Məhkəmə qərarları › İş №3(007)-633/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-633/2022

04.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-633/2022 04.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X8 oğlunun, Bakı şəhər BPİ-nin X9 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhər BPİ-nin DYPİ-nin polis baş leytenantı K.Ə.Nağiyev tərəfindən qəbul edilmiş 05.03.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər BPİ-nin DYPİ-nin polis baş leytenantı K.Ə.Nağiyev tərəfindən qəbul edilmiş 05.03.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, barəsində olan 05.03.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə cərimənin və 4 balın Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinin mərkəzi informasiya sistemindən silinməsi üçün qəbul ediləcək məhkəmə qərarının əsas olmasının həmin qərarda qeyd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər BPİ-nin DYPİ-nin polis baş leytenantı X3 tərəfindən barəsində əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə (1.1, 1.3 və 11 üfüqi nişanlanma xəttlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə) 05.03.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Qərar elektron şəkildə qəbul edilmiş və 05.03.2022-ci il tarixdə şəxsi kabinetinə yerləşdirilmişdir. Həmin qərarın kağız daşıyıcıda surəti ona 10.03.2022-ci il tarixdə Bakı şəhər BPİ-nin DYPİ-yə yaxınlaşdıqdan sonra təqdim edilmişdir. Yəni, barəsində olan inzibati xəta haqqında iş üzrə icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə müvafiq (inzibati xəta hadisəsinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi) aparılmışdır. Hesab edir ki, barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması şəraitində qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin normadan göründüyü kimi qərar və onun əlavəsi (foto, video) inzibati xətanın törəldiyi gündən 1 (bir) gün müddətində onun elektron kabinetinə yerləşdirilməli idi. Lakin o, inzibati xəta hadisəsini 04.02.2022-ci il tarixdə törətdiyi halda, barəsində İXP seriyalı, ******* saylı protokol 19 gün sonra, yəni 23.02.2022ci il tarixdə və TP ******* saylı qərar elektron qaydada 29 gün sonra, yəni 05.03.2022-ci il tarixdə qəbul edilmiş və həmin tarixdə də onun elektron kabinetinə yerləşdirilmişdir. İnzibati xəta hadisəsinin olduğu foto və video isə elektron kabinetinə əlavə edilməmiş və ona təqdim edilməmişdir. Göründüyü kimi elektron qərarın qəbul edilməsi qaydası və əsaslarını tənzimləyən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221-ci maddəsinin tələbləri kobud surətdə pozulmuş və barəsində qanunsuz qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən elektron qərar və onun əlavəsi (foto, video) inzibati xətanın törədildiyi gündən 1 (bir) gün müddətində deyil, inzibati xəta hadisəsinin törədildiyi gündən 19 gün sonra, yəni 23.02.2022-ci il tarixdə qəbul edildiyi və elektron kabinetə əlavə edildiyi üçün müddətin keçməsi ilə bağlı o, inzibati məsuliyyətdən azad edilməli və barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında Bakı şəhər BPİ-nin X9 İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, Bakı şəhər BPİ-nin DYPİ-nin YHNŞ-nin operatoru tərəfindən tərtib edilmiş raportda göstərilmişdir ki, DİN “Təhlükəsiz şəhər” xidmətinin müşahidə-nəzarət kameraları vasitəsi ilə qeydiyyata alınmış arxiv videogörüntülərinə baxış keçirilərkən 04 fevral 2022-ci il tarixdə “Hyundai” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması aşkar edilmişdir. Qanunla müəyyən edilmiş müddət keçdiyi üçün nəqliyyat vasitəsinin sürücüsü barəsində özünün iştirakı olmadan real vaxt rejimində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılaraq DİN-nin BDYPİ-nin elektron sisteminə göndərilməsi təmin olunmamışdır. Göstərilənlər nəzərə alınaraq yol hərəkəti qaydalarını pozmuş nəqliyyat vasitəsinin istifadəçisinin müəyyən olunub inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq araşdırma aparılması barədə göstəriş verilmişdir. İnzibati araşdırma başlanandan sonra videogörüntülərə baxılaraq inzibati xəta törədilməsi müəyyən olunur və vətəndaşla əlaqə saxlanılaraq məlumat göndərilir. İnzibati araşdırma aparıldığı üçün inzibati xəta haqqında protokol 23.02.2022-ci il tarixdə tərtib edilmişdir. X2 özü də inzibati xəta törətdiyini etiraf etməsinə baxmayaraq, A.R.Əlizadənin inzibati xəta törətməyini təsdiq edən videogörüntünü məhkəməyə təqdim edir. Məhkəmədən göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhər BPİ-nin DYPİ-nin YHNŞ-nin operatoru, polis serjantı Rauf Hüseynov tərəfindən tərtib edilmiş 09.02.2022-ci il tarixli raportdan görünür ki, DİN “Təhlükəsiz şəhər” xidmətinin müşahidə-nəzarət kameraları vasitəsi ilə qeydiyyata alınmış arxiv videogörüntülərinə baxış keçirilərkən 04 fevral 2022-ci il tarixdə “Hyundai” markalı, **-NF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması aşkar edilmişdir. Qanunla nəzərdə tutulmuş müddət keçdiyi üçün nəqliyyat vasitəsinin istifadəçisi barəsində özünün iştirakı olmadan real vaxt rejimində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılaraq DİN-nin BDYPİ-nin MİS-ə göndərilməsi təmin olunmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq yol hərəkəti qaydalarını pozmuş nəqliyyat vasitəsinin istifadəçisinin müəyyən olunub inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq araşdırma aparılması barədə göstəriş verilməsi xahiş olunmuşdur. - inzibati xəta haqqında iş üzrə araşdırılmanın başlanması barədə ***-**** nömrəli, 09.02.2022-ci il tarixli qərardaddan görünür ki, BPİ DYPİ YHNŞ-nin operatoru, polis serjantı Rauf Hüseynov tərəfindən müxtəlif nəqliyyat vasitələrinin sürücüləri tərəfindən aşkar edilmiş yol hərəkəti qayda pozuntularına əsasən daxil olmuş qeydə alınmış məlumatın araşdırılması üçün inzibati araşdırılma başlanılmışdır. - Bakı şəhər BPİ-nin DYPİ-nin polis baş leytenantı K.Ə.Nağiyev tərəfindən qəbul edilmiş 05.03.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər-hansı əsas müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, Bakı şəhər BPİ-nin DYPİ-nin polis baş leytenantı K.Ə.Nağiyev tərəfindən qəbul edilmiş 05.03.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər BPİ-nin DYPİ-nin polis baş leytenantı K.Ə.Nağiyev tərəfindən qəbul edilmiş 05.03.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar