyrinə tutulması qət edilmişdir. İcra sənədi 19.08.2019-cu il tarixdə şöbədə icraata qəbul edilmiş və tələbin könüllü qaydada icrası ilə bağlı borclunun ünvanına müvafiq qaydada bildiriş göndərilmişdir. Həmin borcun ödənişi barədə ona bir neçə dəfə xəbərdarlıq edilsə də o, borcunu tam ödəməmişdir. 20.12.2021ci il tarixdə tələbkar Şövqiyyə Mahmudova Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək göstərmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1862/2018 saylı, 20.06.2018-ci il tarixli icra sənədi ilə bağlı borcdan 3000 manat pul məbləğini almışdır. Hazırda borclunun 22000 manat borcu qalmışdır. Borclu Şəxs ilə razılığa gəlmişdir. Belə ki, hər ay 1000 manat ödəniş edəcəkdir. Buna gör də icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. 07.02.2022-ci il tarixdə borclu 1000 manat məbləğində ödəniş etmişdir. Aralarında borcun hissə-hissə ödənilməsi barədə razılıq olmasına baxmayaraq borclu icra sənədi üzrə borcunu tam ödəməmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X5 izahat verərək bildirdi ki, Şəxs ona olan borcu gecikdirərək vaxtında ödəmir və bu günə 21000 manat borcu ödənilməmiş qalmışdır. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1862/2018 saylı, 20.06.2018-ci il tarixli icra vərəqəsinə əsasən ondan yaranmış borca görə 25000 manat və 30 manat dövlət rüsumu X8 qızının xeyrinə tutulmalıdır. Sonuncu dəfə 07.02.2022-ci il tarixdə 1000 manat ödəniş etmişdir. Hazırda bu günə 21000 manat borcu var. O, borcu ödəməkdən boyun qaçırmır. Borcu ödəmək üçün vaxt verilməsini xahiş edir. Məhkəmədən qərar qəbul edərkən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1862/2018 saylı, 20.06.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs yaranmış borca görə 25000 manat və 30 manat dövlət rüsumunun X8 qızının xeyrinə tutulması qət edilmişdir. - İcraata başlamaq haqqında 19.08.2019-cu-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1862/2018 saylı, 20.06.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - 20.12.2021-ci il tarixli ərizədən görünür ki, X5 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1862/2018 saylı, 20.06.2018-ci il tarixli icra sənədi üzrə Şəxs yaranmış borcundan 3000 manatı nağd olaraq təhvil almışdır. - 07.02.2022-ci il tarixli qəbzdən görünür ki, X5 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1862/2018 saylı, 20.06.2018-ci il tarixli icra sənədi üzrə Şəxs yaranmış borcundan 1000 manatı nağd olaraq təhvil almışdır. - Tərəflərin yazılı izahatlarından görünür ki, hazırda Şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1862/2018 saylı, 20.06.2018-ci il tarixli icra sənədi üzrə 21000 manat borcu vardır. Məhkəmə iclasında tərəflərin izahatı və məhkəmə araşdırmaları zamanı tədqiq olunmuş materiallarla müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1862/2018 saylı, 20.06.2018-ci il tarixli icra sənədi üzrə tələbkara ödəməli olduğu pul məbləğindən müvafiq ödənişləri həyata keçirmişdir. Lakin hazırda maddi vəziyyətinin yaxşı olmaması səbəbindən ödənişləri vaxtlı-vaxtında edə bilmir. Bununla da, müəyyən edilir ki, borclu icra sənədinin icra olunmasına yönəlmiş hərəkətləri etməklə, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmiş, bu tələblərin yerinə yetirilməsindən yayınmamışdır, hazırda da qalan borcunu ödəməkdən yayınmır. Lakin, Şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1862/2018 saylı, 20.06.2018-ci il tarixli icra sənədi üzürsüz səbəbdən icra etməməsi səbəbi ilə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən, əməlində inzibati xəta tərkibi olmadığı halda, onun barəsində əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs tərəfindən müvafiq olaraq 3000 manat və 1000 manat məbləğində ödəniş edilmişdir. İnzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında işdə olan sübutlarla Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs icra sənədləri üzrə ödənişin edilməsinin təmin olunması üçün borcundan müəyyən məbləğ tələbkara ödəniş etməsi onun icra sənədlərinin icrasından qərəzli olaraq yayınmadığına dəlalət edir və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar